Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3555/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi ailə münasibətlərinə girməklə ikinci dəfə ailə qurmuşdur. İddiaçı cavabdehlə birgə nikahda olduğu müddətdə ünvan 2ndə fərdi yaşayış evi tikdirmişdir. Belə ki, cavabdeh iddiaçının həyat yoldaşıdır. Ailə daxili narazılıq səbəbi ilə cavabdeh mənzilin açarlarını dəyişdirməklə, iddiaçını mənzilə buraxmır. İddiaçının isə başqa yaşayış yeri yoxdur. Belə ki, o, sığınacaq olaraq hər gün bir qohumunun mənzilində qalmaq məcburiyyətindədir. İddiaçı mənzilə yaxınlaşa bilmir. Belə ki, o, şərlənəcəyindən qorxur. Ən əsası mənzilin açarı iddiaçıda olmadığı üçün mənzilə girə bilmir. İddiaçıya məxsus əşyalar, geyim ləvazimatları da həmin mənzildədir. Buna baxmayaraq, evdə əşyaları ola-ola səfil vəziyyətində bir gün küçədə, bir gün qohumlarının yanında qalmasına dözə bilmir və buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mənzilin su, qaz və işıq sayğacı da iddiaçının adınadır. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı ünvan 2ndə (keçmiş Çöllük küçəsi) yerləşən nömrəsiz mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş hesabat cədvəlindən müəyyən olunur ki, İddiaçı (tikinti sahibi) tərəfindən ünvan 2 ünvanında inşa edilmiş, ümumi sahəsi 60.52 m2 olan fərdi yaşayış evinin inventar dəyəri 14524 manat məbləğində hesablanmışdır. Mediasiya Şurasının Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞB/11/2023-01831 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı mənzilə köçürülmə və mənzilə istifadə hüququnun tanınmasına dair xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, qarşı tərəfə (Cavabdeh) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə çatdırılmışdır), onun mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2526 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsi (keçmiş Çöllük küçəsi), nömrəsiz evdə qeydiyyatsız yaşayır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, hakim köməkçisi X2) tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində (keçmiş Çöllük küçəsi) yerləşən nömrəsiz mənzilə xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə göy rəngli dəmir darvazanın olduğu, darvazadan həyətə daxil olduqda qarşıda evin olduğu müəyyən olunur. Evin dəmir qapısı olduğu, dəmir qapıdan içəri girəndə isə qarşıda sanitar qovşaq müəyyən olunur. Qapıdan sağ tərəfdə bir yataq otağı, onun yanında isə bir qonaq otağı olduğu müəyyən olunur. Evin dəmir qapısından sol tərəfdə isə mətbəx olduğu müəyyən olunur. Otaqların içərisinin əşyalarla dolu olduğu müəyyən olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, tərəflər rəsmi nikah münasibətində olmaqla, müəyyən müddət mübahisə predmeti olan mənzildə yaşasalar da, hazırda iddiaçı yaşadığı mübahisəli evdən məhrum edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının tələbi mübahisə predmetinə hər hansı əşya hüququnun tanınması deyil, məhz məhrum olduğu mənzilə köçürülməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş hesabat cədvəlindən müəyyən olunur ki, mübahisə predmeti olan mənzilin sahibi İddiaçıdur. Onun köçürülmək istədiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin ev özbaşına tikilidir. Belə olan halda, həmin tikili barəsində qanuni rejim tətbiq olunana qədər tikiliyə xərc çəkmiş şəxsin tikilinin taleyini həll etmək hüququ vardır. İddiaçının həmin evdə nə qədər müddət yaşayıbyaşamamasından asılı olmayaraq özbaşına tikilidən istifadə etmək, orada yaşamaq hüququ vardır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik də özbaşına tikilidən istifadə və sahibliyi yox, ona dair sərəncam verməni qadağan etmişdir. İddiaçının yaşayış yerindən məhrum edilməsinin qanuni olub-olmamasına münasibətdə məhkəmə qeyd edir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Ev özbaşına tikili olduğundan nə iddiaçı, nə də cavabdeh həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Odur ki, pozuntunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (evdə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən məhkəməyə 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli və ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində (keçmiş Çöllük küçəsi) yerləşən nömrəsiz mənzilə köçürülməli, ödənilmiş 50 manat məbləğində dövlət Cavabdeh tutularaq İddiaçı ödənilməli və ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində (keçmiş Çöllük küçəsi) yerləşən nömrəsiz mənzilə köçürülsün. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3555/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3555/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver