Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-358/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 və Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X13) qarşı “müqavilənın və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh (üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “müqavilənın və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 24 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.1992-ci il tarixli dəyişmə müqaviləsinin və həmin notariat işinin içərisində olan, onun adından verilmiş razılıq ərizəsinin etibarsız sayılması, Cavabdeh adına olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə mülkiyyət və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” y/s, 10 saylı evin, 28 saylı mənzili 30/4429 saylı, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 şəxsi mülkiyyətində olmuş və ailə üzvləri ilə birlikdə burada pasport qeydiyyatında olmuşdur. X3 mülkiyyətində olmuş yuxarıda qeyd olunan yaşayış sahəsi 18 dekabr 1992-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Bakı şəhəri 24 saylı dövlət notariat ofisində qaynanası X4 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi 2 “a” saylı evin 4 saylı mənzili ilə dəyişdirilmişdir. Dəyişdirilmiş bu mənzil Bakı şəhəri 40 saylı dövlət notariat ofisində 22 yanvar 2004-cü il tarixdə 224872 №-li alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzili qaynanısının vəfatından sonra vərəsəlik hüquqi ilə tam olaraq 1/2 hissədə X8 və 1/2 hissədə Cavabdeh adlarına keçmişdir. 27 aprel 2021-ci il tarixdə ən nəhayət ki, Cavabdeh həyat yoldaşının (iddiaçının) yaşlı, köməksiz olmasından, istifadə edərək guya ki, doğma qardaşı kimi ona inanmasını israr edərək aldatmış və ona Bakı şəhəri 37 saylı dövlət notariat ofisində ərizə və miras payın bağışlanması barədə müqaviləni imzalatmağa nail olmuşdur. Beləliklə, Cavabdeh çoxdan arzuladığı məkirli siyasətinə nail olmuşdur. Onun Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzilinin qaynanası X4 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi 2 “a” saylı evin 4 saylı mənzili ilə dəyişdirilməsindən məlumatı olmamış, Bakı şəhəri 24 saylı dövlət notariat ofisində 18 dekabr 1992-ci il tarixli dəyişmə müqaviləsinə onun onun adımdan verilmiş razılıq ərizəsindəki imza saxtalaşdırılmışdır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli mənzil əslində onun (iddiaçının) qohumları və ərinin hesabına alınmış mənzil olmuşdur. Həmin vaxt o, əri ilə birlikdə qayınanasının evində yaşamış, qaynı olan cavabdeh isə yeni evlənmişdi. Ağır xərçəng xəstəsi olan qayınanası onlara demişdir ki, o və əri onunla qayınanasına məxsus evdə yaşasın, qaynı olan və həmin vaxtlar kirayədə yaşayan cavabdeh isə onun (iddiaçının) ərinin adına olan kooperativ mənzilə köçsün. Cavabdeh ərinin qardaşı olduğuna görə buna heç bir etiraz etməmişlər. Bundan sonra cavabdeh ərinin adına olan kooperativ mənzildə yaşamağa başlamışdır. Ərinin mülkiyyətində olan həmin mənzil 1992-ci ildə dəyişmə müqaviləsinə əsasən qayınanası X5 mülkiyyətində olan mənzillə dəyişdirilmişdir. Lakin bu dəyişmədən o, 2021-ci ilin aprel-iyun aylarında xəbər tutmuşdur. Belə ki, həmin vaxtlar ərinin çox bikef halda gəzdiyini görmüş, səbəbini soruşduqda əri ona demişdir ki, özünə məxsus kooperativ mənzil 1992-ci ildə anasının (iddiaçının qayınanasının) mülkiyyətinə dəyişdirmə əsasında keçirilmiş, qayınanası öldükdən sonra həm cavabdehə, həm də ərinə 1/2 hissədə miras payı tanınmış, lakin əri öz payından qardaşının xeyrinə imtina etmişdir. O, bu xəbəri eşitdikdə çox hiddətlənmiş, bu məsələlərdən niyə onun xəbərinin olmadığını soruşmuşdur. Həmin evi çox böyük əziyyətlərlə əldə etmələrinə baxmayaraq, əgər cavabdeh ondan halallıq istəsə idi, o, həmin evin halallığını cavabdehə verərdi. Lakin cavabdeh, əksinə, ona zəng edən qardaşına telefonda demişdir ki, onun heç kimə halallıq borcu yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil alınan ilk gündən cavabdeh qaynı həmin mənzildə yaşamışdır. Qaynının bu illər ərzində onlara məxsus mənzildə yaşamasına ona görə etiraz etməmişdir ki, həm qeyd olunan mənzilə ehtiyacları olmamış, həm də fikirləşmişdir ki, ərinin adına birgə nikah dövründə əldə olunan mənzildir və onsuz da gələcəkdə uşaqlarına qalacaq. Cavabdeh onun ərinin sakit təbiətindən istifadə edərək, həmin mənzilə dair miras payından imtina etməyə məcbur etmişdir. Elə bütün bu məsələlər də bundan sonra ortaya çıxmışdır. Qayınanasına məxsus olmuş və ərinin adına qeydiyyatdan keçən mənzili (hansı ki, o, qaynanası ilə birlikdə yaşamışdır) qayınanası öz əmlakı kimi satmışdır. Həmin mənzilin satışından əldə olunan pulu uşaqları arasında bölmüş, sonra isə ölənədək onlara məxsus Bayıl qəsəbəsində yerləşən mənzildə yaşamış və çox ağır xərçəng xəstəsi olmasına baxmayaraq, o, qayınanasına axıradək baxmış, qulluğunda dayanmış, çox əziyyətini çəkmişdir. Cavabdeh olan qaynı isə bir gün olsun anasına baxmamışdır. O, ərindən mübahisəli mənzilə olan miras payından imtina barədə eşitdikdə bunun mümkün olmadığını, həmin mənzilin onlara məxsus olduğunu demiş, əri isə həmin mənzilə dair dəyişdirmə müqaviləsi bağlandığını demişdir. Bunu bildikdən dərhal sonra notariat orqanına müracət edərək sənədləri toplamış və sənədləri əldə edəndən sonra məhkəməyə müraciət etmişdir. Qanuna görə mülkiyyət hüquqları ilə bağlı iddia müddəti tətbiq edilmədiyindən iddia müddətini ötürməmişdir. Hesab edir ki, dəyişdirmə müqaviləsindən indi xəbər tutduğu, razılıq ərizəsindəki imzanın ona məxsus olmadığı nəzərə alınaraq həmin müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. İddiaçının 30 ildən uzun müddət ərzində dəyişdirmə müqaviləsindən məlumatsız olması inandırıcı deyil. Digər tərəfdən, dəyişdirmə müqaviləsi ilə iddiaçının ərinin adına da mənzil keçmişdir. İddiaçı bu qədər müddət ərzində ərinin adına mənzil olmadığını bilməyə bilməzdi. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
5. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş X13 iddiaçının izahatını təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş üçün şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı rayon İcra Hakimiyyəti) xx.xx.1988ci il tarixli, 12 saylı qərarının orderdən görünür ki, X8 adına Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı kooperativ dair verilmiş və ailə üzvlərinin arvadı - İddiaçı, qızı - X14 və qızı - X15 olduğu qeyd edilmişdir.
8. İddiaçı adından Bakı şəhəri 24 nömrəli notariat kontoruna ünvanlanmış xx.xx.1992-ci il tarixli ərizənin surətindən görünür ki, onun həyat yoldaşı X11 məxsus mənzilin qayınanası X6 məxsus mənzillə dəyişdirilməsinə etirazı olmamışdır.
9. X13 və X9 arasında bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsinin surətindən görünür ki, X11 məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı kooperativ mənzili X6 məxsus ünvan 2 ünvanında yerləşən mənzillə dəyişdirilmişdir.
10. X13 və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X13 Bakı şəhəri 37 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-24 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anaları X2 miras qalmış Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1993-cü il tarixdə X6 verilmiş 30/1899 qeydəalma nömrəsi ilə 28 nömrəli kitabın 4429-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 42.62 m2, 3 otaqlı mənzildən özünə düşən 1/2 payını qardaşı Cavabdeh bağışlamışdır.
11. İddiaçı X13 tərəfindən Cavabdeh qarşı qaldırılmış “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, ərizə xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx.xx.2021-ci ildə ünvan 4 ünvanında 37 saylı notariat kontorunda onunla Cavabdeh arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Şaumyan VVAQ tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş, İİİ-JQ seriyalı, 269542 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X12 arasında xx.xx.1982-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 250 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Qasımova soyadı verilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/1515 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X7 adından 24 saylı notariat kontoruna ünvanlanmış xx.xx.1992-ci il tarixli ərizənin sonundakı imza İddiaçı tərəfindən yox, başqası tərəfindən icra edilmişdir. İşin faktiki halları.
14. İddiaçı xx.xx.1982-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olmuşdur. İş üzrə cavabdeh X13 isə iddiaçının ərinin qardaşıdır.
15. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti (həmin vaxt Orconikidze rayon X19 İcraiyyə Komitəsi) tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli orderlə ünvan 5 ünvanında yerləşən mənzil ailə üzvləri ilə (arvadı İddiaçı və iki qızı) birlikdə X11 verilmişdir.
16. ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının əri Vaqif Qasımov və iş üzrə Cavabdeh anası X6 məxsus olmuşdur.
17. xx.xx.1992-ci il tarixdə Vaqif Qasımov və anası Tahirə Qasımova arasında mənzillərin dəyişdirilməsinə dair müqavilə bağlanmış, bu müqaviləyə əsasən Vaqif Qasımova məxsus ünvan 5 ünvanında yerləşən mənzil Tahirə Qasımovaya məxsus ünvan 2 ünvanında yerləşən mənzillə dəyişdirilmişdir. Notariat qaydasında bağlanmış bu müqavilənin bağlanmasına İddiaçı adından razılıq ərizəsi verilmişdir.
18. xx.xx.2011-ci il tarixdə Tahirə Qasımova vəfat etmişdir. Ondan miras qalmış ünvan 5 ünvanında yerləşən mənzil üzərində mərhumun oğlu olan vərəsələri Vaqif Qasımov və Cavabdeh hər birinə 1/2 payda vərəsəlik hüququ tanınmışdır. Vaqif Qasımov anasından qalmış miras əmlak üzərində vərəsə kimi hüququnu təsdiq edən qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni aldığı gün miras əmlak üzərindəki 1/2 hissədə payını qardaşı Cavabdeh bağışlamışdır.
Tətbiq edilən hüquq.
19. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965-ci ildə qüvvəyə minmiş, xx.xx.1999-cu il tarixli qanuna əsasən qüvvədən düşmüşdür).
Maddə 44. Qanunun tələblərinə müvafiq olmayan əqdin etibarsızlığı. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. Maddə 73. Ümumi iddia müddətləri. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddətinin tətbiq edilməsinin məcburiliyi. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Maddə 78. İddia müddəti axımının başlanğıcı. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 230. Yaşayış evinin alqı-satqı müqaviləsinin forması. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli X19nin icraiyyə komitəsində qeydə alınmalıdır. Maddə 244. Dəyişmə müqaviləsi. Dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alqı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Dəyişmə müqaviləsində tərəflərdən biri və ya hər ikisi dövlət təşkilatı olduqda, həmin müqavilə ancaq SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda bağlana bilər.
20. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi (Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdə qüvvədən düşmüşdür).
Maddə 23. Ər-arvadın ümumi birgə mülkiyyəti. Ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Nikah müddətində qazanılmış əmlakın ər-arvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır. Maddə 25. Ümumi əmlaka rəftar qaydası. Ər-arvadın biri əqd bağladıqda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin əmlakın mütləq notarial təsdiq tələb edən özgəninkiləşdirilməsi üçün ər-arvadın digərinin razılığı yazılı şəkildə ifadə edilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarında göründüyü kimi, İddiaçı əri Vaqif Qasımov iddiaçı ilə birgə nikahı dövründə ünvan 4 ünvanında yerləşən mübahisəli mənzili əldə etmişdir. Yəni bu mənzil, onların birgə nikahı dövründə əldə edilmiş, ümumi birgə mülkiyyətlərində olan əmlak olmuşdur. Vaqif Qasımov 1992-ci ildə həmin mənzilin anası Tahirə Qasımovaya məxsus başqa bir mənzillə dəyişdirilməsinə dair notariat qaydasında dəyişdirmə müqaviləsi bağlamışdır. Mənzil iddiaçı ilə ərinin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan və müqavilə həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı olduğundan dəyişdirmə müqaviləsi ilə bağlı notariat işinə İddiaçı adından imzalanmış müqavilənin bağlanmasına razılıq ərizəsi də əlavə edilmişdir.
23. Hazırkı iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adından imzalanmış xx.xx.1992-ci il tarixli həmin razılıq ərizəsindəki imza onun tərəfindən icra olunmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində verilmiş ekspert rəyində ərizənin sonundakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir.
24. Elə İddiaçı da iddiasını bu halla əsaslandırmış, mübahisəli mənzilin əri ilə birgə nikahı dövründə əldə edilməsinə baxmayaraq, mənzilin qayınanasına məxsus mənzillə dəyişdirilməsinə dair müqavilə bağlandığı zaman ona məlumat verilmədiyini, razılığının alınmadığını, notariat işində olan onun adından verilmiş razılıq ərizəsinin isə özü tərəfindən imzalanmadığını iddia etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan ekspert rəyi əsasında mübahisəli müqavilə bağlanarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinin pozulduğu, İddiaçı etibarlı yazılı razılığı olmadan onun əri ilə birgə nikahı dövründə əldə edilmiş mənzilin özgəninkiləşdirildiyi müəyyən olunmuşdur.
25. Belə ki, yuxarıda (§ 20) istinad edilmiş və mübahisəli dəyişdirmə müqaviləsinin bağlandığı 1992-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 25-ci maddəsində qeyd edilmişdir ki, ər-arvadın biri əqd bağladıqda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin əmlakın mütləq notarial təsdiq tələb edən özgəninkiləşdirilməsi üçün ər-arvadın digərinin razılığı yazılı şəkildə ifadə edilməlidir. Yenə yuxarıda (§ 19) istinad edilmiş və mübahisəli müqavilənin bağlandığı tarixdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 44-cü maddəsində göstərilmişdir ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır.
26. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli dəyişdirmə müqaviləsi iddiaçının qanunla müəyyən edilmiş razılığı olmadan bağlandığından bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas var.
27. Lakin işin xüsusi halı ondan ibarətir ki, iddiaçının mübahisələndirdiyi dəyişdirmə müqaviləsi 1992-ci ildə bağlanmışdır, yəni iddiaçı, bu müqavilənin bağlanmasından 30 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Elə cavabdeh tərəfin əsas mübahisələndirdiyi məsələ də bununla bağlı olmuş, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizələr təqdim edilmişdir.
28. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, mübahisəli müqavilənin bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən fərqli olaraq, iddia müddətinin tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edildiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə, cavabdeh tərəfin bununla bağlı ərizə təqdim edib-etməməsindən asılı olmayaraq, iddia müddətinin tətbiqi ilə bağlı məsələni həll etməlidir.
29. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan SSR Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmadığından mübahisəyə həmin Məcəllədə nəzərdə tutulmuş ümumi iddia müddəti tətbiqi edilməlidir. Belə ki, Məcəllənin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç ildir. Bu Məcəllənin 78ci maddəsində isə qeyd edilir ki, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.
30. Deməli, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinin həlli mübahisəli müqavilənin bağlanmasından neçə il keçməsindən yox, İddiaçı mübahisəli mənzillə bağlı hüququnun pozulduğunu hansı vaxtdan bildiyi və ya bilməli olmasından asılıdır. Bu baxımdan məhkəmə hesab edir ki, yalnız müqavilənin 30 il bundan əvvəl bağlanmış olması faktı əsasında iddiaçının bu müddət ərzində hüquqlarının pozulduğunu mütləq bildiyi və ya bilməli olduğu ehtimal edilə, bu ehtimal əsasında iddia müddətinin ötürüldüyü nəticəsinə gəlinə bilməz.
31. İş materiallarından görünür ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının əri Vaqif Qasımovun və iş üzrə Cavabdeh anaları Tahirə Qasımova 2011-ci ildə ölsə də, ondan miras qalmış əmlak üzərində mərhumun vərəsələrinin pay hüququ 2021-ci ildə qeydiyyata alınmışdır. İddiaçı hazırda mübahisələndirdiyi və həqiqətən onun razılığı olmadan bağlandığı müəyyən olunan dəyişdirmə müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən mənzil iddiaçının qayınanası Tahirə Qasımovanın mülkiyyətinə keçdiyindən və ölənə qədər onun mülkiyyətində qaldığından həmin mənzil onun ölümündən sonra iki oğluna hər birinə 1/2 pay olmaqla qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Hər iki oğul (iddiaçının əri və qaynı) qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni analarının ölümündən 10 ilə yaxın müddət keçdikdən sonra, eyni gündə xx.xx.2021-ci il tarixdə almışdır. Elə həmin gün iddiaçının əri Vaqif Qasımov miras əmlak üzərində özünə məxsus 1/2 hissədə payını qardaşı Cavabdeh bağışlamışdır. 2022-ci ildə Vaqif Qasımov həmin bağışlamanın etibarlılığını mübahisələndirsə də, iddiası təmin edilməmişdir.
32. İddiaçı iddia etmişdir ki, əri Vaqif Qasımovun mübahisəli mənzil üzərindəki miras payını qardaşına bağışlayıb, sonra bundan peşman olduğu 2021-ci ilin aprel-iyun aylarına qədər onun 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsindən məlumatı olmamış, sözügedən mənzilin ərinin mülkiyyətində qalmaqda davam etdiyini hesab etmişdir. İddiaçının dediyinə görə, əri Vaqif Qasımov miras əmlakla bağlı məsələnin gündəmə gəldiyi 2021-ci ilədək ona 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsi ilə bağlı heç nə deməmişdir.
33. Məhkəmə hesab edir ki, hazırkı işin halları baxımından İddiaçı mübahisəli mənzilin 1992-ci il tarixli dəyişdirmə müqaviləsindən həqiqətən 2021-ci ildə miras payın bağışlanması məsələsi ortaya çıxanadək məlumatsız ola bilərdi. Ona görə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, dəyişdirmə müqaviləsinin bağlandığı 1992-ci ildən əvvəl də, müqavilənin bağlanmasından sonra da həmin mənzildə Cavabdeh yaşamışdır. Cavabdeh hazırda da həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Yəni müqavilənin bağlanmasından keçən 30 il ərzində mübahisəli mənzil üzərində mülkiyyət hüququ ilə bağlı belə müqavilənin bağlanmasından məlumatsız olan (adından saxta imza çəkildiyinə görə ən azından müqavilə bağlandığı vaxt iddiaçının bundan məlumatsız olduğu qəbul edilməlidir) iddiaçını şübhələndirəcək heç bir hadisə baş verməmiş, hadisələr eyni axarda davam etmişdir.
34. Eyni səbəbdən bu müqavilədən məlumatsız olan iddiaçı, qayınanası öldüyü vaxt ərinə mübahisəli mənzildən miras pay düşdüyünü də güman edə bilməzdi, çünki dəyişdirmə müqaviləsindən məlumatsız olan iddiaçı üçün o mənzil qayınanasının yox, ərininin mülkiyyətində olmalı idi.
35. Beləliklə, hazırkı işin halları baxımından məhkəmə hesab edir ki, İddiaçı aradan keçən 30 il müddətində mübahisəli dəyişdirmə müqaviləsinin mövcudluğunu bildiyi və ya bilməli olduğunu hesab etmək mümkün deyil. Əksinə, arvadına məlumat verib onun razılığını almaq əvəzinə, onun imzasını saxtalaşdırmağı seçən (buna yol verən) üçüncü şəxs Vaqif Qasımovun uzun illər ərzində iddiaçıya bu məsələdən bəhs etməkdən çəkindiyini, mənzildən istifadə edən şəxs heç vaxt dəyişmədiyindən iddiaçının mənzilin mülkiyyətçisinin kimliyi ilə bağlı şübhəyə düşməsinə, dolayısı ilə bu məsələnin ər-arvad arasında müzakirə edilməsinə ağlabatan əsas olmadığını hesab etmək mümkündür. Digər tərəfdən, iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə məhz 2022-ci ildə müraciət etməsi də təsadüfi görünmür. Belə ki, 2021-ci ilə qədər mənzilin mülkiyyətçisi iddiaçının 2011-ci ildə vəfat etmiş qayınanası Tahirə Qasımova olmuşdur. Mərhumdan miras qalan mübahisəli mənzil üzərində iki oğlunun miras payları 2021-ci ildə müəyyən edilmiş, iddiaçının əri öz payını həmin ildə cavabdehə bağışlamış, növbəti 2022-ci ildə bu bağışlamanın etibarsızlığını mübahisələndirmiş, həmin iddia rədd edildikdən sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
36. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı əri Vaqif Qasımovla birgə nikahı dövründə əldə edilmiş ünvan 4 ünvanında yerləşən mənzilin onun razılığı olmadan dəyişdirilməsinə dair xx.xx.1992-ci il tarixli müqavilədən həmin mənzil üzərində miras pay bölgüsünün aparıldığı 2021-ci ilədək məlumatsız olmuş, mənzil üzərində hüquqlarının pozulduğunu 2021-ci ildə bilmiş, müqavilənin bağlandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsində müəyyən edilmiş üç illik ümumi iddia müddəti daxilində müqavilənin etibarsız hesab edilməsinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aparılmış məhkəmə araşdırması nəticəsində mübahisəli müqavilənin Azərbaycan SSR Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin tələblərinə riayət etmədən bağlandığı, iddiaçının etibarlı yazılı razılığı olmadan mənzilin özgənkiləşdirildiyi müəyyən edilmişdir. Odur ki, xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsi, eləcə də bu müqavilənin bağlanması üçün iddiaçının adından verilmiş ərizə etibarsız hesab edilməli, müqavilə əsasında Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.
37. Məhkəmə, bu cür nəticəyə gələrkən nəzərə almışdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı, “X22rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
38. Lakin tələbin iddiaçının mənzil üzərində istifadə və mülkiyyət hüququnun tanınması hissələrində məhkəmə iddianı əsassız hesab edir. Belə ki, iddiaçının özünün mənzil üzərində qeydə alınmış mülkiyyət hüququ heç vaxt olmamış, o, sadəcə olaraq ərinin adına qeydə alınmış mənzil birgə nikah dövründə alındığına görə mənzilin gözlənilən birgə mülkiyyətçisi olmuşdur. Hazırkı qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin vəziyyət bərpa ediləcəyindən iddiaçı mənzil üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi payının müəyyən edilməsini gələcəkdə tələb edə bilər. Bu halda istifadə hüququnun tanınmasına isə heç bir zərurət yoxdur. Odur ki, mənzil üzərində iddiaçının mülkiyyət və istifadə hüququnun tanınması hissəsində iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
39. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
40. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspert tədqiqatının dəyəri 110 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ekspertiza xərci cavabdehə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
42. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X13 və X10 arasında Bakı şəhəri 24 nömrəli dövlət notariat kontorunda bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsi və bu müqavilənin bağlanması üçün İddiaçı adından verilmiş razılıq ərizəsi etibarsız hesab edilməli, ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Cavabdeh adına verilmiş çıxarış ləğv edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 110 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
43. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X13 və X10 arasında Bakı şəhəri 24 nömrəli dövlət notariat kontorunda bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsi və bu müqavilənin bağlanması üçün İddiaçı adından verilmiş razılıq ərizəsi etibarsız hesab edilsin. ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Cavabdeh adına verilmiş çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 110 (yüz on) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva