Məhkəmə qərarları › İş №2(103)-1414/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1414/2024

06.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1414/2024 06.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: razılıq ərizəsinin və müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənın və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-358/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 09.06.1982-ci il tarixdə Qasımova (Səfərova) Səadət Fikrət qızı (bundan sonra “iddiaçı”) ilə X12 (bundan sonra “üçüncü şəxs”) arasında nikah bağlanmışdır. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının qaynı, yəni ərinin (üçüncü şəxsin) qardaşıdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti (həmin vaxt Orconikidze rayon X16 İcraiyyə Komitəsi) tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli order ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzili ailə üzvləri ilə (iddiaçı və iki qızı) birlikdə üçüncü şəxsə verilmişdir. Bakı şəhəri, X.Məmmədov küçəsində yerləşən 2a saylı evin, 4 saylı mənzil isə iddiaçının qaynanası Tahirə Qasımovaya (cavabdehin və üçüncü şəxsin anasına) məxsus olmuşdur. xx.xx.1992-ci il tarixdə üçüncü şəxs və onun anası Tahirə Qasımova arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş mənzillərin dəyişdirilməsinə dair müqaviləyə əsasən üçüncü şəxsə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayı sahəsi, 10 saylı evin, 8 saylı mənzili Tahirə Qasımovanın, Bakı şəhəri, X.Məmmədov küçəsi, 2 a saylı evin, 4 saylı mənzil ilə üçüncü şəxsin mülkiyyətinə keçmişdir. İddiaçının adından verilmiş ərizəyə əsasən bu müqavilənin bağlanmasına razılıq verilmişdir. xx.xx.2011-ci il tarixdə Tahirə Qasımova vəfat etmişdir. Ondan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 10 saylı evin, 8 saylı mənzilindən onun vərəsələri olan cavabdeh və üçüncü şəxsin hər biri vərəsəlik qaydasında 1/2 hissədə pay almışdılar. Üçüncü şəxs anasından qalmış miras əmlak üzərində vərəsə kimi hüququnu təsdiq edən qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni aldığı gün, yəni xx.xx.2021-ci il tarixdə miras əmlaka olan payını (1/2 hissədə) cavabdehə bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1515 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən notarial qaydasında təsdiqlənmiş dəyişdirmə müqaviləsinin bağlanmasına iddiaçı tərəfindən verilmiş razılıq ərizəsindəki imzanın iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiаçı İddiaçı Cavabdeh qarşı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 24 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.1992-ci il tarixli dəyişmə müqaviləsinin və həmin notariat işinin içərisində olan, onun adından verilmiş razılıq ərizəsinin etibarsız sayılması, Cavabdeh adına olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə mülkiyyət və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” y/s, 10 saylı evin, 28 saylı mənzili 30/4429 saylı, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X4 şəxsi mülkiyyətində olmuş və ailə üzvləri ilə birlikdə həmin mənzildə pasport qeydiyyatında olmuşdular. X4 mülkiyyətində olmuş yuxarıda qeyd olunan yaşayış sahəsi xx.xx.1992-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Bakı şəhəri 24 saylı dövlət notariat ofisində qaynanası X5 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi, 2 “a” saylı evin 4 saylı mənzili ilə dəyişdirilmişdir. Dəyişdirilmiş bu mənzil Bakı şəhəri 40 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 224872 nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzili qaynanısının vəfatından sonra vərəsəlik hüquqi ilə tam olaraq 1/2 hissədə X8 və 1/2 hissədə Cavabdeh adına keçmişdir. 27 aprel 2021-ci il tarixdə ən nəhayət ki, Cavabdeh həyat yoldaşının (iddiaçının) yaşlı, köməksiz olmasından, istifadə edərək guya ki, doğma qardaşı kimi ona inanmasını israr edərək, aldatmış və ona Bakı şəhəri 37 saylı dövlət notariat ofisində ərizə və miras payın bağışlanması barədə müqaviləni imzalatmağa nail olmuşdur. Beləliklə, Cavabdeh çoxdan arzuladığı məkirli siyasətinə nail olmuşdur. Onun Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzilinin qaynanası X5 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi, 2 “a” saylı evin, 4 saylı mənzili ilə dəyişdirilməsindən məlumatı olmamış, Bakı şəhəri 24 saylı dövlət notariat ofisində 18 dekabr 1992-ci il tarixli dəyişmə müqaviləsinə onun adından verilmiş razılıq ərizəsindəki imza saxtalaşdırılmışdır.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı mənzillərin dəyişdirilməsi müqaviləsinə verdiyi razılıq ərizəsinin saxtalaşdırılması ilə bağlı heç bir sübut təqdim edə bilmədiyindən onun mövqeyi tamamilə əsassızdır. İddiaçının mübahisələndirdiyi əqd 1992-ci il tarixdə bağlanmışdır. Müqavilə tərəflərindən biri iddiaçının əri olduğundan və onlar həmin tarixdən indiyədək biryerdə yaşadığından 30 il öncə bağlanılmış həmin müqavilədən indiyədək məlumatsız olması mümkün deyildir. Bununla da iddiaçı dəyişmə müqaviləsini mübahisələndirmək üçün Mülki Məcəllə ilə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür və o, bu hüququnu itirmişdir. Bundan başqa iddiaçı xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarlılığını da şübhə altına almışdır. Birincisi, bağışlanmanın mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Digər tərəfdən, belə mübahisələndirmə onun qardaşı tərəfindən artıq irəli sürülmüş müvafiq iddia tələbi üzrə digər bir məhkəmə mübahisəsinin predmeti olmuşdur və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixində onun xeyrinə qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir.

5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət edərək, ərizəni iddia ərizəsinə qarşı etirazın iddia müddətinin tətbiqi ilə bağlı dəlillərinin məzmununa uyğun əsaslandırmış və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir.

6. Məhkəmənin təşəbbüsü ilə X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 358/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X12 və X9 arasında Bakı şəhəri 24 nömrəli dövlət notariat kontorunda bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsinin və bu müqavilənin bağlanması üçün İddiaçı adından verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 110 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X13)

8. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, işin faktiki hallarında göründüyü kimi, İddiaçı əri Vaqif Qasımov iddiaçı ilə birgə nikahı dövründə ünvan 1 ünvanında yerləşən mübahisəli mənzili əldə etmişdilər. Yəni bu mənzil, onların birgə nikahı dövründə əldə edilmiş, ümumi birgə mülkiyyətlərində olan əmlak olmuşdur. Vaqif Qasımov 1992-ci ildə həmin mənzilin anası Tahirə Qasımovaya məxsus başqa bir mənzillə dəyişdirilməsinə dair notariat qaydasında dəyişdirmə müqaviləsi bağlamışdır. Mənzil iddiaçı ilə ərinin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan və müqavilə həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı olduğundan dəyişdirmə müqaviləsi ilə bağlı notariat işinə İddiaçı adından imzalanmış müqavilənin bağlanmasına razılıq ərizəsi də əlavə edilmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı adından imzalanmış xx.xx.1992-ci il tarixli həmin razılıq ərizəsindəki imza onun tərəfindən icra olunmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində verilmiş ekspert rəyində ərizənin sonundakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Elə İddiaçı da iddiasını bu halla əsaslandırmış, mübahisəli mənzilin əri ilə birgə nikahı dövründə əldə edilməsinə baxmayaraq, mənzilin qayınanasına məxsus mənzillə dəyişdirilməsinə dair müqavilə bağlandığı zaman ona məlumat verilmədiyini, razılığının alınmadığını, notariat işində olan onun adından verilmiş razılıq ərizəsinin isə özü tərəfindən imzalanmadığını iddia etmişdir. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan ekspert rəyi əsasında mübahisəli müqavilə bağlanarkən həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinin pozulduğu, İddiaçı etibarlı yazılı razılığı olmadan onun əri ilə birgə nikahı dövründə əldə edilmiş mənzilin özgəninkiləşdirildiyi müəyyən olunmuşdur. Mübahisəli dəyişdirmə müqaviləsinin bağlandığı 1992-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 25-ci maddəsində qeyd edilmişdir ki, ər-arvadın biri əqd bağladıqda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin əmlakın mütləq notarial təsdiq tələb edən özgəninkiləşdirilməsi üçün ər-arvadın digərinin razılığı yazılı şəkildə ifadə edilməlidir. Mübahisəli müqavilənin bağlandığı tarixdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 44-cü maddəsində göstərilmişdir ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli dəyişdirmə müqaviləsi iddiaçının qanunla müəyyən edilmiş razılığı olmadan bağlandığından bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas var.

9. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirirərək qeyd etmişdir ki, mübahisəli müqavilənin bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsindən fərqli olaraq, iddia müddətinin tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq edildiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə, cavabdeh tərəfin bununla bağlı ərizə təqdim edib-etməməsindən asılı olmayaraq, iddia müddətinin tətbiqi ilə bağlı məsələni həll etməlidir. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan SSR Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə bağlı xüsusi iddia müddəti nəzərdə tutulmadığından mübahisəyə həmin Məcəllədə nəzərdə tutulmuş ümumi iddia müddəti tətbiqi edilməlidir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinin həlli mübahisəli müqavilənin bağlanmasından neçə il keçməsindən yox, İddiaçı mübahisəli mənzillə bağlı hüququnun pozulduğunu hansı vaxtdan bildiyi və ya bilməli olmasından asılıdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, yalnız müqavilənin 30 il bundan əvvəl bağlanmış olması faktı əsasında iddiaçının bu müddət ərzində hüquqlarının pozulduğunu mütləq bildiyi və ya bilməli olduğu ehtimal edilə, bu ehtimal əsasında iddia müddətinin ötürüldüyü nəticəsinə gəlinə bilməz. İş materiallarından görünür ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının əri Vaqif Qasımovun və iş üzrə Cavabdeh anaları Tahirə Qasımova 2011-ci ildə ölsə də, ondan miras qalmış əmlak üzərində mərhumun vərəsələrinin pay hüququ 2021-ci ildə qeydiyyata alınmışdır. İddiaçı hazırda mübahisələndirdiyi və həqiqətən onun razılığı olmadan bağlandığı müəyyən olunan dəyişdirmə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının qayınanası Tahirə Qasımovanın mülkiyyətinə keçdiyindən və ölənə qədər onun mülkiyyətində qaldığından həmin mənzil onun ölümündən sonra iki oğluna hər birinə 1/2 pay olmaqla qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Hər iki oğul (iddiaçının əri və qaynı) qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni analarının ölümündən 10 ilə yaxın müddət keçdikdən sonra, eyni gündə - xx.xx.2021-ci il tarixdə almışdır. Elə həmin gün iddiaçının əri Vaqif Qasımov miras əmlak üzərində özünə məxsus 1/2 hissədə payını qardaşı Cavabdeh bağışlamışdır. 2022-ci ildə Vaqif Qasımov həmin bağışlamanın etibarlılığını mübahisələndirsə də, iddiası təmin edilməmişdir. İddiaçı iddia etmişdir ki, əri Vaqif Qasımovun mübahisəli mənzil üzərindəki miras payını qardaşına bağışlayıb, sonra bundan peşman olduğu 2021-ci ilin aprel-iyun aylarına qədər onun 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsindən məlumatı olmamış, sözügedən mənzilin ərinin mülkiyyətində qalmaqda davam etdiyini hesab etmişdir. İddiaçının dediyinə görə, əri Vaqif Qasımov miras əmlakla bağlı məsələnin gündəmə gəldiyi 2021-ci ilədək ona 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı işin halları baxımından İddiaçı mübahisəli mənzilin 1992-ci il tarixli dəyişdirmə müqaviləsindən həqiqətən 2021-ci ildə miras payın bağışlanması məsələsi ortaya çıxanadək məlumatsız ola bilərdi. Ona görə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, dəyişdirmə müqaviləsinin bağlandığı 1992-ci ildən əvvəl də, müqavilənin bağlanmasından sonra da həmin mənzildə Cavabdeh yaşamışdır. Cavabdeh hazırda da həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Yəni müqavilənin bağlanmasından keçən 30 il ərzində mübahisəli mənzil üzərində mülkiyyət hüququ ilə bağlı belə müqavilənin bağlanmasından məlumatsız olan (adından saxta imza çəkildiyinə görə ən azından müqavilə bağlandığı vaxt iddiaçının bundan məlumatsız olduğu qəbul edilməlidir) iddiaçını şübhələndirəcək heç bir hadisə baş verməmiş, hadisələr eyni axarda davam etmişdir. Eyni səbəbdən bu müqavilədən məlumatsız olan iddiaçı, qayınanası öldüyü vaxt ərinə mübahisəli mənzildən miras pay düşdüyünü də güman edə bilməzdi, çünki dəyişdirmə müqaviləsindən məlumatsız olan iddiaçı üçün o mənzil qayınanasının yox, ərininin mülkiyyətində olmalı idi. Beləliklə, hazırkı işin halları baxımından məhkəmə hesab etmişdir ki, İddiaçı aradan keçən 30 il müddətində mübahisəli dəyişdirmə müqaviləsinin mövcudluğunu bildiyi və ya bilməli olduğunu hesab etmək mümkün deyil. Əksinə, arvadına məlumat verib onun razılığını almaq əvəzinə, onun imzasını saxtalaşdırmağı seçən (buna yol verən) üçüncü şəxs Vaqif Qasımovun uzun illər ərzində iddiaçıya bu məsələdən bəhs etməkdən çəkindiyini, mənzildən istifadə edən şəxs heç vaxt dəyişmədiyindən iddiaçının mənzilin mülkiyyətçisinin kimliyi ilə bağlı şübhəyə düşməsinə, dolayısı ilə bu məsələnin ər-arvad arasında müzakirə edilməsinə ağlabatan əsas olmadığını hesab etmək mümkündür. Digər tərəfdən, iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə məhz 2022-ci ildə müraciət etməsi də təsadüfi görünmür. Belə ki, 2021-ci ilə qədər mənzilin mülkiyyətçisi iddiaçının 2011-ci ildə vəfat etmiş qayınanası Tahirə Qasımova olmuşdur. Mərhumdan miras qalan mübahisəli mənzil üzərində iki oğlunun miras payları 2021-ci ildə müəyyən edilmiş, iddiaçının əri öz payını həmin ildə cavabdehə bağışlamış, növbəti 2022-ci ildə bu bağışlamanın etibarsızlığını mübahisələndirmiş, həmin iddia rədd edildikdən sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Eyni zamanda, məhkəmə iddia tələbini mənzil üzərində istifadə və mülkiyyət hüququnun tanınması hissələrində əsassız hesab etmişdir. Belə ki, iddiaçının özünün mənzil üzərində qeydə alınmış mülkiyyət hüququ heç vaxt olmamış, o sadəcə olaraq ərinin adına qeydə alınmış mənzil birgə nikah dövründə alındığına görə mənzilin gözlənilən birgə mülkiyyətçisi olmuşdur. Hazırki qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin vəziyyət bərpa ediləcəyindən iddiaçı mənzil üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi payının müəyyən edilməsini gələcəkdə tələb edə bilər. Bu halda istifadə hüququnun tanınmasına isə heç bir zərurət yoxdur. Odur ki, mənzil üzərində iddiaçının mülkiyyət və istifadə hüququnun tanınması hissəsində iddia təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 44-cü, 73-cü, 77-ci, 78-ci, 230-cu, 244-cü, Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 23-cü, 25-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən iddiaçının vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində dəyişdirilmiş mənzilin – yəni X.Məmmədov küçəsi, 2 “a” saylı evin, 4 saylı mənzilinin Bakı şəhəri 40 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 224872 nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirildiyini qeyd etmişdir. Məhkəmə isə həmin faktla bağlı heç bir araşdırma aparmamışdır. Əgər araşdırma aparılmış olsaydı, müəyyən edilərdi ki, 2004-cü ildə sözügedən mənzilər mülkiyyətində olduğu üçün və iddiaçı ilə ərinin birgə nikah dövründə əldə edilmiş mənzil statusunda olduğu üçün, həmin mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılıq ərizəsi tələb olunmalı idi. Bəyəm bu cür iddialar uydurub müxtəlif yalançı bəhanələrlə məhkəmələrə təqdim edən tərəf 2004-cü ildə kimin evinə qeydiyyata düşdüyünü qeydiyyat zamanı görməyib? Bundan sonra, uzun illər boyu müxtəlif məsələlərlə bağlı, o cümlədən özlərinin və uşaqlarının şəxsiyyət vəsiqələrini dəyişdirərkən Günəşlidəki mənzilin idarə edicisindən arayışlar alarkən mənzilin kimin adında olduğunu görməyib? Necə ola bilər ki, mənzil yiyəsi olduğunu iddia edən insan 30 ildə bir dəfə bu mənzilə baş çəkməsin, bir dəfə maraqlanmasın? Bu hallarla da sübut olunur ki, iddiaçı artıq 19 il əvvəl də - 2004-cü ildə 1992-ci il tarixli dəyişmə müqaviləsindən xəbərdar olmuşdur. Nəzərə alınsa ki, iddiaçı iddia ərizəsində mənzilin 2004-cü ildə satılmasını fakt kimi qeyd edir, deməli həmin vaxt ərinin mülkiyyətində olan mənzilin özgəninkilədirilməsinə razılığı olmuşdur. Lakin məhkəmə öz qətnaməsində bu halı ümumiyyətlə araşdırmamış, hüquqi qiymət verməmişdir. İş üzrə iddia müddəti tətbiq edilməli olduğu halda məhkəmə iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu və bildiyi anı düzgün müəyyənləşdirməmişdir. İddia müddəti ilə bağlı arqumentlərə xələl gətirmədən, məsələnin mahiyyətinin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, imza saxtalaşdırıldığı iddia edilən 1992-ci il tarixli əqdin bu iş üzrə cavabdehə heç bir hüquqi aidiyyəti yoxdur. Həmin əqd iddiaçının əri və ərinin anası arasında bağlanmışdır. O, hüquqi baxımdan mənzilə hüququnu vərəsəlik əsasında əldə etmişdir. Bu vərəsəlik üzrə keçidin qanuniliyi isə başqa bir məhkəmə aktı ilə yoxlanılıb və təsdiq edilib. Bu isə o deməkdir ki, bu iş üzrə cavabdeh o ola bilməz. Hətta imza saxtalaşdırmasının həqiqətən baş verdiyini güman etsək belə, bu halın onun hüquqlarının yaranma əsaslarına heç bir aidiyyəti yoxdur. Məhkəmənin işin bu təməl halını belə düzgün təhlil etməməsi, ümumiyyətlə, nəzərə almaması qətnamənin ləğvi üçün öz-özlüyündə bir əsasdır. 1992-ciil tarixli dəyişdirmə müqaviləsi əslində, onun 1987-ci ildə öz qaynatasının ilkin vəsaitləri ilə aldığı mənzili, qardaşı Qasımov Vaqif faktiki olaraq onunla dəyişdirmək əvəzinə öz anası ilə dəyişdirmişdir. Belə ki, Əhmədli qəsəbəsindəki X. Məmmədov küçəsi, 2a saylı evin, 4 saylı mənzili Azərbaycanlılar arasında qəbul edildiyi kimi əslində evin kiçik oğluna – ona qalmalı, böyük oğul – X18 (iddiaçının əri) oğlu isə başqa mənzilə keçməli idi. Lakin böyük qardaş olan Qasımov Vaqif onu aldadaraq uşaqlı olduğunu və kirayədə yaşaya bilməyəcəyini bildirib ondan hələlik kirayədə qalmağı xahiş etmişdir. Əlavə olaraq, Qasımov Vaqif qeyd etmişdir ki, tezliklə özünə ev alacaq və aldığı evə köçəcək və o da adət-ənənə tələb etdiyi kimi Əhmədlidəki ata evinə yaşamaq üçün qayıdacaqdır. Sonra böyük qardaş Qasımov Vaqif, belə anlaşılır ki, əvvəldən hər hansı ev almaq fikri olmadığından, və qardaşının bu məsələni dəfələrlə soruşmasından sonra görüntü yaratmaq üçün sadəcə ev növbəsinə durmuş, lakin növbə çatdıqda ödəniş etməkdən və həmin evi alıb ora köçməkdən boyun qaçırmışdır. O da böyük qardaşının ev almayacağını anlayıb, kirayədə qalmamaq üçün həmin evi öz həyat yoldaşının atasının vəsaitləri (o vaxtki 5000 manat) hesabına ilkin ödənişini edib satın alır. Sonrakı müddət ərzində də, təbii ki, evin bütün qiymətini tam öz vəsaitləri hesabına ödəyib. İddiaçılar bu evə bir manat belə vermələri barədə hər hansı sübut təqdim etməyiblər və edə də bilməzlər. Halbuki iddiaçı kimi bu onların vəzifəsidir. Daha sonra 1992-ci ildə yenə onu yanıldaraq Əhmədlidəki ev böyük qardaş olan Qasımov Vaqifin, Günəşlidəki ev isə Qasımova Tahirənin, yəni qardaşların anasının adına rəsmiləşdirilir. Buna da səbəb o olur ki, o, öz qardaşından fərqli olaraq, ilkin dəyişdirmədə aldadıldığını bəlkə də düşünsə də, ən son gününə qədər anasının hörmətini saxlayır və bütün qohumlar və yaxınları tərəfindən dəfələrlə bildirilməsinə baxmayaraq, rəhmətə getdiyi günə qədər mənzili anasının adından öz adına keçirmir. Bu hərəkətin anasını incidəcəyini düşünür. İddiaçının ərinin öz anasına münasibətini isə bir sözlə ifadə etmək olar – bu insan heç anasının dəfn mərasimində belə iştirak etməyib. Məhkəmə araşdırmır ki, 2004-cü ildə iddiaçı və əri Əhmədlidəki evi özgəninkiləşdirib nə ediblər. Ata yurdunun özgəninkiləşdirilməsi müqaviləsi bağlanarkən iddiaçının əri ona və iki bacıya bir qəpik belə təklifedibmi, veribmi? Cavab isə xeyr-dir. Əlavə olaraq da, iddiaçının əri anasına məxsus həmin mənzilin qarajını, Nardaran qəsəbəsindəki bağı və nəqliyyat vasitəsini də təxminən o vaxtlarda özününkiləşdirir. Və nə o, nə onların iki bacısı bu məsələdə iddiaçı tərəfə heç bir maneçilik göstərmir və onlara yenə də bir qəpik belə pay, halallıq təklif edilmir və verilmir. Əksinə, o və onun həyat yoldaşı gedib notariusda Əhmədlidəki evin satışına şəxsi imzalarını atırlar və bu satışa razılıq bildirirlər. İddiaçının əri Əhmədlidəki evin də pulu ilə Badamdar qəsəbəsində özünə villa tikdirir – və yenə də onu köməyə çağırır. O, tikinti mühəndisi olduğu üçün villanın da qardaşı üçün tikilməsinə rəhbərlik edir. Hazırda da iddiaçı və əri onun zəhməti ilə tikilmiş həmin villada yaşayırlar. Əhmədlidəki mənzili satdıqdan sonra villası tikilməmişdən qabaq qeydiyyata düşməyə yerinin yoxluğunu və villa tikildikdən sonra isə sənədinin də olmadığını bəhanə edərək iddiaçının əri yenə ondan xahiş edir ki, müvəqqəti olaraq Günəşlidəki mənzilə ailəsi ilə birlikdə qeydiyyata düşsün. O, yenə qardaşına inanaraq bu icazəni verir. Çünki 2004-də onu aldadaraq onun evində qeydiyyata düşən iddiaçı və əri daha sonra bu evdən qeydiyyatdan çıxmağı müxtəlif bəhanələrlə uzadırlar. Hətta heç aidiyyəti olmayan insanları belə bu evə qeydiyyata salmağa çalışırlar. X2 “arvadına məlumat verib onun razılığını almaq əvəzinə, onun imzasını saxtalaşdırmağı seçən (buna yol verən)” şəxs kimi istinad edilir. Halbuki, məhkəmə bu halları qəbul edirdisə, X11 üçüncü şəxs kimi deyil, iş üzrə cavabdeh kimi tanımalı idi. Belə ki, sözügedən dəyişmə müqaviləsinin tərəfləri X12 ilə anası olmuşdur. Göründüyü kimi, məhkəmə işin bu prosessual tərəfinə də aydınlıq gətirməmişdir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin, iddiaya qarşı yazılı etirazın və iddia müddətinin tətbiqi edilməsi barədə ərizənin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, o cümlədən ötən illər ərzində iddiaçıya dəyişdirmə müqaviləsi barədə hər hansı məlumat vermədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə bu üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin: 44-cü maddəsinə əsasən etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir; 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir; 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur; 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir; 244-cü maddəsinə əsasən dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alqı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Dəyişmə müqaviləsində tərəflərdən biri və ya hər ikisi dövlət təşkilatı olduqda, həmin müqavilə ancaq SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda bağlana bilər.

20. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin (Azərbaycan SSR-nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdə qüvvədən düşmüşdür): 23-cü maddəsinə əsasən ər-arvadın nikah müddətində qazandıqları əmlak onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilibedilməməsindən asılı olmayaraq, ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdir. Nikah müddətində qazanılmış əmlakın ər-arvaddan birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır; 25-ci maddəsinə əsasən ər-arvadın biri əqd bağladıqda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Lakin əmlakın mütləq notarial təsdiq tələb edən özgəninkiləşdirilməsi üçün ər-arvadın digərinin razılığı yazılı şəkildə ifadə edilməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir; 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır; 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəssinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq iddianın rədd edilməsinin xahiş olunması, habelə iddia üzrə tələblərin birinin-digərinə bağlılığı (əsas və törəmə), onların mahiyyəti və birinci instansiya məhkəməsinin bu tələblərin hər birinə verdiyi hüquqi qiymət nəzərə alınaraq qətnamə yalnız iddianın təmin edilən hissəsində deyil, tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, o cümlədən cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyini də nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin qardaşı arvadıdır. Tərəflər arasında yaranmış mübahisənin əsasında xx.xx.1992-ci il tarixdə iddiaçının əri ilə qayınanası arasında bağlanmış dəyişdirmə müqaviləsi durur. Belə ki, həmin dəyişdirmə müqaviləsinə əsasən iddiaçının ərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 10 saylı evin, 28 saylı mənzili ilə iddiaçının qayınanasına məxsus Bakı şəhəri, X.Məmmədov küçəsində yerləşən 2a saylı evin, 4 saylı mənzil dəyişdirilmişdir. Bu müqavilənin bağlanması üçün iddiaçının yazılı razılığı da mövcuddur. Həmin müqaviləyə əsasən iddiaçının ərinin mülkiyyətinə keçmiş 4 saylı mənzil 2004-cü ildə onlar tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçının qayınanası 2011-ci ildə ölmüş, ondan miras qalmış 28 saylı mənzil üzərində iddiaçının qaynanasının qanun üzrə vərəsələri olan iddiaçının əri və cavabdehin ½ hissədə pay hüququ yaranmışdır. Lakin həmin mənzilə onların pay hüququ 2021-ci ildə qeydiyyata alınmış və bu əmlak üzərində vərəsəlik hüququnu təsdiq edən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin alındığı gün iddiaçının əri öz payını qardaşına, yəni cavabdehə bağışlamışdır. Lakin sonradan, yəni 2022-ci il tarixdə bu bağışlamanın etibarsızlığını məhkəmə qaydasında mübahisələndirsə də, onun iddiası təmin edilməmişdir.

29. Hazırda iddiaçı xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsinin onun razılığı və məlumatı olmadan bağlanıldığını, onun adından verilmiş razılıq ərizəsinin onun tərəfindən yazılmadığını və imzalanmadığını bildirərək, həmin ərizənin və müqavilənin etibarsız olduğunu iddia edir. Qeyd edilən ərizədə olan imzanın iddiaçıya məxsus olub-olmadığının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticəsi olaraq tərtib edilmiş 4/1515 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən həmin imzanın iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş və əsas götürərək, nəticədə razılıq ərizəsini və onun əsasında bağlanmış dəyişdirmə müqaviləsini etibarsız hesab etmiş, mənzillə bağlı aparılmış mülkiyyət hüququ haqqında qeydi (çıxarışı) isə ləğv etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq vurğulayır ki, iddiaçı 1982-ci il tarixdən bu günədək cavabdehin qardaşı (üçüncü şəxslə) ilə rəsmi nikahda və etibarlı ailə münasibətlərindədir. Onların faktiki olaraq ayrılması və birgə təsərrüfat aparmaması müəyyən edilmir. Onlar məhkəmə iclaslarına da birgə gəlir və eyni mövqedən çıxış edirlər. Bu baxımdan iddiaçının 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsi barədə məlumatsız olması nəinki ağlabatan və inandırıcı deyil, ümumiyyətlə istisna olnur. Hər bir halda, bu müqavilə formal olaraq bağlanmamış, real olaraq icra edilmiş və nəticədə iddiaçı ailə üzvləri ilə birlikdə dəyişdirilmiş, yəni 4 saylı mənzilə daşınmış, 28 saylı mənzildə isə onun qaynanası (ölənə kimi) ilə cavabdeh (30 ildən artıq müddət ərzində, hazırki vaxtadək) yaşamışdır. Lakin cavabdehin 28 saylı mənzildə yaşadığı 30 ildən artıq müddət ərzində iddiaçının bu halın aradan qaldırılması, o cümlədən mənzilin onlara qaytarılması ilə bağlı ərinə və ya cavabdehə hər hansı formada pretenziya etməsi, bu zəmində aralarında mübahisənin yaranması müəyyən edilmir. Halbuki, iddiaçının hazırki mövqeyi ötən 30 il ərzində onun bu məsələyə aydınlıq gətirilməsi üçün tədbirlər görməməsini, ən azı 4 saylı mənzilə köçmələrinin səbəblərini araşdırmamasını və 28 saylı mənzilin hüquqi müqəddaratı, o cümlədən onların mülkiyyətində qalıb-qalmaması ilə maraqlanmamasını birmənalı şəkildə istisna edir. Başqa sözlə, hazırki mövqedən çıxış edən iddiaçı onların mülkiyyətində olmasını bildiyi halda, 30 ildən artıq müddət ərzində cavabdehin bu mənzildə yaşamasına sadəcə olaraq imkan verməzdi.

31. Məhkəmə kollegiyası öz mövqeyinə uyğun olaraq o halı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əri dəyişdirmə nəticəsində əldə edilmiş 4 saylı mənzili 2004-cü ildə satmış və bunun nəticəsi olaraq, onlar həmin mənzili tərk edərək, yeni mülkiyyətçiyə təhvil vermişdilər (iddiaçı satıldıqdan sonra da mənzilin onlarda qaldığını bildirmir). Qanunvericiliyin tələblərinə uyğun olaraq bu əqdin bağlanmasına razılığın verilməsi baxımından iddiaçı da bu prosesin iştirakçısı olmuşdur. Qeyd edilənlər, nəinki iddiaçıda (xüsusilə də onun iddia etdiyi kimi, dəyişdirmə barədə tam məlumatsız olduğu bir halda), ümumiyyətlə hər bir anlaqlı insanda bir sıra, o cümlədən həmin mənzilin hansı vaxtdan və hansı qaydada onların mülkiyyətinə keçməsi, mülkiyyətlərində olan digər mənzilin nə vaxtadək cavabdehin istifadə və sahibliyində qalacağı barədə suallar yaratmış olur ki, onların hər birinin cavabında birmənalı şəkildə 28 saylı mənzilin artıq onların mülkiyyətində olmaması barədə məlumat öz yerini alır. Belə ki, üçüncü şəxs bu məlumatı iddiaçıdan gizlətsə də (hər halda bu mövqedən çıxış edir), cavabdehin, habelə Tahirə Qasımovanın bunu gizlətməsinin hər hansı əsası müəyyən edilmir. Digər tərəfdən bu mənzilin satılması iddiaçı və onun ailəsinin mənzilə olan ehtiyacını artırmış olur və bu baxımdan 28 saylı mənzilin cavabdehdən geri tələb edilməsini şərtləndirir. Başqa sözlə, ən azı mənzilə yaranmış ehtiyac bu məsələlərin aydınlaşdırılmasını zəruri etməli idi.

32. Buna baxmayaraq, 4 saylı mənzil satıldlqdan sonra da iddiaçı və üçüncü şəxs 28 saylı mənzillə bağlı cavabdehə qarşı hər hansı, o cümlədən mənzlin təhvil verilməsi tələbini irəli sürmür. Həmin mənzilin səbəbsiz və ani surətdə satılması ilə bağlı da hər hansı fikir söylənilmir, bu da öz növbəsində həmin mənzilin satılması iddiaçı və üçüncü şəxsin düşünülmüş bir addımı olduğunu təsdiq edir. İddiaçı bu mənzilin onun qaynanası tərəfindən satılması barədə mövqeydən çıxış etsə də, bu halı sübuta yetirə bilmir. Halbuki, bu mövqeyin özü də yenə də iddiaçı və onun əri tərəfindən 28 saylı mənzilin geri tələb edilməsinin zəruriliyinə gətirib çıxarır. Əks halda, inandırıcı görüməyən və iddiaçının hazırki mövqeyinə, habelə onun ərinin (üçüncü şəxsin) cavabdehə qarşı irəli sürdüyü iddianın mahiyyətinə zidd olan belə bir vəziyyət yaranmış olur ki, iddiaçının qaynanası tərəfindən 4 saylı mənzil satılır, nəticədə iddiaçı və üçüncü şəxs mənzilsiz qalır, lakin bütün bunlara baxmayaraq onlar mülkiyyətlərində olan mənzili cavabdehdən tələb etmirlər. Başqa sözlə, belə çıxır ki, iddiaçı 4 saylı mənzilin satılmasından əldə edilmiş vəsaitdən ailəsi ilə birlikdə faydalanır (iddiaçı bu vəsaitin onun qaynanası tərəfindən götürülməsini də sübuta yetirə bilmir), 28 saylı mənzilin də onun ərinin mülkiyyətində olmasına əmin olmaqda davam edir, lakin bu halları yoxlamır, o cümlədən 30 ildən artıq müddət ərzində bir dəfə olsun belə bu mənzilin çıxarışını görmək arzusuna düşmür (iddiaçı onlarda bügünədək əvvəlki, köhnə qeydiyyat vəsiqəsinin olmasını da bildirmir), mövcud olan mənzillərin hər ikisinin nəticə etibarı ilə onun ərinə verildiyini və cavabdehin hüquqən mənzilsiz qaldığını şərt kimi qəbul edir, lakin bu məsələləri, əri, qaynanası, xüsusilə də cavabdehin özü ilə dəqiqləşdirmir.

33. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının mübahisəli mənzildə cavabdehlə birlikdə yaşayan qaynanası 2011-ci ildə vəfat etmişdir. Belə olan halda, 2021ci ildə mənzilin yarısına olan hüquqlarını əsassız olaraq (artıq bu halı təsdiq edən qanuni qüvvəsini almış qətnamə mövcuddur) mübahisələndirən üçüncü şəxsin həmin mənzili tam şəkildə öz mülkiyyətinə qaytarmaq üçün dəyişdirmə müqaviləsi barədə iddiaçıya məlumat verməməsi və bu yolla hələ 2011-ci ildə hazırki iddianın qaldırılması üçün tədbir görməməsi də inandırıcı deyil. Belə ki, həmin mənzilin miras əmlak olaraq rəsmiləşdirilməsi və iddiaçının əri ilə cavabdehin hər birinin bu əmlakın ½ hissəsinə vərəsəlik hüququnun tanınması xx.xx.2021-ci il tarixdə baş vermiş, həmin tarixdə də üçüncü şəxs öz payını cavabdehə bağışlamışdır. Lakin bundan 2 ay sonra bu bağışlamanın etibarsızlığını məhkəmə qaydasında mübahisələndirmiş, lakin iddiası uğursuz olmuşdur. Hazırki iddia da iddiaçı tərəfindən məhz bundan sonra qaldırılmışdır.

34. Bununla belə, məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə və aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq, belə qənaətə gəlir ki, xx.xx.1992-ci il tarixdə dəyişdirmə müqaviləsinin bağlanmasından sonrakı 30 ildən artıq müddət ərzində, yəni bügünədək mübahisəli mənzildən fasiləsiz və bariz şəkildə cavabdehin istifadə etməsi (orada yaşaması), iddiaçının və üçüncü şəxsin həmin mənzillə bağlı cavabdehə qarşı hər hansı tələb irəli sürməməsi, onlarda mənzilə dair hər hansı sənədin olmaması, habelə yuxarıda göstərilən digər hallar iddiaçının bu mənzilin onun ərinin mülkiyyətindən çıxması barədə tam məlumatlı olmasını və hazırki iddianın hüquqi nəticə etibarı ilə ərinin iddiasının uyğursuz olmasından sonra məhz əmlakın onun mülkiyyətinə bu yolla qaytarılmasına nail olmaq məqsədi ilə qaldırılmasını təsdiq edir. İddiaçı ən pis halda, 2004-cü ildən etibarən bunu bilmiş və ötən dövr ərzində onun mənzillə bağlı hər hansı tələb irəli sürməməsi (hüquqi nəticə etibarı ilə susması), onun həmin əqdi bəyənməsi kimi qiymətləndirilməlidir. Bu da öz növbəsində razılıq ərizəsinin iddiaçı tərəfindən yazılmadığı təqdirdə belə, həmin razılıq ərizəsinin və əqdin göstərilən səbəblərdən etibarsız hesab edilməsini istisna edir və iddianın bu hissədə rədd edilməsini şərtləndirir. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsinin mövqeyindən, yəni əks mövqeydən çıxış edilməsi və mövcud vəziyyətdə iddiaçının imzasının olmamasının birmənalı şəkildə onun əqdin bağlanmasına razılığının olmaması və nəticə etibarı ilə bu əqdi sonradan bəyənməməsi kimi qiymətləndirilməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

35. Bu baxımdan razılıq ərizəsinin iddiaçı tərəfindən imzalnmamasını təsdiq edən ekspert rəyinə hüquqi qiymət verilməsinə də hər hansı zərurət qalmır.

36. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən dəyişdirmə müqaviləsinin tərəfi olmamış və həmin müqavilə əsasında mənzilin mülkiyyətçisinə çevrilməmişdir. Bu müqavilənin bir tərəfi - Tahirə Qasımova 2021-ci ildə vəfat etmiş, digər tərəfi - Vagif Qasımov isə ümumiyyətlə cavabdeh qismində müəyyən edilməmiş, məhkəmə tərəfindən yalnız üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bu mənzil cavabdehin mülkiyyətinə yalnız 2021-ci ildə, vərəsəlik qaydasında və bağışlama müqaviləsinə əsasən keçmişdir. Bu baxımdan cavabdeh hüquqi nəticə etibarı ilə bu iddiaya cavab verməli olan şəxs deyil.

37. Məhkəmə kollegiyası hər bir halda qeyd edir ki, hazırki mövqe, o cümlədən iddiaçının mübahisəli mənzilin onun ərinin mülkiyyətindən çıxmasını bildiyi//bilməli olduğu// (müqavilənin bağlandığı 1992-ci ildən 2004-cü ildə dəyişdirilmiş mənzilin satılması da nəzərə alınmaqla, mübahisəli mənzilin mülkiyyətçisinin vəfat etdiyi 2011-ci il tarixədək dövr ərzində) müddət iddianın iddia müddəti tətbiq edilməklə də rədd edilməsi üçün əsas yaradır və bunun üçün cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə hər hansı zərurət yoxdur. Belə ki, mübahisəli hüquq münasibətlərinin 1992-ci ildə yaranması hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir. Həmin qanunvericiliyə əsasən isə iddia müddəti cavabdeh tərəfindən bu barədə hər hansı ərizə verilmədən, məhkəmə tərəfindən tətbiq edilir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinin də əsassız olduğunu təsdiq edir.

38. Məhkəmə kollegiyası iddianın “ərizənin və müqavilənin etibarsız hesab edilməsi” hissəsinin əsas, “çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinin isə bu tələbə münasibətdə törəmə tələb olduğunu, bu tələbin təmin edilibedilməməsinin bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılı olduğunu, əsas tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia “çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” hissəsində də əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsi bu tələbləri rədd etsə də, tam fərqli mövqedən çıxış etmiş və hüquq normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya şikayəti üzrə qətnamənin ləğv edilməsinin tələb edilməsi, təmin edilməməsinə baxmayaraq, bu tələblərə də hüquqi qiymətin verilməsini zəruri edir.

39. Beləliklə, məhkəmə kollegiyası yuxarıda nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-358/2023 saylı qətnaməsi “iddianın qismən təmin edilən və rədd edilən” hissələrində ləğv ediməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.

40. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edildiyindən ekspert tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, dövlət gəlirlərinə alınmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-358/2023 saylı qətnaməsi “iddianın qismən təmin və rədd edilən” hissələrində ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “müqavilənın və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar