Məhkəmə qərarları › İş №2(010)-3583/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3583/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3583/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab etmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli nikah aktına əsasən onun oğlu X6 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı bir övladı doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və xx.xx.2017-ci il doğumlu X5 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan fərdi yaşayış evinə köçürülməsini təmin etmişdir. xx.xx.2019-cu il tarixdə aralarında Bakı şəhəri 17 saylı xüsusi notariat ofisində barışıq sazişi bağlanmış, o və oğlu X1 Yetər Akif qızına 10000 (on min) manat kompensasiya ödəmiş, Cavabdeh iddiadan imtina etmiş, evə köçürülmə ilə əlaqədar heç bir tələbi və iddiasının olmadığını, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin məhz bu bəndini icra etməkdən imtina etmişdir. Belə ki, qeydiyyatdan çıxmaqdan imtina edir. Buna görə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək, iddianın təmin olunmamasını xahiş edib, mübahisəli mənzildə heç vaxt yaşamadığını, lakin qeydiyyatdan çıxmaq üçün kompensasiya tələb etdiyini bildirdi. Cavabdeh hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Belə ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehə növbəti məhkəmə iclasının vaxtı barədə məlumat verilmiş,cavabdeh məhkəmə bildirişin kötüyünə imza etməklə məhkəmə iclası barədə bildirişi qəbul etmişdir. Buna baxmayaraq, cavabdeh təyin edilmiş vaxtda məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatınıdinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı, 161878 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 mənzil 6 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında xx.xx.1998-ci il tarixdə 30/144543 qeydəalma nömrəsi ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2723/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh övladı xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli barışıq sazişinin surətindən görünür ki, X6 və Cavabdeh aralarında barışıq sazişi bağlamışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki: 1. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2723/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü övladı X8 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. 2. X6 və Cavabdeh barışıq sazişini barışıq sazişini bağlayırlar ondan ötrü ki, Cavabdeh öz iddiasından imtina edir və evə köçürülmə ilə əlaqədar heç bir tələbi və iddiasının olmadığını bildirir. X6 isə öz növbəsində kompensasiya şəklində ona 10000 (on min) manat pulu notariusun depozit hesabı vasitəsilə ödəyir. 3. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evini tərk etməyi və həmin evin pasport qeydiyyatından çıxmağı və cehiz əşyalarını 10 gün ərzində götürməyi öz öhdəsinə götürür. Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 63 saylı Mənzil- Kommunal İstismarı sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 618 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/49 məh.ev 7, mənzil 6-da qeydiyyatdadır. Lakin qonşuların aktına əsasən qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. İşin məhkəmə tərəfindən araşdırılması nəticəsində müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki: Cavabdeh ünvan 5 mənzil 6 ünvanında qeydiyyatdadır. ünvan 5 mənzil 6 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu hallar işin mübahisələndirilməyən halları olmaqla iş materialları ilə tam sübut olunur. Bundan başqa, işin mübahisələndirilməyən bir digər halı ondan ibarətdir ki, Cavabdeh qeydiyyatda olduğu ünvan 6 ünvanında faktiki olaraq yaşamamış, evə formal olaraq qeydiyyata alınmışdır. Belə ki, cavabdehin özünün əvvəlki məhkəmə iclasında verdiyi izahatından və iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2723/2017 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə üzrə iddiaçı Cavabdeh iddia ərizəsini əsaslandırarkən qeyd etmişdir ki, o, Bakı şəhəri, Qaraçuxur qəsəbəsində yerləşən mənzilə rəsmi qeydiyyata düşsə də orada heç vaxt yaşamamış, orada qayınanası Töyfə və qayını Ramiz yaşamış, mənzildə qeydiyyatda olan qayınatası Mübariz isə həbsdə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç vaxt yaşamadığı, sadəcə formal olaraq qeydiyyata alındığı İddiaçı məxsus həmin mənzildə heç bir istifadə hüququ yoxdur və onun bu mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, cavabdehin həmin mənzildə heç vaxt yaşamadığı və evə formal olaraq qeydiyyata alındığı iş materialları ilə tam sübut olduğundan cavabdehin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216–220, 222, 227, 233, 238, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 7 m.6 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Qətnamə Cavabdeh ünvan 7 m.6 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar