Məhkəmə qərarları › İş №2(010)-3594/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3594/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3594/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evindən Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladı X3 istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq evinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Evin onun xüsusi mülkiyyətində olması barədə verilmiş xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi vardır. Onun oğlu X10 ilə Cavabdeh nikahları pozulduqdan sonra Cavabdeh yetkinlik yaşına çatmayan uşağı X6 ilə onun evindən çıxmış və artıq bir ildir ki, həmin evdə yaşamırlar. Mübahisəli mənzildə qeydiyyatda olan, lakin həmin evdə yaşamayan keçmiş sakinlər onun evində pasport qeydiyyatında qalmaları ona bir çox hallarda müəyyən maneələr yaradır. Onların həmin mənzildə pasport qeydiyyatında qalmaları onun artıq kommunal xərclər ödəməyinə səbəb olur. Məhz buna görə də mülkiyyətində olan evində cavabdehlərin pasport qeydiyyatında qalmalarına heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən də mülkiyyətində olan evinin yaşayış sahəsindən cavabdehin və onun yetkinlik yaşına çatmayan uşağının istifadə hüququnun itirilməsi barədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 öz ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. O, eyni blokda olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 15 saylı mənzilində 1990-cı il tarixindən həmin ünvanda yaşayır. Cavabdeh İddiaçı keçmiş gəlini olub. Onun bir il olar ki, həmin ünvandan çıxıb getdiyini və orada yaşamadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş ASAN 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli «yaşayış yeri üzrə qeydiyyat haqqında» arayışdan müəyyən olunur ki, Cavabdeh və onun yetkinlik yaşına çatmayan övladı X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, 004356 №-li Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının X9 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh 2019-cu il tarixindən bu günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4864/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X10 arasında xx.xx.2009-cu il tarixli 1374 saylı aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 4864/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası təmin edilərək iddiaçı Cavabdeh və X10 ilə Sabunçu rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixli 1374 saylı akt qeydləri kitabında qeyd edilmiş nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası Cavabdeh yanında saxlanılması və X4 xx.xx.2019-cu il tarixindən hesablanaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin maddənin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X13 Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Skollo İtaliyaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, mülkiyyət hüququna istənilən müdaxilə zamanı ədalətli tarazlıq və ağlabatan mütənasiblik təmin edilməli, bu zaman istifadə edilən vasitələr mülkiyyətdən məhrum etmə tədbirinin məqsədinə mütənasib olmalıdır. «Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edilir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.» Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Konvensiyasına dair (xx xxxx 1952-ci il tarixli) 1 saylı Protokolun 1-ci maddəsində hər bir fiziki və hüquqi şəxsin mülkiyyət hüququna təminat verilir. Avropa Məhkəməsinin «Marks Belçikaya qarşı» işində şərh verilərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası MM-nin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Ülkər Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konistitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, MMnin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası bu Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Hazırkı mübahisə ilə bağlı mülkiyyətçi ilə iddiaçı arasında mənzildən istifadəyə dair notarial qaydada təsdiqlənmiş razılaşma təqdim olunmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Məhkəmə iclası gedişində müəyyən olundu ki, İddiaçı 2001-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdeh İddiaçı keçmiş gəlinidir. İddiaçının oğlu X10 ilə Cavabdeh arasında 2009-cu ildə bağlanmış nikah Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində qeydiyyatdadır, lakin faktiki olaraq həmin fərdi yaşayış evində yaşamır. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində Cavabdeh faktiki olaraq qeydiyyata alınsa da, lakin həmin ünvanda yaşamır. Həmin yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları barədə mülkiyyətçi ilə aralarında notarial qaydada təsdiqlənmiş razılaşma olmamışdır. Eyni zamanda Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evində qeydiyyatda olması həmin evdən istifadə hüququnun yaranması üçün əsas deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsində cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinə istifadə hüququ olmadığından hazırkı qətnamənin cavabdehin və onun azyaşlı övladının mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi təmin olunmasın. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evinə istifadə hüququ olmadığına görə bu qətnamə Cavabdeh və onun azyaşlı övladı X3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, 36 saylı fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar