Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3598/2025 12.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçının iddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş məktubun surətindən Cavabdeh2 sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyatda olması və şəxsiyyət vəsiqəsinə dair məlumatlardan Cavabdeh1 ünvan 2i ünvanında rəsmi qeydiyyatda olması aşkar olunmuşdur. Göründüyü kimi iddiaçı iddia ərizəsini Suraxanı rayon məhkəməsinə təqdim etmişdir. Hazırda iddiaçının cavabdehlərə qarşı iddia ərizəsində irəli sürdüyü iddia tələbi “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbidir və bu halda tələb müstəsna aidiyyətə aid deyildir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Müstəsna aidiyyətin tələbinə əsasən əmlakın olduğu yer üzrə iddia tələbi o halda verilə bilər ki, bu tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququnun tanınması və qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı olsun. Hazırkı halda isə cavabdehlər qeyri-qanuni sahib deyil, mülkiyyətçidir və onlara qarşı irəli sürülmüş tələb paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, hazırkı halda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin Suraxanı rayon ərazisində yerləşməsi mübahisənin Suraxanı rayon Məhkəməsinə baxılması üçün əsas deyildir. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, hazırda məhkəməyə təqdim edilmiş iddia ərizəsindən və ərizəyə əlavə edilmiş sənədlərdən cavabdehlərin hal-hazırda rəsmi olaraq Bakı şəhəri Suraxanı rayonunun ərazisində qeydiyyatda olmasına (yerləşməsinə) dair heç bir hal müəyyən edilməmişdir. Odur ki, iddia ərizəsi MPM-nin yuxarıda göstərilən tələblərini pozmaqla məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehə qarşı iddia ərizəsində göstərdiyi tələblə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3598/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3598/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver