Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3630/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulması ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində “X10”, ana haqqında məlumat bəndində “X6”, valideynlərinin milliyyətinin “azərbaycanlı” kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulmuşdur. X2, anası X3r. Eyni zamanda bildirir ki, X4 ilə rəsmi nikaha daxil olduqdan sonra “Qayxiyev” soyadını götürmüşdür. Həm ona, həm də həyat yoldaşına verilmiş doğum haqqında şəhadətnamələr itmişdir. Doğulduğu Kalinino rayonu hal-hazırda Ermənistan ərazisində yerləşdiyindən yeni doğum haqqında şəhadətnamənin alınması qeyri-mümkün olduğundan xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulması və doğum aktı qeydinin bərpa edilməsi haqqında Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Suraxanı rayon qeydiyyat şöbəsi xx.xx.2025ci il tarixli, 3-16-5/7-10-1202/2025 saylı cavab məktubunda aşağıdakılar bildirilmişdir: “Suraxanı rayon qeydiyyat şöbəsində Sizin doğum haqqında akt qeydinizin bərpa edilərək, doğum haqqında akt qeydinin ata haqqında məlumat bəndində X10, ana haqqında məlumat bəndində X6, valideynlərinizin milliyyətinin azərbaycanlı qeyd olunmasına dair daxil olmuş ərizəyə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda anadan olmuşunuz, doğumunuz Ermənistanda qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, barənizdə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin, həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən, Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyinizi tövsiyə edir”. Miras əmlakın sənədləşdirilməsi zamanı doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin, doğum haqqında şəhadətnamə olmadığından o, qeyd edilən məsələləri həll edə bilmir. Məhz bu səbəbdən xx.xx.1956-cı il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulması və doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X10, ana haqqında məlumat bəndində X6, valideynlərinin milliyyətinin “azərbaycanlı” kimi qeyd olunmasına dair qətnamənin qət edilməsi zəruridir. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadəsi Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Onlar ailədə 10 uşaq olmuşlar. Uşaqların hamısı Ermənistan rayonunda anadan olmuşdur. X2, anası X6 olmuşdur. Bacısı 1956-cı il tarixdə anadan olmuşdur. Onun sənədləri itməsə də, bacısına məxsus doğum haqqında şəhadətnamə 1988-ci ildə Ermənistandan gələn zaman itmişdir. Böyük bacısı Bənövşə, digər iki böyük qardaşı vəfat etmiş, uşaqlardan biri isə itkin düşmüşdür. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.1979-cu il tarixli, İ-CL seriyalı, 409541 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 və X7 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Qayxiyev, arvada Qayxiyeva soyadı verilmişdir. xx.xx.1982-ci il tarixli, İ-CL seriyalı, 389679 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1981-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonunda ölmüşdür. xx.xx.1985-ci il tarixli, V-CL seriyalı, 258916 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 (atası X12, anası X6) xx.xx.1963-cü il tarixdə Ermənistan SSR, Kolininsko rayonunda doğulmuşdur. xx.xx.1991-ci il tarixli, Vİ-CL seriyalı, 690462 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 (atası X12, anası X6) xx.xx.1972-ci il tarixdə Ermənistan SSR, Kolininsko rayonunda doğulmuşdur. xx.xx.2010-cu il tarixli, AZ-İ seriyalı, 382949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2010-cu il tarixdə “beyin kötüyü funksiyalarının pozulması” səbəbindən Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş 4924 nömrəli vəsiqənin surətindən müəyyən olunur ki, Ərizəçi qaçqın statusuna malikdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan, Kalinino rayonunda doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçinin xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikasının Vorontsovka rayonunda anadan olması, doğumunun Ermənistanda qeydiyyat alınması, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi nəzərdən keçirilərkən doğum haqqında akt qeydinin aşkar edilməməsi bildirilmiş və hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmənin mövqeyi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada əldə edə bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X2, atasının milliyyəti azərbaycanlı, anası X6, anasının milliyyəti azərbaycanlı olmuşdur. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına dair kifayət qədər sübut vardır. Belə ki, qeyd edilən bu xüsusatlar məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, ərizəyə əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunmuş məlumatlarla ərizəçinin tələbində qeyd edilən müvafiq məlumatların uyğunluq təşkil etdiyini nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin, sonralar ərizəçi həmin şəhadətnaməni itirmiş, hazırda isə həmin sənədi başqa qaydada əldə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərtilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusion hüquqların effektivliyinə də mənfi təsir göstərə bilər. Bundan başqa, iş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd olunanları, ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qayxiyeva”, adı “Səmayə”, ata adı “Sədi”, doğum tarixi “xx.xx.1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Kalinino rayonu”, ata qrafasında “X10, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Qayxiyeva”, adı “Səmayə”, ata adı “Sədi”, doğum tarixi “xx.xx.1956-cı il”, milliyyəti “azərbaycanlı”, doğum yeri “Ermənistan Respublikası, Kalinino rayonu”, ata qrafasında “X10, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6, milliyyəti azərbaycanlı” kimi qeydiyyat aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva