Məhkəmə qərarları › İş №2(010)-364/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-364/2025

11.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-364/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “azyaşlı övladı ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş qayınatası Cavabdeh2 keçmiş həyat yoldaşına bağışlayaraq dövlət reyestrində 2 otaq kimi qeydə alınmış ünvan 1 ünvanındakı evə birgə nikahda əhəmiyyətli dərəcədə xərc çəkərək tikib artırdıqları digər dövlət reyestrində qeydə alınmamış 2 otağına onu və övladı Cavabdeh2 Zaur oğlunun köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirməsi barədə ərizə verərək, 2016-cı ildə birgə nikah dövründə aldıqları əsaslı təmir edilərək iki otaq artırdıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O. Şabanov küçəsi 100 saylı fərdi yaşayış evinə azyaşlı övladı Cavabdeh2 Zaur oğlu ilə birgə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh-Cavabdeh3 ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha girərək cavabdeh-Cavabdeh2 və cavabdeh- Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 185-ə cavabdehlərin icazəsi ilə gəlin köçmüşdür. 2016-cı ildə keçmiş həyat yoldaşı qardaşının ailə quracağına görə (iddiaçının) xalasından və öz yığdıqları 25000 manat pulu atası- Cavabdeh2 vermişlər. Cavabdeh2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 168/3 ünvanında yerləşən evi almış və alınan tarixlərdə də oğluna bağışlayır ki, gələcəkdə birgə nikah dövründə alınmış ev sayılmasın. 2 otaqlı, köhnə və təmirsiz evə alınan gündən övladları və yoldaşı ilə köçmüş, yaşayaraq birgə təsərrüfat aparmışlar. 2016-cı ildə ev alınarkən belə texniki pasportuna evin 2 otaqdan ibarət olması açıq aşkar görünür. Bundan sonra, üç övladına baxa-baxa sözü gedən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, ev 168/3 saylı evi əsaslı təmir etdirmiş, yenidən qurma işləri aparaq eynən aldıqları iki otaqlı evdən artıq olan təmirli ev tikərək köhnə alınmış evin sahəsini artırmış və bütün bunların tikilməsi, qurulması, təchizatı birgə nikah zamanında keçmiş həyat yoldaşı cavabdeh-Cavabdeh3, onun və xalasının maliyyə dəstəyi ilə olmuşdur. Hətta evin daşlarını belə fəhlə kimi daşıdığını görən şahidlər də vardır. Birgə nikahdan əldə etdikləri pulla cavabdeh keçmiş həyat yoldaşının atası olan cavabdeh- Cavabdeh2 adına alınması, sonradan məhz bağışlanma yolu ilə keçmiş həyat yoldaşına yenidən hədiyyə olunması cavabdehlərin gələcək planlarının bir hissəsi olmasını o sonradan başa düşmüşdür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, 2010-cu ildə cavabdehlərə məxsus Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüşdür. 2016-ci ildə qaynatası Cavabdeh2 tərəfindən fərdi yaşayış evi alınmış və həmin evə köçmüşlər. Sözügedən fərdi yaşayış evinin alınmasına onun xalası tərəfindən 10000 manat pul vəsaiti verilmişdir. Həmin ev təmirsiz vəziyyətdə olmuş, alındıqdan sonra həmin evdə təmir işləri aparılmış, yenidən iki otaq tikilmişdir. Onun himayəsində üç azyaşlı övladı olduğundan 2016-cı ildən onun xalası onlarla birlikdə qalmış, təqaüd aldığından evin tikilməsinə və təmir xərclərinə görə yardım göstərmişdir. Onun Cavabdeh3 ilə nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqlardan ikisi atasının himayəsində, bir uşaq isə onun himayəsində qalmışdır. Onların arasında söz-söhbət olduğundan 2022-ci ildən evdən çıxmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçı ilə 2010-cu ildə ailə qurmuş və Günəşli qəsəbəsində yerləşən mənzildə yaşamışlar. 2016-cı ildə atası Cavabdeh2 tərəfindən fərdi yaşayış evi alınmış və yaşamaq üçün həmin evə köçmüşlər. Həmin fərdi yaşayış evi 2 otaqdan ibarət olmaqla yararsız vəziyyətdə olmuş və ev alındıqdan sonra həmin evdə təmir işləri aparmışlar. Həmin evdə iki il yaşadıqdan sonra yenidən iki otaq artırmışlar. İddiaçının xalası uşaqlara baxmağa yardım etmək məqsədilə müəyyən müddət onlarda qalmış və onlara yalnız mətbəx mebelinin alınmasında köməklik etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh3 nümayəndəsi(vəkili) Vəkil izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, İddiaçı Cavabdeh3 2010-cu ildə nikaha daxil olmuşlar və birgə nikahdan üç uşaqları olmuşdur. 2016-cı ildə Cavabdeh2 tərəfindən onun adına fərdi yaşayış evi alınmış və tərəflər həmin evdə yaşamışlar. Mübahisəli fərdi yaşayış evi qanunsuz tikilidir və həmin ev alınan zaman iddiaçının xalası tərəfindən Nizamiyə cəmi 1200 manat pul vəsaiti verilmişdir. Tərəflər arasında münasibətlər pisləşdiyindən nikah pozulmuş, uşaqlardan ikisi atanın, biri isə ananın himayəsində qalmışdır. Hesab edir ki, fərdi yaşayış evinin alınmasına iddiaçı tərəfindən vəsait xərclənməmiş, onun yaxını tərəfindən borc verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X3 arasında nikah xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir.

8. xx.xx.2024-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı (nümayəndə X1)mediasiya şurasında xx.xx.2024-ci il tarixdə 11:00 saatlarına təyin olunmuş iclasda iştirak etmiş və İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair, 10 manat isə poçt xidmətlərinə dair xərc ödəmişdir.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən olunur ki, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır.

10. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, Cavabdeh3 mülkiyyətində olan yaşayış evinin AZ.R.Nazirlər Kabinetinin 28 iyun 1999-cu il tarixli 110№-li (11.07.02.-ci il, №110, 20.02.06-cı il, №55 09.09.06-cı il, №192 və xx.xx.2006-cı il, №275 əlavə dəyişikliklər) qərarı ilə təsdiq edilmiş cədvəllərə əsasən hesablanmış obyektlərin invertar dəyəri manatla 23696 manatdır.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-171/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh3 ilə X3 arasında 19 noyabr 2010-cu il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 1897 nömrə ilə qeydə alınmış nikahın pozulması, Cavabdeh3 ilə X2 birgə nikahlarından doğulmuş 20 dekabr 2011-ci il təvəllüdlü X5 və 31 dekabr 2012-ci il təvəllüdlü X6 boşanmadan sonra ataları Cavabdeh3, 05 noyabr 2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu isə anası X2 yanında qalması qət edilmişdir.

Şahid ifadələri

12. Şahid2 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısı qızıdır. O 2010-cu ildə Cavabdeh3 ilə nikaha daxil olmuş və qaynatasına məxsus evə gəlin köçmüşdür. 2016-cı ildə ev alınması məqsədilə ondan pul istəmişlər və o, 3000 manat pul vəsaiti vermişdir. Bundan əlavə o uzun müddət bacısı qızının yanında yaşamış, uşaqlara baxmaqda ona köməklik göstərmişdir. Fərdi yaşayış evində yenidən qurma işləri aparılmasında, yenidən iki otağın artırılmasında iştirak etmişdir.

13. Şahid1 ifadə verərək bildirmişdir ki, iddiaçı onun həyat yoldaşının xalası qızıdır. Zaur ona bildirmişdir ki, atası ev almaq niyyətindədir və buna görə ona pul vəsaiti lazımdır. O, Günelin anasından qalan qızılları 500 manata satmış və ümumilikdə Zaura evin alınması üçün 3000 manat pul vəsaiti vermişdir. Zaur ona bildirmişdir ki, həmin ev 26000 manata alınmışdır. Bundan əlavə evin təmiri üçün Nizamidən 2000 manat pul vəsaiti götürülmüş, fərdi yaşayış evində yenidənqurma işlərinin görülməsi məqsədilə daş, kərpic, sement alınmasına sərf olunmuşdur.

İşin faktiki halları.

14. Cavabdeh3 ilə X3 arasında 19 noyabr 2010-cu il tarixdə rəsmi nikah bağlanmış və iddiaçı Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən mənzilə gəlin köçmüşdür. Birgə nikah dövründə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi (özbaşına tikili) əldə edilmiş və həmin fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh2 arasında bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. İş üzrə tərəflər 2010-2023-cü illər aralığında nikahda olmuşlar. Tərəflər həmin fərdi yaşayış evinə köçdükdən sonra orada təmir–tikinti işləri aparmışlar. Həmin evdə aparılmış təmir-tikinti işlərinə iddiaçı və onun qohumları tərəfindən pul vəsaiti qoyulmuşdur.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 32. Ər-arvadın birgə mülkiyyəti 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

19.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarı

4.11. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. 4.16. Özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7-ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.

21. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, tərəflər xx.xx.2010-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan üç övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu doğulmuşdur.

22. 2016-cı ildə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq əldə edilmiş və həmin fərdi yaşayış evinə dair qeyri-rəsmi alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh2 arasında bağlanmış, lakin notarial qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəli isə Cavabdeh3 adına sənədləşdirilmişdir.

23. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehin valideyni tərəfindən tərəflərin birgə nikahda olduqları dövrdə faktiki olaraq əldə olunması və 2016-cı ildən ərarvadın həmin evdə yaşaması işin mübahisəsiz halıdır.

24. İş üzrə tərəflər 2010-2023-cü illər aralığında rəsmi nikahda olmuşlar. Tərəflər fərdi yaşayış evi faktiki əldə olunduqdan sonra həmin fərdi yaşayış evinə köçmüş və orada uzun müddət yaşayaraq təmir–tikinti işləri aparmışlar. Həmin evdə aparılmış təmir-tikinti işlərinə iddiaçı və onun qohumları tərəfindən pul vəsaiti qoyulmuşdur.

25. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

26. Məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbləri üzrə sübut etmə yükü hər iki tərəfin üzərinə düşür. İddiaçı tərəf mübahisəli evin onun qaynatası tərəfindən əldə edilməsini qeyd etmiş və cavabdeh tərəf məhkəmədə bu halı mübahisələndirməmişdir. Lakin iddiaçı evin faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin ər-arvadın birgə nikah dövründə əldə olunduğunu iddia etsə də, bununla bağlı hər hansı sübütü məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf həmin fərdi yaşayış evinin əldə olunan zaman yararsız olduğunu, ev alındıqdan sonra orada təmir bərpa işlərinin aparıldığını, həmçinin sonradan əlavə olaraq iki otağın tikilməsini, o cümlədən evin tikilməsi üçün iddiaçının xalasından 1200 manat pul vəsaitinin alınmasını qeyd etmişdir.

27. Məhkəmə hesab edir ki, işin mübahisəsiz halından müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa da, cavabdehin valideyni tərəfindən evin faktiki əldə olunmasına vəsait sərf olunmuş, tərəflər həmin fərdi yaşayış evində 2016-cı ildən 2022-ci il tarixə kimi yaşamış, birgə təsərrüfat apararaq orada tikinti və təmir bərpa işləri aparmışlar.

28. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili hesab olunsa da, hal-hazırda maddi dəyər kimi mövcuddur və tərəflər arasında nikah pozulması səbəbindən iddiaçı həmin evin faydalı xassələrindən istifadə etmək imkanından məhrum olmuş və bu hal onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir.

Məhkəmə xərcləri.

29. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. 31.İş üzrə ödənilməmiş – 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddia təmin edilsin. İddiaçı azyaşlı övladı xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh2 Zaur oğlu ilə birlikdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilməmiş – 50 (əlli) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar