Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3668/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, ərizəçi, Ərizəçi1 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul olunması faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul olunması faktının müəyyən olunması və s.” barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum X7 məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının və mirasın açılması yerinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi, Ərizəçi1 nümayəndəsi Ərizəçi2 dəqiqləşmə barədə ərizə təqdim edərək, mülkiyyət hüququ ilə mərhum X7 məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinə münasibətdə onların mirası qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçi, Ərizəçi1 nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, onlar mərhum X5 və X3 ümumi birgə nikahlarından dünyaya gəlmiş övladlarıdırlar. Belə ki, valideynləri 29.05.1974-cü il tarixdə rəsmi nikaha girmişlər və həmin nikahdan xx.xx.1975-ci il tarixdə o, xx.xx.1982-ci il tarixdə isə Ərizəçi1 dünyaya gəlmişdir. Valideynlərinin birgə nikah münasibətləri zamanı, Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai küçəsində yerləşən 25 saylı fərdi yaşayış evi alınmış və atasının mülkiyyətində olmuşdur. Bu barədə hələ 03.05.1990-cı il tarixli müvafiq şəhadətnamə verilmişdir. Ancaq həmin şəhadətnamənin özü itirildiyindən onun nə əslini, nə də ki lazımi qaydada təsdiq edilmiş kserosuirətini təqdim edə bilmirlər. Bununla əlaqədar DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq müraciət olunmuş və sonuncu idarənin də 17.05.2021ci il tarixli, **********77 nönmrəli məktubu ilə yaşayış evinin hələ də X2nun mülkiyyətində olması qeyd olunmuşdur. X2 22.02.2011-ci il tarixdə, anaları X6 isə 14.05.2016-cı il tarixdə ölmüşlər. Hal-hazırda valideynlərindən miras qalmış əmlaka - Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə yeganə vərəsələr onlardır. O, yaşayış evi barədə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı şəhəri 40 saylı notariat ofisinə müraciət etsə də, ancaq 18.01.2020-ci il tarixli Qərarla şəhadətnamənin verilməsindən imtina edilmiş və imtinanın da səbəbi kimi, AR-nın MM-nin 1246-cı maddəsinə əsasən, şəhasdətnamənin mirasın açıldığı gündən altı ay ərzində verilməsinin mümkünlüyü qeyd olunmuşdur Digər tərəfdən, belə bir ərizənin verilməsində məqsəd, valideynəlirinin qanuni vərəsələri olaraq onlardan qalan miras əmlakı əldə edə bilmirlər və bu da nəticədə mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də qeyd olunanların nəzə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.05.1974-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X6 arasında 29 may 1974-cü ildə nikah bağlanmışdır. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 13.12.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 018861 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 22.02.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin mart ayının 03-cü günündə 257 № ilə qeyd edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 02.07.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 822229 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 14.05.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin may ayının 17-ci günündə 681 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1975-ci il tarixdə, Ərizəçi1 isə xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Şəhadətnamələrin ata qrafasında X9, ana qrafasında isə X6 göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış 17.05.2021-ci il tarixli məktubdan görünür ki, X5 adına Bakı şəhəri, Xətai rayonu, Ə.Nəvai küçəsi, 25 saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda adındadır. X5 adına hazırda Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən qəbul edilmiş 18.01.2020-ci il tarixli qərardan görünür ki, 22.02.2011-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ərizəçi2 təqdim etdiyi sənədlərə baxış keçirərkən məlum oldu ki, miras qoyan 22.02.2011-ci il tarixdə vəfat etmişdir, vərəsə isə mirasın qəbulu ərizəsini bizə 16.12.2019-cu il tarixdə təqdim etmişdir. 22.02.2011-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka Ərizəçi2 Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçilər üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən eilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçilərin ataları X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evini miras kimi qəbul etmələri hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər X8 və Ərizəçi2 tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-3668/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3668/2021
25.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver