Məhkəmə qərarları › İş №2(010)-3678/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3678/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3678/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızına qarşı “cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi. 1.İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, cavabdehə məxsus olan 1 ədəd yataq çarpayısının, 1 ədəd şifonerin, 1 ədəd güzgülü trümonun və 1 ədəd güzgüsüz trümonun ona məxsus olan mənzildən cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, Mustafayeva (Hüseynova) Şəfəq Əli qızına məxsus olan 1 ədəd yataq çarpayısının, 1 ədəd şifonerin, 1 ədəd güzgülü trümonun və 1 ədəd güzgüsüz trümonun ona məxsus olan mənzildən cavabdehin hesabına çıxarılaraq mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızına məxsus olan 1 ədəd yataq çarpayısının, 1 ədəd şifonerin, 1 ədəd güzgülü trümonun və 1 ədəd qüzgüsüz trümonun ona məxsus olan mənzildən cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızının hesabına çıxarılaraq mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adıçəkilən evə dair xx.xx.2000-ci il tarixində AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya OM № 030665 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda bildirir ki, cavabdehlə arasında xx.xx.2022-ci il tarixində saziş bağlanmışdır. Sazişin 1.2-ci bəndinə əsasən, onun mülkiyyətində olan Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “AB” Y/S, ev 151, mənzil 60 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 istifadə hüququndan imtina etməsi və həmin evdən qeydiyyatdan çıxması müqabilində 9000 (doqquz min) manat kompensasiya verilmiş, Cavabdeh1 isə 9000 (doqquz min) manat kompensasiya almaqla onun mülkiyyətində olan Suraxanı rayonu, Y/Günəşlı qəsəbəsi, “AB” Y/S, ev 151, mənzil 60 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə və 19.06 2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Onun tərəfindən 9000 (doqquz min) manat pul tam şəkildə cavabdehə verilmişdir. Cavabdeh onun və həyat yoldaşının mənzildə sərbəst və rahat yaşamasına imkan vermir. Bu azmış kimi, cavabdeh dəfələrlə onları, xüsusilədə atası Elşad Hüseynovu kobud surətdə təhqir etmişdir. Belə demək mümkünsə artıq oğul ata, oğul ana münasibətləri aradan qalxmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh ona məxsus olan mənzildən çıxmır və özünü mənzilin tam hüquqlu sahibi kimi aparır. Halbuki mənzil onun xüsusi mülkiyyətindədir və cavabdehin mənzilə heç bir hüququ yoxdur. Bir neçə dəfə cavabdehə mənzildən çıxması xahiş edilsə də, cavabdeh mənzildən çıxaraq ona məxsus olan mənzili boşaltmır. Eyni zamanda bildirir ki, mülkiyyətində olan mənzilin faktiki olaraq zəbt edilməyini və cavabdehin mənzildən çıxmamsını Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarının kobud pozulması kimi dəyərləndirir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı.

5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.

İş materialları.

7.Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 030665 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 151 saylı evin, 38.06 kv.m yaşayış sahəsindən ibarət 3 otağlı 60 saylı mənzili X1 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1025 saylı reyestr kitabında 27 yanvar 2000-ci il tarixində qeydiyyat aparılmışdır. 8.Yaşayış yeri üzrə qeydiyyat haqqında 31 may 2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s ev 151, 60 saylı mənzildə İddiaçı, X4, X5, Cavabdeh1, X3 qeydiyyatdadırlar. 9.17 iyun 2022-ci il tarixli sazişdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında saziş bağlanmış, sazişin 1.2-ci bəndinə əsasən İddiaçı onun xüsusi mülkiyyətində olan və ünvan 3 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 istifadə hüququndan imtina etməsi və həmin evdən qeydiyyatdan çıxması müqabilində 9000 manat kompensasiya verir, Cavabdeh1 isə 9000 manat məbləğ həcmində kompensasiya almaqla ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsinə və 19 iyun 2022-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

İşin faktiki halları.

10. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 151 saylı evin, 60 saylı mənzili xx.xx.2000-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızı iddiaçının oğlu Cavabdeh1 ilə 2022-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2022-ci ildə X8 adlı bir uşaqları doğulmuşdur. İddiaçının etirafına görə cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızı ona məxsus mənzilə gəlin köçərək mübahisəli mənzildə yaşasa da, sonradan həmin mənzildən çıxıb getmiş, lakin ona məxsus olan cehiz əmlakları həmin mənzildə qalmışdır. İddiaçı xx.xx.2022-ci ildə öz oğlu Cavabdeh1 ilə saziş bağlamış və onun mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxması müqabilində 9000 manat kompensasiya verilməsini öz üzərinə götürmüşdür.

Tətbiq edilən hüquq.

11. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

15.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

17. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB y/s, 151 saylı evin, 60 saylı mənzili xx.xx.2000-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızı iddiaçının oğlu Cavabdeh1 ilə 2022-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2022-ci ildə X8 adlı bir uşaqları doğulmuşdur. İddiaçının etirafına görə cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızı ona məxsus mənzilə 2022-ci ildə gəlin köçərək mübahisəli mənzildə yaşasa da, sonradan həmin mənzildən çıxıb getmiş, lakin ona məxsus olan cehiz əmlakları həmin mənzildə qalmışdır. İddiaçı xx.xx.2022-ci ildə öz oğlu Cavabdeh1 ilə saziş bağlamış və onun mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxması müqabilində 9000 manat kompensasiya verilməsini öz üzərinə götürmüşdür.

18. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

19. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından göründüyü kimi iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsi ilə qiymətləndirilməyən iddia ərizələrinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızına məxsus olan 1 ədəd yataq dəsti (1 ədəd çarpayı, 1 ədəd dolab, 1 ədəd güzgülü trümo və 1 ədəd güzgüsüz trümo) ünvan 3 ünvanında yerləşən mənzildən cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızının hesabına çıxarılmalı və mənzil boşaldılmalıdır.

22. Məhkəmə hesab edir ki, məhkəmə xərci- ödənilmiş – 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızından tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızına məxsus olan 1 ədəd yataq dəsti (1 ədəd çarpayı, 1 ədəd dolab, 1 ədəd güzgülü trümo və 1 ədəd güzgüsüz trümo) ünvan 3 ünvanında yerləşən mənzildən cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızının hesabına çıxarılsın və mənzil boşaldılsın. Məhkəmə xərci - ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Mustafayeva (Hüseynova) Şəfəq Əli qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar