Məhkəmə qərarları › İş №2(010)-368/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-368/2023

15.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-368/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Suraxanı Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinin cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğluna qarşı "mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2022-ci il tarixli “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı”nın 01 yanvar 2022-ci il tarixinə olan siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən, 1986-cı il tarixdə istismara verilən, 9 mərtəbədən ibarət ümumi sahəsi 5314 kv.m olan, yaşayış təyinatlı, balans dəyəri 20.471,30, qalıq dəyəri 14.286,52 olan bina Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına daxildir.

2. 63 saylı MKİS-nin mühəndisi Məmmədov Məmməd, sahə nəzarətçisi Azər Fətullayev və fəhləsi Vüqar Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, MKTB-dən daxil olmuş 01-7/68 xx.xx.2022-ci il tarixli MKİS-nə daxil olan məktubun araşdırılması üçün məhəllə 4048 ev 3, mənzil 34-ün sahibi vətəndaş Cavabdeh iştirakı ilə həmin mənzilə baxış keçirildi. Keçirilən baxış zamanı məlum olmuşdur ki, mənzilin qonaq otağı ilə yataq otağının arakəsmə divarı sökülmüşdür. MKİS tərəfindən xx.xx.2022-ci il 75 nömrəli məktubla mənzil sahibindən sökülmüş divarın 3 gün müddətinə bərpa edilməsi tələb etmişdir. Mənzil sahibi isə xx.xx.2022-ci ildə MKİS-ə ünvanladığı ərizədə bildirmişdir ki, maddi vəziyyəti yaxşı olmadığından 10 gün müddətində sökülmüş divarı bərpa edəcəkdir. Müddət keçdikdən sonra yenidən baxış zamanı məlum oldu ki, arakəsmə divar bərpa edilməmişdir.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyindən Suraxanı Rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli telefonoqramdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda, Agentliyə daxil olmuş məlumat əsasında mütəxəssislər tərəfindən mənzilin daxilində qanunsuz olaraq divarın sökülüb götürülməsi faktı aşkarlanmış və qeyd olunan faktın aradan qaldırılması və binanın dayanaqlılığının təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir.

4. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş ÖM seriyalı 105667 №-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048 məhəllə, 3 saylı evin 55,1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 34 saylı mənzili Cavabdeh mülkiyyətindədir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli, 10/4716 №-li məktubunda qeyd olunmuşdur ki, mülki iş materiallarında olan (səh.5) 63 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 3 ünvanında yerləşən 34 saylı mənzilə dair tərtib edilmiş sxemdə sahələri 16.6 kv.m və 15.0 kv.m olan otaqlar arasında arakəsmə divarının olduğu qeyd olunsa da, həmin arakəsmə divarın faktiki olaraq mövcud olmadığı müəyyən olunur. Tədqiq olunan mənzili mülki iş materiallarında olan (səh.5) 63 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş sxemdə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi üçün sahələri 16.6 kv.m və 15.0 kv.m otaqlar arasında arakəsmə divarı inşa edilməldir.

İşin faktiki halları

6. ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilin qonaq otağı ilə yataq otağının arakəsmə divarlarının sökülməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı Suraxanı Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yi cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğluna qarşı "mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 4 ünvanında qanunsuz olaraq apardığı konstruksiya dəyişikliyini bərpa edərək, mənzilin planda nəzərdə tutulan vəziyyətə gətirməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bütün sübutları təqdim etdiklərini, əlavə və ya dəqiqləşmələri olmadığını və buna görə də idia tələbinin təmin edilərək, ünvan 3 ünvanında yerləşən 34 saylı mənzildə aparılmış konstruksiya işinin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi.

10. Cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlu əvvəlki məhkəmə iclasında ekspert tərəfindən evinə baxış keçirildiyini, lakin ekspert rəyi ilə razı olmadığını bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Maddə 25. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. Maddə 27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»

5. Bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılması Yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

17. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

18. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı”nın 01 yanvar 2022-ci il tarixinə olan siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən, 1986-cı il tarixdə istismara verilən, 9 mərtəbədən ibarət ümumi sahəsi 5314 kv.m olan, yaşayış təyinatlı, balans dəyəri 20.471,30, qalıq dəyəri 14.286,52 olan bina Dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakının siyahısına daxildir. Göründüyü kimi iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

19. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı qurum cavabdehin mənzilin içərisində qanunsuz olaraq apardığı konstruksiya dəyişikliyini bərpa edərək, mənzilin planda nəzərdə tutulan vəziyyətə gətirməsi xahiş edir. Cavabdeh tərəf isə öz növbəsində hazırki iddia tələbini əsassız hesab edir.

20. Məhkəmə tərəfindən iş üzrə keçirilmiş ekspertiza zamanı müəyyən olunmuşdur ki, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 3 ünvanında yerləşən 34 saylı mənzilə dair tərtib edilmiş sxemdə sahələri 16.6 kv.m və 15.0 kv.m olan otaqlar arasında arakəsmə divarının olduğu qeyd olunsa da, həmin arakəsmə divarın faktiki olaraq mövcud deyil. Tədqiq olunan mənzilin sxemdə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi üçün sahələri 16.6 kv.m və 15.0 kv.m otaqlar arasında arakəsmə divarının inşa edilməli olduğu ekspert rəyində göstərilmişdir.

21. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

22. Hazırki iş üzrə arakəsmə divarın faktiki olaraq mövcud olmadığı həm ekspert rəyi, həm Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin telefonoqramı, həm də cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona məxsus mənzildə özbaşına konstruksiya dəyişikliyi aparılaraq, mənzilin daxilində olan ara divarının sökülməsi qanunvericiliyə uyğun olmadığından bərpa edilməli və mənzil planda nəzərdə tutulan vəziyyətə gətirilməlidir.

Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

27. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlunun üzərinə ünvan 3 ünvanında yerləşən 34 saylı mənzildə qanunsuz olaraq apardığı konstruktiv dəyişikliyin bərpa edilməsi və sahələri 16.6 kv.m və 15.0 kv.m otaqlar arasında arakəsmə divarının inşa edilməklə mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi vəzifəsi qoyulmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlunun üzərinə ünvan 3 ünvanında yerləşən 34 saylı mənzildə qanunsuz olaraq apardığı konstruktiv dəyişikliyin bərpa edilməsi və sahələri 16.6 kv.m və 15.0 kv.m otaqlar arasında arakəsmə divarının inşa edilməklə mənzilin layihədə nəzərdə tutulmuş vəziyyətə gətirilməsi vəzifəsi qoyulsun. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlundan iddiaçı Suraxanı Rayon Mənzı̇ l Kommunal Təsərrüfatı Bı̇ rlı̇ yinin xeyrinə tutulsun. Aparılmış ekspertiza təqdiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdeh Rəhı̇ mov Sərdər Fı̇ rad oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar