Məhkəmə qərarları › İş №2(010)-3690/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3690/2020

21.09.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3690/2020 21.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçinin nümayəndəsi X2 və Ərizəçinin vəkili X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1919-cu il təvəllüdlü Süleymanov Xankişinin 1942-ci ilin fevral ayında Böyük Vətən Müharibəsində gedən döyüşlərdə ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi onun qardaşıdır. Qardaşı 1941-ci ildə Suraxanı (keçmiş Orconikidze) rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Qara Dəniz sahillərində mühasirbəyə yollanmışdır. O, 1942-ci ilin fevral ayənda itkin düşmüşdür. Bu barədə ona Azərbeycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli arayış verilmişdir. Qardaşı itkin düşdüyü vaxtdan hal-hazıra kimi tapılmamışdır. Güman edilir ki, qardaşı Böyük Vətən Müharibəsində gedən döyüşlərin birində vəfat etmişdir. Lakin o, hələ də qardaşının adına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, ölüm haqqında şəhadətnamənin alınması ona qardaşının adına olan miras əmlakın sənədləşdiirlməsi ilə bağlıdır. Ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də bunadan imtina edilərək bildirilmişdir ki, bu işin həlli yalnız məhkəmə vasitəsilə mümkündür. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X4 ərizədə qeyd edilənlərə uyğun məzmunda izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X6 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə müraciət edərək işlərin çoxluğu ilə əlaqədar mülki işə Şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarına və araşdırılmış sübutlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 278 nömrəli arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi həqiqətən BVM iştirakçısı olub. O, xx.xx.1947-ci il tarixli, ******* saylı bildiriş əsasında 02.1942-ci ildə itkin düşmüşdür. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 144/12 saylı arayış surətindən görünür ki, -- Xaspulat Süleyman oğlu xx.xx.1945-ci ildə Azərbaycan Respublikasında vəfat etmiş, ölümü haqqında xx.xx.1945-ci il tarixli 189 saylı akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 790-05/75 saylı arayışdan görünür ki, X8 (Xaspolat) oğlu barəsində Bakı şəhəri Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: Şöbədə arxiv sənədləri 1942-ci ildən saxlanılır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 790- 05/75 saylı məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi qardaşı Süleymanov Xankişi Böyük Vətən Müharibəsi iştirakçısı olmuş və itkin düşmüşdür. Bu barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 278 nömrəli arayış verilmiş, arayışda 1919-cu il təvəllüdlü Süleymanov Xankişinin həqiqətən Böyük Vətən M iştirakçısı olduğu və xx.xx.1947-ci il tarixli, ******* saylı bildiriş əsasında 02.1942ci ildə itkin düşdüyü göstərilmişdir. Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün müvafiq Qeydiyyat Şöbəsinə müraciət etsə də qardaşının ölümünü təsdiq edən tibbi sənəd olmadığından müraciəti təmin edilməmişdir. O, bundan sonra qardaşının ölmüş elan edilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi Böyük Vətən Müharibəsi iştirakçısı olmuş və itkin düşmüşdür. Belə ki, bu halı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi verdiyi arayışla təsdiq edir. Göründüyü kimi ərizəçi tərəfindən ölmüş elan edilməsi xahiş edilən qardaşı Süleymanov Xankişi hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsdir və müvafiq hərbi əməliyyatlar 1945-ci ildə bitsə də onun harada olması barədə hərbi əməliyyatlar qurtardıqdan sonra heç bir məlumat əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi ölmüş elan edilməlidir. Lakin məhkəmə Süleymanov Xankişinin məhz 1942-ci ilin fevral ayında ölmüş elan edilməsi ilə bağlı ərizəçinin xahişinə münasibət bildirərək qeyd edir ki, hazırkı ərizə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin ölmüş elan edilməsi ilə bağlı verilmişdir. Təsadüfi deyil ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndində də bu iki hüquqi əhəmiyyətli fakt bir-birindən fərqləndirilir. Həmin Qərarda qeyd edilir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu mənada məhkəmə hesab edir ki, Süleymanov Xankişinin ölüm günü məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün sayılmalıdır. Hazırkı işdə isə görünür ki, ərizəçi 1942-ci ilin fevral ayında itkin düşmüş qardaşının ölüm tarixinin itkin düşdüyü tarix hesab edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.4-cü maddəsində bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmənin şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bildiyi qeyd edilsə də göründüyü kimi bunun üçün şəxsin həlakının güman edildiyi konkret günün mövcud olması tələb olunur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 312-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi hərbi əməliyyatlarla əlaqədar itkin düydüyündən və onun itkin düşdüyü hərbi əməlliyyatların 1945-ci ildə qurtarmasına baxmayaraq, ondan itkin düşdüyü vaxtdan bəri heç bir məlumat alınmadığından ərizə qismən təmin edilməli, 1919-cu il təvəllüdlü Süleymanov Xankişi Böyük Vətən Müharibəsində gedən döyüşlərdə ölmüş elan edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 312-316, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 1919-cu il təvəllüdlü Süleymanov Xankişi Böyük Vətən Müharibəsində gedən döyüşlərdə ölmüş elan edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi gün şəxsin ölüm günü sayılır. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar