Məhkəmə qərarları › İş №2(010)-3710/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3710/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3710/2020 01.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən İddiaçı1 onunla birlikdə yaşayan uşaqları X6 və İddiaçı2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx xxxxxx 1998-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Birgə nikahlarından İddiaçı2 və X6 doğulmuşdur. Birgə nikah dövründə 2006-cı il tarixdə cavabdehlə birlikdə 1000 ABŞ dollarına torpaq sahəsi almışdır. 600 ABŞ dollarını Zakir, qalan 400 ABŞ dollarını onun valideynləri vermişdir. 2007-ci ildə isə həmin ünvan 1 ünvanında birgə vəsaitləri hesabına ev tikmiş, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdehlə aralarında olan nikah pozulduqdan sonra cavabdeh onu həmin mənzildən qovub mənzilə buraxmamışdır. O, uşaqları ilə birlikdə kirayədə yaşayır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Digər İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq həmin iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə verərək bildirdi ki, o, iddianı qəbul edir və iddiaçıların həmin mənzilə köçürülmələrinə heç bir etiraz etmir. Odur ki, iddianın təmin edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-5324/2018 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməyə əsasən iddia təmin edilmiş, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.1998-ci ildə Culfa rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2003-cü il təvəllüdlü X4 boşanmadan sonra iddiaçı X2 yanında qalması, Cavabdeh İddiaçı1 xeyrinə xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat və xx.xx.2003-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat miqdarında aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş yerli (bələdiyyə) vergilərinin və ödənişlərinin qəbulu üçün qəbzin surətindən görünür ki, Nizami küçəsi 234b ünvanında yerləşən evə görə müvafiq vergini Cavabdeh ödəyor. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 və Cavabdeh birgə nikahları dövründə tikilmiş, lakin dövlət qeydiyyatına alınmamışdır. İşin bu halını cavabdeh də mübahisələndirməmiş, iddianı tam qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi, iddiaçıların köçürülmək istədikləri fərdi yaşayış evi üzərində mülkiyyət hüququ rəsmiləşdirilmədiyindən həmin evlər özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yəni həmin ev özbaşına tikili olduğundan cavabdeh X3 həmin evin mülkiyyətçisi deyil. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmiş və qadağan edilmiş “mənzildən qanunsuz məhrum etmə” halı artıq baş vermiş hesab edilməlidir, çünki mənzildən məhrum edən özü mənzilin qanuni mülkiyyətçisi deyil. Həmçinin, işdən görünür ki, cavabdeh məhkəməyə ərizə verərək iddianı qəbul edərək iddiaçıların həmin mənzilə köçürülməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Bu Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi etirafla bağlı hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, bu Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, onun yetkinlik yaşına çatmayan oğlu və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. İddiaçılar İddiaçı1, onun yetkinlik yaşına çatmayan oğlu və İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar