Məhkəmə qərarları › İş №2(010)-378/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-378/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-378/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, İddiaçının vəkili X3 və Üçüncü şəxs qismində cəlb edilmiş Göyçayev Aslan Məlik oğlunun iştirakları ilə, İddiaçı Abbasov Tərlan Hamlet oğlunun Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında (“Ballı” marketin arxası) yerləşən evə köçürülmə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə el adəti ilə evlənmiş və nikahları 1691 nömrəsi ilə rəsmi qeydiyyata alınmış, birgə nikah dövründə iki övladları – xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X10 doğulmuşdur. Evlənəndən sonra 2 ay müddətində anasının yanında qaldıqdan sonra bir müddət kirayədə qalmış, birgə nikah dövründə həyat yoldaşı ilə birlikdə “Silk Way” Helikopter aviaşirkətində özü texnik, yoldaşı isə mühəndis vəzifəsində işləyərək maaşlarını yığıb, ona məxsus olan “Opel Vectra” markalı avtomobili satıb, bankdan 3000 manat və 4000 manat kredit götürüb 2013-cü il tarixində ünvan 1 ünvanında (Ballı marketin arxası) boş ərazidə özbaşına tikili olan fərdi yaşayış evini tikərək həyat yoldaşı Cavabdeh ilə orada 8 il müddətində yaşamışdır. Həmin dövrdə yaşadıqları yerə yaxın sənədsiz, baxımsız ərazidə bir çox ailələr ev tikmiş, onlar da həmin kəndin sakini kimi indi yaşadıqları, yəni ünvan 1 ünvanında (Ballı marketin arxası) ev tikdirmişlər. Həmin evin tikintisinə onlar 2013-cü ilin mart-aprel aylarında başlamış, 5-6 ay ərzində evin tikintini başa çatdırıb oraya köçmüşlər. Qaynı 4 il bundan əvvəl evlənmiş, onların qayınana və qayınatası ilə yaşamaları mümkün olmadığından onlara evin arxa tərəfində yer vermişlər. Lakin bu hərəkətin düzgün addım olmadığını o sonradan başa düşmüş, onlar öz oğullarının canı qurtarsa da onun başı onlarla dərdə düşmüş və artıq bir ildir ki, onlar hər bir şeyə müdaxilə edib bu yolla onu bezdirmiş və sonda onu öz evindən qovmuşlar. Onun orada ev tikməsinə bütün qonşular, nisyə mal götürdüyü mağazaların satıcıları, həmin dövrdə banklardan aldığı arayışlar, öz avtomobilini satması əyani sübutdur. Çünki, məqsədi ailəsinə şərait yaratmaq və evini istədiyi kimi qurmaq olmuşdur. Arvadının valideynlərinə pensiyaya çıxana qədər evlərində qalmalarına icazə vermişdir, lakin onlar nəinki evdən çıxmış, hətta onun evini də dağıtmış, sahiblənməyə çalışmış, bu məqsədlərinə nail olmaq üçün qayınatası həyat yoldaşının adından boşanma ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir və iş hazırda məhkəmənin icraatındadır. Hal-hazırda o, öz qohumunun evində sığınmaq məcburiyyətində qalmışdır. Başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət kirayədə yaşamış, sonra yoldaşı ona hazırda evin yerləşdiyi boş ərazidə ev tikməyi təklif etmişdir. Bundan sonra onlar 2013-cü ilin mart-aprel aylarından başlayaraq boş ərazidə ev tikməyə başlamış, 5-6 aya yekunlaşdırmışlar. Bu evi tikmək üçün o maşınını satmış, bankdan bir neçə dəfə kreditlər götürmüşdür. Sonradan yoldaşının valideynləri də bu ərazidə ev tikmişlər. Onlar bu əraziyə işıq, su, qaz çəkdirmiş, bu səbəbdən kommunal xidmətlər onların adına olmuşdur və onlar tərəfindən ödənilmişdir. Cavabdehlə münasibətləri pozulduqdan sonra 2020-ci ilin fevral ayında onu 8 il yaşadığı bu evdən qovmuşlar. Halbuki, evi yoldaşı ilə birgə vəsaitləri hesabına tikdirmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının köçürülmək istədiyi ev özbaşına tikili olsa da iddiaçının vəsaitləri hesabına tikilmişdir. Belə ki, iddiaçı evin tikintisi üçün maşınını satmış, banklardan kredit götürmüşdür. Ev iddiaçının vəsaitləri hesabına tikildiyindən bu evdə onun da yaşamaq hüququ vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyərək məhkəməyə ünvanladığı iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən faktlar işin həqiqi hallarına uyğun olmamaqla uydurmadır və bu məhkəmə baxışının nəticəsi olaraq öz təsdiqini tapmışdır. İddiaçı qeyd edir ki, guya onun tərəfindən inşa edilmiş tikili boş sahədə inşa edilmişdir. Bu həqiqəti əks etdirmir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillər, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məxsus mənzilin texniki pasportu və cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadələri ilə müəyyən edilir ki, özbaşına tikili Aslan Göyçayevə məxsus mənzilin “aqarodunda” inşa edilmişdir. A.Göyçayevə məxsus mənzilin yerləşdiyi bina 1934-cü ildə inşa edildiyindən, mənzildə hamam nəzərdə tutulmamış, hər bir mənzil sahibi binanın həyətində hamam, su anbarı inşa edib şərait qurmuşdur. Hazırki iş üzrə mübahisəli yaşayış evinin yerində mövcud olmuş tikili Aslan Göyçayevə məxsus mənzili ona satmış əvvəlki mülkiyyətçi tərəfindən inşa edilmiş, lakin tikilinin hamam kimi istifadəsi mümkün olmadığından, həmçinin Aslan Göyçayev oğlunu mənzillə təmin etmək istədiyindən, köhnə tikilini sökərək yerində hazırki yaşayış evini inşa etdirmişdir. Bir sözlə mübahisə tikili boş sahədə deyil, köhnə hamam və su anbarının yerində inşa edilmiş, hamam və su anbarı isə məhz hazırki tikilinin inşasından bir neçə gün öncə sökülmüşdür. İkincisi, iddiaçı qeyd edir ki, mübahisəli yaşayış evinin inşasına 2013-cü ilin mart-aprel aylarında başlamış və 5-6 ay ərzində tikinti başa çatmış və orada yaşamağa başlamışlar. Bu həqiqəti əks etdirmir. İşdə olan fotoşəkillər və şahidlərin ifadələri ilə müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi 2012-ci ilin sentyabr ayında başlamış, 2013-cü ilin yanvar ayında başa çatmışdır. Evin tikintisinə başlanan zaman cavabdeh Səkinə Göyçayevə valideynləri ilə iddiaçı isə öz valideynləri ilə qalmış, tərəflərin mübahisəsi yarandığından, ayrı yaşamışlar, bir müddət sonra 2012-ci ilin oktyabr ayında tərəflərin uşaqları olduğundan, münasibətləri istiləşməyə başlamış, artıq evin xeyli hissəsi tikilmiş, bundan sonra iddiaçı həmin əraziyə gəlibgetməyə başlamışdır. Həmçinin, qeyd olunmalıdır ki, tərəflərin 2012-ci ilin oktyabr ayında uşaqları olarkən münasibətləri normallaşmağa başlasa da neçə ay sonra yenidən aralarında mübahisə düşmüş və iddiaçı yenidən valideynlərinin yanına qayıtmış, 2013-cü ilin may ayında tərəflər faktiki ayrılmış, daha sonra S.Göyçayevə tərəfi İddiaçı qarşı nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur Göründüyü kimi tikintinin 2013-cü ilin aprel-may aylarında başlaması və 5-6 ay davam etməsi həqiqət etdirmir. Əvvəla, işdə olan sənədlərdən görünür ki, tikinti 2012-ci ilin sentyabr ayında başlayıb. 2013-cü ilin əvvəlində bitmiş, digər tərəfdən iddiaçının göstərdiyi tarixlərdə tərəflər birlikdə yaşamadıqlarından və aralarında hətta məhkəmə mübahisəsi olduğundan, iddiaçının həmin ya sahəsini inşa etməsi mümkün deyildi. Yaşadığı evin hansı tarixdə inşa edildiyini xabriam iddiaçının yaşayış sahəsinin məhz onun tərəfindən inşa edilməsi barədə dedikləri həqiqət etdirməməklə, onun mülahizəsindən ibarətdir. İddiaçı ərizəsində ustaları, qonşuları, nisyə mal aldığı satıcıları şahid qismində edəcəyini bildirsə də məhkəmə araşdırması zamanı heç bir şahid təqdim etməmiş, əksinə ustalar, qonşular cavabdeh tərəfindən şahid qismində ifadə vermiş və onların ifadələri iddiaçının dediklərini tamamilə təkzib edən ifadələr olmuşdur. Həmçinin, iddia ərizəsində evi şəxsən özü tikdiyini bildirsə də məhkəmə araşdırmasında ifadəsini dəyişən iddiaçı evi Aslan Göyçayevin inşa etdirdiyini, lakin onun tərəfindən verildiyini bildirməklə ilkin izahatını dəyişdirmişdir. İddiaçı məhkəmədə ifadə verərəkən ilkin olaraq evin tikintisinə 8000 manat, növbəti iclasda 18 min manat xərcləndiyini söyləmiş, evin ölçüləri ilə bağlı məhkəmənin sualına cavab bilməmişdir. İddiaçının evin tikintisi ilə bağlı adi suallara belə düzgün olmayan və ziddiyətli cavab verməsi ona dəlalət edir ki, iddiaçının evin tikintisindən, çəkilmiş xərclərdən ümumiyyətlə xəbəri olmamışdır. İddiaçı ərizəsi və izahatında ilkin olaraq özlərinə ev tikdiyini, lakin sonradan 4 il əvvəl qayınanası və qayınatası üçün onun tikdiyi evin yanında ev tikilməsinə icazə verdiyini bildirmişdir. Lakin işə əlavə edilmiş fotoşəkillər, həmçinin şahidlərin ifadələri ilə müəyyən olunur ki ki, mübahisəli tikili eyni zamanda inşa edilmiş, cavabdehin valideynlərinə məxsus otağın ayrı giriş-çıxışı olmuş, tikinti eyni vaxtda başa çatdırılmışdır. İkincisi, işdən müəyyən olunur ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə ilə cavabdehin valideynləri arasında müqavilə bağlanmış və sonuncular tərəfindən vergi ödənilir. Həmçinin, mübahisəli mənzilə dair kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr evi tikdiyini iddia edən İddiaçıla deyil, cavabdehin anası ilə bağlanmış və sərfiyyatla bağlı göndərilən qəbzlərdə mülkiyyətçi kimi onun adı qeyd olunur. Bunun nədən irəli gəldiyinə dair məhkəmənin sualına isə iddiaçı heç bir tutarlı cavab verə bilməmişdir. Cavabdehin valideynlərinin yaşadığı binanın həyətində iddiaçı tərəfindən sahənin alınması, yaşayış sahəsinin inşa edilməsi məntiqli hesab oluna bilməz və iddiaçı da bunu hər hansı formada əsaslandıra bilməmişdir. Üçüncüsü, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin valideynləri öz oğlanlarının mənzil təminatını yaxşılaşdırmaq üçün həmin mənzili inşa etdirmiş, lakin iddiaçı və cavabdeh arasında davam edən mübahisələr bitmədiyindən, ailənin dağılmasının qarşısını almaq məqsədilə iddiaçı və cavabdehin həmin tikilidə yaşamasına icazə verilmiş, nəticədə onlar hazır evdə təxminən 7 il yaşamışlar. Əlavə olaraq qeyd edilməlidir ki, tərəflərin nikahda olduğu bütün müddət ərzində demək olar ki, hər 3-4 aydan bir böyük mübahisələri olmuş, iddiaçı evi tərk edib getmiş, sonra iddiaçının anası cavabdehin valideynlərinin yanına gələrək barışmaları üçün şərait yaradılmasını istəmiş və valideynlərin təkidi və dəstəyi ilə ailə münasibətləri ancaq bu qədər qoruna bilinmişdir. Dördüncüsü, iddiaçı evin tikintisini təşkil etdiyini bildirib, daha sonra sübutlar və şahidlərin ifadələri ilə bunun təkzib edildiyini gördükdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Aslan Göyçayevə tikinti üçün pul verdiyini iddia edib, təxmini məbləğlər göstərmiş, lakin hansı tarixlərdə, hansı şəraitdə həmin pulların verilməsinə dair heç bir sübut və tutarlı fakt təqdim etməmişdir. Əksinə, onun izahatları ilə müəyyən olunur ki, evin ölçüləri barəsində, hansı hissələrə nə qədər pul xərclənməsi barədə heç bir məlumatı yoxdur. Bunun əksinə olaraq, A.Göyçayev çəkilmiş bütün xərclərin qeydiyyatına aparmaqla detallı şəkildə məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçı tərəfindən işin materiallarına əlavə edilmiş kredit sənədləri isə həmin pulların evin tikintisinə sərf edilməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas vermir. İddiaçı evlənməmişdən öncə və evlilik dövründə müxtəlif vaxtlarda dəfələrlə kreditlər götürmüş, bundan ailə üzvlərinin xəbəri olmamış, bir krediti alıb, digərini bağlamış, krediti ödəyə bilmədiyi üçün maşınını satmış, aldığı pulları ailə təsərüfatına sərf etməmiş, ümumiyyətlə iddiaçı ailə təsərrüfatının formalaşmasında demək olar ki, iştirak etməmiş, hətta cavabdehə məxsus qızılları lombarda qoymuş və qızılları cavabdehə qaytarmamışdır. Üstəlik, iddiaçı avtomobilini sataraq evin tikintisinə xərclədiyini bildirsə də, avtomobili 2013cü ildə evin tikilməsindən xeyli müddət sonra satmışdır. Kreditin alınması həmin pulların məhz evin inşasına yönəldilməsini təsdiq edən fakt kimi çıxış edə bilməz. Həmçinin iddiaçının ilkin izahatları ilə sonrakı izahatları arasındakı kəskin ziddiyət bunu deməyə əsas verir ki, iddiaçının tələbinin əsaslarına dair göstərdikləri işin materialları ilə öz təsdiqini tapmır. Beləliklə, mübahisəli mənzilin yerləşdiyi sahə faktiki olaraq cavabdehin valideynlərinə məxsus olmaqla, həmin sahənin üzərində inşa edilmiş özbaşına tikili də məhz həmin şəxslərə məxsus olub onlar tərəfindən inşa edilmişdir. İddiaçı həmin evdən ailə mübahisəsi ilə bağlı çıxıb getmiş, tərəflər ailə münasibətlərini faktiki olaraq bitirmişlər, iddiaçının həmin evə qayıtması və cavabdehlə birlikdə yaşaması üçün heç bir qanuni əsas mövcud deyil. Bu vəziyyətdə iddia təmin edilə bilməz. Yaşayış evi cavabdehin valideynlərinə məxsusdur, onlar isə qızları ilə birlikdə yaşamayan və ayrılmış iddiaçını həmin evə buraxmamaqda haqlıdırlar. Yuxarıda qeyd edilənlərin məntiqi davamı olaraq qeyd edilməlidir ki, iddiaçının bu cür iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Subyektiv hüququn olmadığı şəraitdə iddia rədd edilməlidir. Mübahisə tikili daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasa da tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehin valideynləri ilə bağanmış müqavilə və tikilinin gələcəkdə dövlət qeydiyyatına alınması ehtimalı onu deməyə əsas verir ki, cavabdehin valideynləri daşınmaz əmlak üzrə qanuni gözləntiyə sahib olmaqla tikilinin potensial mülkiyyətçiləridir. İddiaçının həmin sahəyə tələbi isə cavabdehlə yanaşı həmin tikiliyə dair daha çox qanuni gözləntiyə malik digər şəxslərin, yəni cavabdehin valideynlərinin maraqlarına uyğun olmamaqla, onların hüquqlarının pozulmasına səbəb olacaqdır. Daşınmaz əmlaka hüququn qeydə alınmaması həmin əmlakın ərsəyə gəlməsi üçün vəsait xərcləmiş şəxslərin hüquqlarının hər hansı formada pozulması və yaxud məhdudlaşdırılmasına əsas ola bilməz. Tikinti birgə təsərrüfat hesabına inşa edilmədiyindən və iddiaçının həmin sahəyə dair heç bir hüququ olmadığından, həmin sahə ilə bağlı hər hansı gözləntiyə də malik deyil. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə iclasında iştirak edən işə üçüncü şəxs qismində cəlb edilmiş Göyçayev Aslan Məlik oğlu iddianı əsassız hesab edərək bildirdi ki, cavabdeh onun qızıdır və xx.xx.2011-ci ildə iddiaçı ilə ailə qurmuşdur. Lakin toydan iki ay sonra evə qayıdan qızı iddiaçı ilə yaşadıqları evin heç bir şəraitinin olmadığını, orada yaşaya bilmədiyini demişdir. Fevralda yenidən iddiaçının yanında getmiş, lakin mayda yenə qayıtmışdır. Münasibətləri həmişə belə münaqişəli, get-gəlli olmuşdur. 2012-ci ilin sentyabrdında isə onlar ev tikmək qərarına gəlmişlər. O da öz yaşadıqları binanın yerləşdiyi sahədə ev tikməyə başlamışdır. Bu sahə sənədsiz olsa da faktiki olaraq ona məxsusdur. Belə ki, torpağa görə vergi ödəyir, eyni zamanda evin kommunal xidmətləri də onun adınadır. Evi öz vəsaiti hesabına tikmiş, ustaları özü çağırmış, pullarını özü vermişdir. Həmin şəxslər şahid kimi izahat verə bilərlər. İddiaçı isə həm bankdan götürdüyü kreditləri, həm də satdığı maşının pulunu öz şəxsi işlərinə görə xərcləmiş, bir krediti digərini götürərək bağlamış, borc içində olmuşdur. Onun bu evdə heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixinə İddiaçı adına olan hesabdan çıxarışdan görünür ki, sonuncu Bankdan 3800 manat məbləğində kredit götürmüşdür. “xxxx” BOKT MMC və İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarışdan və müqavilənin predmetindən görünür ki, kredit verən tərəfindən İddiaçı 6300 ABŞ dolları məbləğində, 36 ay müddətinə, illik 17%-lə “Opel Vectra-minik” markalı avtomobilin alınması üçün, həmin avtomobilin girov qoyulması şərtilə kredit verilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilənin xx.xx.2017-ci il tarixli, 12/16934 saylı müqavilədən görünür ki, ünvan 1, ev 3, mənzil 12-də yaaşayan istehlakç Göyçayeva Esmira Sabir qızı və qaz paylayıcı arasında istehlakçının keyfiyyətli qazla təmin edilməsi və qazın dəyərinin ödənilməsi məqsədilə müqavilə bağlanılmışdır. “xxxx” ASC və “xxxx” ASC tərəfindən verilmiş aylıq hesab fakturalarından görünür ki, ünvan 1 küçəsində yerləşən evin müvafiq kommunal ödəniş qəbzləri Göyçayeva Esmira Sabir qızının adına olmuşdur. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X11 bildirmişdir ki, Göyçayev Aslan Məlik oğlunun qardaşı ilə birlikdə işləyir. 2012-ci ildə iş yoldaşı ona qardaşının ev tikdirdiyi və usta lazım olduğunu demiş, o bununla razılaşaraq Suraxanıya, evin yerləşdiyi əraziyə getmişdir. Həmin vaxt ev yarımtikili olmuş, dam olsa da pəncərə-qapı olmamışdır. Ona isə evin istilik sisteminin quraşdırılması tapşırılmışdır. Sonda işinin müqabilində Aslan ona 600 manat məbləğində pul vermişdir. Tərlanı isə Aslanın kürəkəni kimi tanımış, lakin ondan nə pul, nə də hansısa tapşırıq almamışdır. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X8 bildirmişdir ki, o Aslan Göyçayevi televizor ustası kimi tanımışdır. Belə ki, Aslanın iş yeri onun evinin yaxınlığındadır. Eyni zamanda, özü də ustadır və evlərin tikintisi zamanı dam, suvaq vurmaqla məşğuldur. 2012-ci ilin payız aylarında Aslan ona ev tikdirdiyini, dam üçün usta lazım olduğunu demişdir. Onlar 700 manata razılaşmış, 2012-ci ilin sonlarında damı vurmuşdur. Həmin vaxtlar havanın soyuq olduğu və soba ilə qızındıqları yadında qalıb. Aslanın kürəkəni Tərlanı isə heç görməmişdir. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X14 bildirmişdir ki, İddiaçı onun oğludur. 20 il əvvəl anası ilə ayrılmışdır. Buna baxmayaraq, təxminən 10 il əvvəl nişanlısı ilə yanına gəlmiş, onları xoş qarşılamış, toyunu özü etmişdir. Göyçayev Aslan isə oğlunun qayınatası olmuşdur. O, 2012-ci ildə özünə ev tikmişdir. Onun öz oğlu Tərlan isə borcun içində olmuş, ev tikməyə pulu olmamışdır. Elə buna görə də Aslanın ona yazığı gəlmiş, qızı ilə onun evində yaşamasına icazə vermişdir. Həmin vaxt oğlu Tərlan özü ona demişdir ki, qayınatası ev tikir. Beləliklə, oğlu olmasına baxmayaraq, evi Tərlan yox, Aslan tikmişdir. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X2 bildirmişdir ki, o, Aslanla qonşudur. Tərlan isə Aslanın kürəkəni kimi tanımışdır. Mübahisəli evin tikintisində o da iştirak etmişdir. Belə ki, evin kafel-metlaxını və divar kağızını özü vurmuşdur. Nə qədər pul aldığı yadında qalmasa da pul haqq-hesabını yalnız Aslanla aparmış, pulu da Aslandan almışdır. Tərlanla bu mövzuda heç bir danışığı olmamışdır. Məhkəmə iclasında şahid kimi izahatı alınmış X12 bildirmişdir ki, həm Tərlanı, həm də Aslanı qonşu kimi tanıyır. X6 ilə evlidir. Onların yaşadıqları binanın qarşısında Aslan ev tikdirmişdir. Özü də bu evin tikintisində fəhlə kimi 1-2 gün işləmiş, 50 manat pul almışdır. Həmin vaxt Tərlanı görməmişdir. O vaxt Şahin ona demişdir ki, həyət də, ev də Aslanındır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması, tərəflərin və şahidlərin izahatlarının dinlənilməsi nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında (“Ballı market”in arxası) yerləşən ev Cavabdeh atası Göyçayev Aslan Məlik oğlu tərəfindən tikilmişdir. Göyçayev Aslan Məlik oğlu iş üzrə üçüncü şəxs kimi işə cəlb edilmişdir. Lakin ev özbaşına tikilidir və rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Ev iddiaçı və cavabdehin birgə nikahları dövründə tikilmiş olsa belə onların birgə vəsaiti hesabına deyil, cavabdehin atasının vəsaiti hesabına tikildiyindən birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Çünki evi tikən cavabdehin atası Göyçayev Aslan Məlik oğludur. Bu hal iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq evin tikintisində bilavasitə iştirak etmiş şəxslərin şahid kimi izahatı alınmış, şahidlərin hər biri üst-üstə düşən və bir-birini tamamlayan məzmunda izahat verərək evin tikintisinə 2012-ci ilin payız aylarından etibarən başladıqlarını, pullarının Göyçayev Aslan Məlik oğlu tərəfindən ödənildiyini, evin Aslana aid olduğunu, İddiaçı isə Aslanın kürəkəni olaraq tanıdıqlarını bildirmişlər. Xüsusən, şahidlərdən biri - X14 İddiaçı atası olsa da o da evin oğlu tərəfindən deyil, qayınatası Aslan tərəfindən tikildiyini, oğlunun ev tikməyə imkanı olmadığına görə qayınatasının ona burada qalmağa icazə verdiyini bildirmişdir. Məhkəmə həmin şahidin ifadəsini iddiaçının atası kimi onun xeyrinə izahat verməsinin gözlənilən olmasına baxmayaraq, onun əleyhinə izahat vermiş olması baxımından xüsusi qiymətləndirir. Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatda evin 2013-cü ildən tikilməyə başlandığını bildirsə də evin bilavasitə tikintisində iştirak etmiş ustaların hər biri evin 2012-ci ildə tikilməyə başlanılmasını təsdiq etmişdir. Eyni zamanda, evin bütün kommunal ödənişləri Göyçayevlər adınadır və iddiaçı izahatında bu halı özü də qəbul etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş onun müxtəlif banklardan evin tikintisinə görə kredit almış olması ilə bağlı dəlillərə münasibət bildirən məhkəmə qeyd edir ki, İddiaçı bankdan kredit götürməsi faktı əsasında bu kreditin məhz evin tikintisi üçün alındığı nəticəsinə gəlmək mümkün deyil. Həmçinin, bağlanmış kredit müqavilələrinin birində kreditin maşın almaq məqsədilə alındığı açıq şəkildə göstərilmişdir. İddiaçı aldığı maşını evin tikintisi üçün satdığını qeyd etsə də həmin müqavilədə maşının kredit öhdəliyinin təminatı kimi girov qoyulması göstərilmişdir. Maşın sonradan satılmış olsa da iddiaçı tərəfindən bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Təqdim edilsə belə artıq yuxarıda qeyd edildiyi kimi təkcə maşının satılması barədə məlumat əsasında satışdan əldə edilən bütün vəsaitin evin tikintisinə xərclənmiş olması nəticəsinə gəlmək mümkün deyil. Xüsusən, məhkəmə iclasında iddiaçının öz atası da daxil olmaqla izahat verən şahidlərin hər birinin evin Göyçayev Aslan Məlik oğlu tərəfindən tikilmiş olduğunu təsdiq etməsinə baxmayaraq, İddiaçı oğlu evin məhz özü tərəfindən tikilmiş olduğunu iddia edirsə qeyd etdiklərini təsdiq edəcək və digər sübutları əhəmiyyətsiz edəcək mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Artıq yuxarıda qeyd edilənlərdən göründüyü kimi bu özbaşına tikili olan evin nə tərəflərin birgə nikahı dövründə onların birgə vəsaiti əsasında, nə də İddiaçı tərəfindən onun maddi vəsaiti hesabına tikilmədiyi aşkardır. İddiaçı sadəcə olaraq qeyri-səmimilik nümayiş etdirərək əsassız iddia ilə məhkəməyə müraciət etmiş, Göyçayev Aslan Məlik oğlu tərəfindən tikilmiş bu evin özü tərəfindən tikildiyini sübut etməyə çalışmışdır. Bu niyyət isə Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinın İ bəndi ilə müəyyən edilən və təminat altına alınan “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” müddəasının əhatə dairəsindən kənara çıxır. Belə ki, bu norma yaşayış sahəsindən qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. İddiaçı niyyəti isə başqa şəxsin tikdiyi evdə evi tikən şəxsin razılığı olmadan yaşamaqdır. Bu ev özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamış olsa belə evin Göyçayev Aslan Məlik oğlu tərəfindən tikildiyi, bununla da onun evin gələcəkdə mülkiyyətçisi kimi tanınmağa qanuni gözləntisi olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). Hər bir halda bu ev hazırda dövlət qeydiyyatına alınmadığından özbaşına tikili hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının köçürülmək istədiyi özbaşına tikilinin nə tərəflərin birgə nikah dövründə ortaq vəsaitləri hesabına, nə də iddiaçının öz vəsaiti hesabına tikilməsi iş materialları və şahid ifadələri ilə sübut edilmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödəniləmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiаçı Abbasov Tərlan Hamlet oğlunun Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar