Məhkəmə qərarları › İş №2(010)-3785/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3785/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3785/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh6 və digərlərinə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Fəzail oğlu, Cavabdeh10, Cavabdeh11 Fəzayil oğlu və azyaşlılar X4 və X2 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, 5A saylı evin 74 saylı mənzilə dair istifadə hüququnun olmaması (itirilmiş hesab edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi 5A saylı evin, 74 saylı mənzilini alğı-satqı müqaviləsinə əsasında Cavabdeh6 almışdır. Müqavilənin şərtlərinə qarşılıqlı olaraq hər iki tərəfdən əməl edildikdən sonra satıcı alğı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 60 gün müddətində həmin mənzildə qeydiyyatda olan digər şəxslərlə birlikdə qeydiyyatdan çıxmalı olduğu halda satıcı öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Belə ki, cavabdehlər övladları ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. Cavabdehlərin mənzilində qeydiyyatda olması əlavə kommunal xərclər çəkməsinə yol açır və evlə bağlı sənədləşdirmə işlərində maneələr yaradır. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək bildirdi ki, o, mənzili Cavabdeh6 almış, dolayısıyla aldıqdan sonra onun mənzildən istifadə hüququna xitam verilmişdir. Digər cavabdehlərin isə ümumiyyətlə bu mənzildən istifadə hüquqları yoxdur. Odur ki, məhkəmədən Cavabdeh6 mənzildən istifadə hüququna xitam verilməsini, digər cavabdehlərin isə mənzildən istifadə hüququ olmayan hesab edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Fəzail oğlu, Cavabdeh10, Cavabdeh11 Fəzayil oğlu, X4 ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 tərəfindən İddiaçı satılmışdır. Həmin vaxtdan Cavabdeh6 həmin mənzildə yaşamır. Digər cavabdehlərin isə ümumiyyətlə bu mənzildən istifadə hüququ yoxdur. Buna baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq evdən istifadə hüququnun müvafiq olaraq itirilmiş hesab edilməsi və olmamasına dair qətnamə qəbul edilməsini xahiş edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, bundan başqa cavabdehlərin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia cavabdehlər yetikinlik yaşına çatmış cavabdehlərə münasibətdə təmin edilməlidir. Lakin məhkəmə, X4 və X3 münasibətdə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, işdən görünür ki, onların hər yetkinlik yaşına çatmayan uşaqdır. Belə olan halda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların tam mülki hüquq və prosessual fəaliyyət qabiliyyəti olmadığından və yaşayış yeri onun valideyninin yaşayış yeri olduğundan onların məhkəmə qətnaməsi əsasında mənzildən istifadə hüququ olmayan hesab edilməsi xüsusi qeyd edilməməlidir. Odur ki, iddia uşaqlarla bağlı hissədə təmin edilməməli, valideynin mənzildən istifadə hüququ olmayan hesab edilməsi uşaqların da həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmçinin, həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Fəzail oğlu, Cavabdeh10 və Cavabdeh11 Fəzayil oğlu ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 Fəzail oğlu, Cavabdeh10, Cavabdeh11 Fəzayil oğlu və yetkinlik yaşına çatmayan uşaqların ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsiniin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar