Məhkəmə qərarları › İş №2(010)-38/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-38/2024

26.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-38/2024 26.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyətçinin hüquqlarının müdafiə edilməsi və zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı Cavabdeh1 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, X4 yerləşən “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli 5 nömrəli Protokoluna, Bağçılıq-Yoldaşlıq Təsərrüfatının vəsiqəsinə, arayışına, işçilərin siyahısına torpağın plan-cizgisinə əsasən blok “B”, sahə 04, 600 kv. m. torpaq sahəsinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılaraq, uçurduğu hasarın bərpa edilməsi, torpaq sahəsinin geri qaytarılması və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, X4 yerləşən “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli 5 nömrəli Protokoluna, Bağçılıq-Yoldaşlıq Təsərrüfatının vəsiqəsinə, arayışına, işçilərin siyahısına torpağın plan-cizgisinə əsasən blok “B”, sahə 04, 600 kv. m. torpaq sahəsinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılaraq, uçurduğu hasarın və darvazanın bərpa edilməsi, kəsmış olduğu 20 ağaca görə vurduğu zərərə görə 5000 (beş min) manat pulun və məhkəməyə ödəlmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması, torpaq sahəsinin geri qaytarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, X4 yerləşən “Qum Adası” bağçılıq-yoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli 5 nömrəli Protokoluna, Bağçılıq-Yoldaşlıq Təsərrüfatının vəsiqəsinə, arayışına, işçilərin siyahısına torpağın plan-cizgisinə əsasən blok “B”, sahə 04, 600 kv. m. torpaq sahəsinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılaraq, uçurduğu hasarın bərpa edilməsi, torpaq sahəsinin geri qaytarılması və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

4.İddiaçı iddia əizəsini onunla əsaslandırmışdır ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli, 5№-li Protokolu ilə 1995-ci ildə X1 ayrılmış bağ sahəsi qarşılıqlı razılaşma əsasında onun (İddiaçı) adına rəsmiləşdirilmiş və “Bahar” BYT-nın (Bağçılıq-Yoldaşlıq Təsərrüfatı) yeni üzvü blok “B” sahə 04, 600 kv.m sahənin sahibi kimi İddiaçı ona məxsus bağ sahəsində abadlaşdırma, yaşıllaşdırma işləri aparmaqla bərabər bağ ətrafı ərazinin təmiz saxlanmasına ciddi riayət edilməsinin tələb olunması qərara alınmışdır. Bundan sonra onun adına həmin bağ sahəsinə Bağçılıq- Yoldaşlıq Təsərrüfatının vəsiqəsi, arayış verilmiş və işçilərin siyahısına adı əlavə olunmuş, torpağın plan-cizgisi təqdim edilmişdir. Belə ki, həmin şənədləşmə işləri aparıldıqdan sonra “Bahar” BYT-nın blok “B” sahə 04, 600 kv.m torpaq sahəni hasara almış, orada ağaclar əkmiş, darvaza qoydurmuş, abadlaşdırma işləri aparmışdır, lakin maddi imkanı olmadığından digər tikinti işlərini apara bilməmişdir. 2021-ci ilin mart ayında o, mülkiyyətində olan torpaq sahəsində olarkən, onun bağ qonşusu Cavabdeh1 tərəfindən ona məxsus torpaq sahəsinin hasarını sökülmüş, 20 ədəd ağac kəsilərək məhv edilmiş, özünün yan hissədə yerləşən torpaq sahəsinə birləşdirərək, yeni hasar çəkmişdir. O, torpaq sahəsinin geri qaytarılmasını və onun əvvəlki vəziyyətinə gətirilməsini tələb etdikdə, cavabdeh ona hədə-qorxu gəlmiş və torpağı isə qaytarmayacağını bildirmişdir. O da məcbur olaraq Cavabdeh1 hərəkətlərinə hüquqi qiymət verilməsi üçün polis orqanlarına müraciət etmişdir. Məsələ Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində araşdırılmış, araşdırılma nəticəsində 30-cu Polis Şöbəsi cavab olaraq işin mülki xarakterli olduğundan onun məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Belə ki, 30-cu Polis Şöbəsində araşdırma nəticəsində toplanmış materiallar üzrə Cavabdeh1 özünün verdiyi izahatında göstərmişdir ki, o, 2010-cu ildə buradan 4,5 sot torpaq sahəsi almış, torpağın üzərində 2 mərtəbəli 6 otaqdan ibarət ev olmuşdur. Onun aldığı torpaq sahəsinin qarşısında 6 sot boş torpaq sahəsi olmuşdur, lakin sonradan həmin boş torpaq sahəsi ilə aralarında olan daş hasarı uçurtmuşdur ki, öz qızına həmin sahədə ev tikdirsin. S.Zeynalovun Şöbəyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli çıxarışın surətindən isə müəyyən olunur ki, ona məxsus torpaq sahəsinin ölçüsü 0,00934 ha torpaq sahəsindən ibarətdir. Yəni cavabdeh mübahisələndirilən torpaq sahəsinin hasarını uçurdaraq öz torpaq sahəsinə əlavə etdiyini etiraf etmiş, hansı ki, həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Odur ki, qeyd olunanlara əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

5.İddiaçı iddia ərizəsinə uğun izahat verərək bildirmişdir ki, “Qum adası” bağçılıqyoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli, 5№-li Protokolu ilə 1995-ci ildə X1 ayrılmış bağ sahəsi qarşılıqlı razılaşma əsasında onun (İddiaçı) adına rəsmiləşdirilmişdir və bununla bağlı olaraq ona müvafiq sənədlər verilmişdir. O həmin şənədləşmə işləri aparıldıqdan sonra “Bahar” BYT-nın blok “B” sahə 04, 600 kv.m torpaq sahənini hasara almış, orada ağaclar əkmiş, darvaza qoydurmuş, abadlaşdırma işləri aparmışdır, lakin maddi imkanı olmadığından digər tikinti işlərini apara bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh orada tikilən hasarı uçurtmuş, və ağacları kəsmişdir. Cavabdeh həmin torpaq sahəsində yeni ev tikmək niyyətindədir və buna görə də ona verilmiş torpaq sahəsinin Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılaraq, uçurduğu hasarın bərpa edilməsi və torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir.

6. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

7. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim olunmalı idi. İddiaçı isə ona xx.xx.2009-cu il tarixdə bağ sahəsinin ayrıldığını qeyd etmiş və bağlar idarəsi isə xx.xx.2007-ci il tarixdə ləğv olunmuşdur. Bunda əlavə iddiaçı tərəf iddia ərizəsinə dəqiqləşmədə bağ sahəsinin Hövsan qəsəbəsində yerləşməsini qeyd edir. Lakin iddia etdiyi bağ sahəsi isə Zığ qəsəbəsi ərazisindədir. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən iddia tələbinə dair əsaslandırılmış sənədlər təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir.

8. 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

9. “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəsayət heyətinin birgə iclasının 2№-li Protokolundan çıxarışa əsasən müəyyən olunur ki, vətəndaş İddiaçı 600 kv. m. torpaq sahəsi olan bloq “B”, sahə 04 saylı bağ sahəsi daimi istifadə etmək üçün təhvil verilmişdir.

10. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunmuş arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdən “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir.

11. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardadından müəyyən olunur ki, vətəndaş İddiaçı məlumatı əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd rdilmişdir.

12. ”Qum Adası” Bahar bağçılıqda bağ sahəsi olan işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir.

13. xx.xx.2009-cu il tarixli “Qum Adası” Bağçılıq-Yoldaşlıq Təsərrüfatının idarə heyyətinin iclasının 5 nömrəli Protokoluna əsasən 1995-ci ildə X1 ayrılmış bağ sahəsi qarşılıqlı razışlaşma əsasında İddiaçı adına sənədləşdirilməsi, “Bahar” BYT-nin yeni üzvü blok “B”, sahə 04, 600 m2 sahənin sahibi İddiaçı tələb olunması, ona məxsus bağ sahəsindən abadlaşdırma, yaşıllaşdırma işləri aparılmaqla bərabər bağ ətrafı ərazinin təmiz saxlanılması ciddi riayət olunması qeyd edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş Bağçılıq-Yoldaşlıq Təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin Bağçılıq-Yoldaşlıq bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Bundan başqa inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğu müəyyən edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 501708 saylı çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 113 saylı bağ evi Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 54 nömrəli reyestr kitabının 5668 nömrəli vərəqində qeydiyyata alınmışdır.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxslərin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Torpaq sahəsinin planından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, 113 saylı evi Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

17. xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuş xx.xx.2024-cü tarixli 3-16-16/2-10/9378 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır. Bildirilir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayon, Zığ qəsəbəsi, 113 saylı bağ evinin yerləşdiyi 0.0495 ha torpaq sahəsinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Cavabdeh1 məxsus Bakı şəhər, Suraxanı rayonu, Zıq qəsəbəsi, 113 saylı bağ evinin yerləşdiyi 0.0495 ha torpaq sahəsindən əlavə 0.00095 ha torpaq sahəsi istifadə olunur.

İşin faktiki halları.

18. “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəsayət heyətinin birgə iclasının 2 №-li xx.xx.1998-ci il tarixli Protokolundan çıxarışa əsasən vətəndaş İddiaçı 600 kv. m. torpaq sahəsi olan bloq “B”, sahə 04 saylı bağ sahəsi daimi istifadə etmək üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunmuş arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.1998ci il tarixdən “Qum Adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. İddia tələbinin predmetini iddiaçıya ayrılmış torpaq sahəsinin boşaldılması, orada tikilmiş hasarın bərpa olunması və torpaq sahəsinin iddiaçıya qaytarılması təşkil edir və həmin torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təşkil olunmuşdur. Təqdim olunmuş ekspertiza rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.

Tətbiq edilən hüquq.

19. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol. Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. AZƏRBAYCAN RESPUBLİKASİNİN TORPAQ MƏCƏLLƏSİ Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

23.Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

25. İşin faktiki hallarından görünür ki, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəsayət heyətinin birgə iclasının 2№-li xx.xx.1998-ci il tarixli Protokolundan çıxarışa əsasən vətəndaş İddiaçı 600 kv. m. torpaq sahəsi olan bloq “B”, sahə 04 saylı bağ sahəsi daimi istifadə etmək üçün təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən təqdim olunmuş arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixdən “Qum Adası” NQÇİ-nin bağçılıqyoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir.

26. İddiaçı izahatında qeyd etmişdir ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının idarə heyətinin 07 iyul 2009-cu il tarixli, 5№-li Protokolu ilə 1995-ci ildə X1 ayrılmış bağ sahəsi qarşılıqlı razılaşma əsasında onun (İddiaçı) adına rəsmiləşdirilmiş və “Bahar” BYTnın (Bağçılıq-Yoldaşlıq Təsərrüfatı) yeni üzvü blok “B” sahə 04, 600 kv.m sahənin sahibi kimi İddiaçı ona məxsus bağ sahəsində abadlaşdırma, yaşıllaşdırma işləri aparmaqla bərabər bağ ətrafı ərazinin təmiz saxlanmasına ciddi riayət edilməsinin tələb olunmuşdur. Bundan sonra onun adına həmin bağ sahəsinə Bağçılıq-Yoldaşlıq Təsərrüfatının vəsiqəsi, arayış verilmiş və işçilərin siyahısına adı əlavə olunmuş, torpağın plan-cizgisi təqdim edilmişdir. Belə ki, həmin şənədləşmə işləri aparıldıqdan sonra “Bahar” BYT-nın blok “B” sahə 04, 600 kv.m torpaq sahəni hasara almış, orada ağaclar əkmiş, darvaza qoydurmuş, abadlaşdırma işləri aparmışdır, lakin maddi imkanı olmadığından digər tikinti işlərini apara bilməmişdir. 2021-ci ilin mart ayında o, mülkiyyətində olan torpaq sahəsində olarkən, onun bağ qonşusu Cavabdeh1 tərəfindən ona məxsus torpaq sahəsinin hasarını sökülməsini, 20 ədəd ağacı kəsərək məhv etməsini və özünün yan hissədə yerləşən torpaq sahəsinə birləşdirərək, yeni hasar çəkdiyinin şahidi olmuşdur. O, torpaq sahəsinin geri qaytarılmasını, onun əvvəlki vəziyyətinə gətirilməsini tələb etdikdə, cavabdeh ona hədəqorxu gəlmiş və torpağı qaytarmayacağını bildirmişdir.

27. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin predmetini iddiaçıya ayrılmış torpaq sahəsinin boşaldılması, orada tikilmiş hasarın bərpa olunması və torpaq sahəsinin qaytarılması təşkil edir və həmin torpaq sahəsinin iddiaçıya məxsus olub-olmaması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təşkil olunmuşdur. 28.Təqdim olunmuş ekspertiza rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, həmçinin bağçılıq-yoldaşlığın bölgü sxemi təhvil verilmədiyindən torpaq sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.

29. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

30. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə müəyyən sənədləri təqdim etsə də, həmin torpaq sahəsinin yerləşməsinə dair plan-cizgini təqdim etməmiş, həmçinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır.

31. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)

32. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı tərəf mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, həmin torpaq sahəsinin harada yerləşməsinə, həmçinin “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının aşkar olunmamasına aydınlıq gətirilmədiyindən, həmin torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə heç bir sübut təqdim olunmadığından hazırkı mübahisəli torpaq sahəsinin iddiaçıya qaytarılması tələbi də istisna olunmalıdır.

Məhkəmə xərcləri.

33. İş materiallarından görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyətçinin hüquqlarının müdafiə edilməsi və zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin olunmamalı və iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh1 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyətçinin hüquqlarının müdafiə edilməsi və zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunsun. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar