Məhkəmə qərarları › İş №2(010)-3807/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3807/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3807/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun olmaması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona (iddiaçıya) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evindən istifadə hüququnun olmaması (istifadə hüququna xitam verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona (iddiaçıya) məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin cavabdehin adı qeydiyyatda olanlar siyahısında olsa da, sözü gedən mənzildə yaşamır. Belə ki, Cavabdeh qızı Çiçək Yadigar qızı ilə ailə quran zaman adı çəkilən ünvana qeydiyyata düşmüşdür. Lakin onların nikahları rəsmi şəkildə məhkəmə yolu ilə ləğv edilib. O vaxtdan (dörd ildir) cavadeh adı çəkilən ünvana gəlib-getmir və yaşamır. Cavabdehin qeydiyyatda olması ona əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində maneələr yaradır. Qeyd edir ki, məhkəmə tərəfindən cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evinə dair istifadə hüququnun olmaması müəyyən edilməlidir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin axırıncı yaşadığı yer Suraxanı rayonu Əmircan qəsəbə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişi adı çəkilən şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində cavabdehə təqdim olunması üçün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin kserosurətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Sovet Sosialist Respublikası Xalq deputatları Soveti İcraiyyə Komitəsinin X1 tərəfindən verilmiş 30/960 nömrəli xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, 4-cü Sülh küçəsi (indiki Şahin Məhərrəmov küçəsi), 3 saylı mənzilixx.xx.1988-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına 07 nömrəli reyestr kitabının 935 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 442/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 637 saylı qeydə alınmış xx.xx.2010-cu il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 anası X2 himayəsində saxlanılması və Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq X2 xeyrinə hər ay 136.6 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə X2 nikahı xx.xx.2017-ci il tarixində ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində Cavabdeh pasport qeydiyyatında olsa da halhazırda həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətinin yarandığı zaman, yəni 2010-cu ildə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Azərbaycan Sovet Sosialist Respublikası Xalq deputatları Soveti İcraiyyə Komitəsinin X1 tərəfindən verilmiş 30/960 nömrəli xx.xx.1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evində yaşamasa da, həmin mənzildə qeydiyyatda qalmışdır. Eyni zamandaCavabdeh həmin mənzildə qeydiyyatda olması həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evinin mülkiyyətçisi olduğundan, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmadığından iddia təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evindən istifadə hüququ olmayan hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evindən istifadə hüququ olmayan hesab edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Şahin Məhərrəmov küçəsi, 3 saylı yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar