Məhkəmə qərarları › İş №2(010)-382/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-382/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-382/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təmirə sərf edilən xərcin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təmirə sərf edilən xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilinin təmirinə sərf edilən 35.000 manat vəsaitin tutulmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh onun xeyrinə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzildə aparılan təmir xərclərinə görə 21800 manat, mənzildə quraşdırılan məişət avadanlıqlarının hazırkı dövr üçün bazar dəyəri olan 11000 manat, cəmi 32800 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu il tarixdən birgə yaşamaqla faktiki nikah münasibətlərində olmuşdur. xx.xx.2013-cü ildə onlar nikahlarını rəsmiləşdirmişlər. Aralarında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. O, ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilində əsaslı təmir işləri aparmışdır. O, həmin mənzilə köçərkən mənzil tam yararsız vəziyyətdə olduğundan mənzili öz şəxsi vəsaiti hesabınba 35000 manatdan artıq xərc qoyaraq əsaslı təmir etmişdir. Həmin məbləğ nikahdan əvvəl ona məxsus olmuşdur. Mənzildə aşağıdakı təmir işləri aparılmışdır. Mənzinin taxta döşəməsi yerindən çıxarılmış, düzəldilmiş, döşəmə dəyişdirilmiş, divarlar, tavan və çöl divarı tam təmir edilmiş, o cümlədən suvaq vurulmuş, yeni divar kağızı çəkilmiş, mənzildə bütövlükdə sanitar qovşağı yenilənmiş, sanitar hissə tam təmir edilmiş, o cümlədən kafel və metlax quraşdırılmış, sanitar hissədə olan avadanlıqlar yenisi ilə əvəz edilmiş, mənzilə istilik sistemi çəkilmiş, eyvanda plastik materialdan şkaf yığılmış, mənzilə quraşdırılmış avadanlıq üçün xeyli məbləğdə pul sərf edilmişdir. Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 301/2018 saylı iş üzrə göstərilən mənzildə aparılmış təmir və sərf olunan məbləğlə bağlı ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29821 nömrəli, xx.xx.2018-ci il tarixli rəyinə əsasən tədqiq olunan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilində aparılmış təmirin sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 22029 manat olduğu müəyyən edilmişdir. Ekspertiza rəyində müəyyən edilmiş məbləğ reallıqdan uzaqdır. Mənzildə aparılan əsaslı təmirə o, 35000 manat vəsait xərcləmişdir. Təmirə xərclədiyi məbləğ onun nikahdan əvvəl şəxsi vəsaiti olmuşdur və cavabdeh həmin mənzilin təmirinə heç bir vəsait sərf etməmişdir.Qeyd etdiyi iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4786/2019 saylı qətnaməsi ilə məhkəmə belə nəticəyə gəlmişdir ki, mənzilin təmirinə sərf edilən vəsait, mənzilin birgə mülkiyyət hesab edilməsi üçün və Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqi üçün kifayət deyildir. Çünki əsaslı təmir mənzilin dəyərini xeyli dərəcədə artırmamışdır. Hazırda onun mübahisəli mənzildən çıxarılması və qarşılıqlı tələbi üzrə mənzilin birgə mülkiyyət hesab edilməsi barədə iş üzrə məhkəmə qətnaməsi qüvvəyə mindiyi üçün mənzilə sərf etdiyi vəsait cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini və mütəxəssis rəyində göstərilən qaydada iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 də Vəkil ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək hazırkı işin qiyabi icraatda baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məkhəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və qiyabi qaydada təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ № 293895 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə xx.xx.2017-ci il tarixdə 314 nömrə ilə qeyd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4786/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən birgə nikah dövründə əldə olunmayan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzilində təmir işləri aparılmış, lakin aparılmış təmir işləri əmlakın dəyərini xeyli artırmadığı üçün mülkiyyət hüququnun yaranması əsası hesab edilməmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisə predmeti olan ev cavabdehə məxsus olmuş, iddiaçı həmin mənzilə köçmüş və bir müddət birlikdə yaşadıqdan sonra nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçı həmin mənzildə xeyli miqdarda xərc çəkməklə təmir işləri aparmışdır. Apardığı təmir işlərinə çəkilmiş vəsait nikaha daxil olmazdan əvvəl ona məxsus olmuşdur. Ona görə də, hazırda təmirə çəkilmiş xərci tələb edir. Ailə Məcəlləsinin 32.1.-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında 6 mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən maddələrin tələblərinə əsasən məhkəmədə mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qaldırmış, lakin mənzilin təmirinə çəkilmiş xərc onun dəyərini xeyli artırmadığından mənzilə mülkiyyət hüququ tanınmamış, lakin iddiaçının cavabdehə məxsus mənzilin təmirinə xərc çəkdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır və qiyabi qaydada təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcələnin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırkı işdə cavabdehin ona məxus mənzilin təmirinə iddiaçı tərəfindən xərc çəkilməsinə səbəb olmuş qanuni əsas aradan qalxmışdır. Yani, tərəflər arasında ailə münasibətlərinə son qoyulmuşdur. Deməli, iddiaçı cavabdehə məxsus mənzildə həyata keçirdiyi yaxşılaşdırmadan (təmirdən) faydalana bilmir, cavabdeh isə qanuni əsas olmadan fayda əldə etmiş olur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında baxılarkən təmir işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə keçirilmiş və “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəyə əsasən mənzilə çəkilmiş xərclərin dəyəri 21800 manat, mənzildə quraşdırılan avadanlıqların dəyəri isə 11000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə işdə olan sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 144 saylı evin 13 saylı mənzildə İddiaçı tərəfindən təmir işləri aparılmış, evə avadanlıqlar quraşdırılmışdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsaslı olduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməli, dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qiymətləndirmə xərci olan 500 manat isə cavabdehdən tutularaq “xxxx” MMCnin xeyrinə ödənilməlidir. Beləliklə, məhəmə hesab edir ki, hazırkı iddianın qiyabi formada təmin edilməsi üçün əsaslar vardır. Mülki-Prosessual Məcəllənin 241.1-ci maddəsinin tələbinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onlrarın dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinin tələbinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın və Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ünvan 1 ünvanında yerləşən 13 nömrəli mənzidə aparılan təmir işlərinə görə 21800 manat, mənzildə quraşdırılan məişət avadanlıqlarınını hazırkı dövr üçün bazar dəyəri olan 11000 manat olmaqla, cəmi 32800 (otuz iki min səkkiz yüz) manat məbləğində pul tutulsun. Cavabdeh dövlət rüsumu olaraq ödənilmiş 30 manat tutularaq İddiaçı, qiymətləndirmə xərci olan 500 manat isə cavabdehdən tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar