Məhkəmə qərarları › İş №2(010)-3833/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3833/2022

03.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3833/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla 20 iyun 1971-ci ildə vəfat etmiş Xəndan Kərim qızının qohumluq faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə verilən zaman ərizəyə məhkəməyə müraciət etməzdən əvvəl Ərizəçi tərəfindən onunla 1971-ci ildə vəfat etdiyi qeyd olunan Xəndan Kərim qızının qohumluq faktının olması ilə bağlı müvafiq orqana müraciət etdiyini göstərən sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı işdə ərizəçinin müəyyən edilməsini istədiyi faktla bağlı sənədləri başqa cürə ala bilməməsi təsdiq olunmur. Həmin Məcəllənin 310.1-ci maddəsinin tələbinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi şəxslərin qohumluq münasibətlərinin müəyyən olunmasına dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar