Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3846/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 azyaşlı uşaqları ilə birlikdə ona məxsus ünvan 1 mənzil 80 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 mənzil 80ünvanında yerləşən mənzilini xx xxxxxxx 2006-cı il tarixdə X1 37 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən almışdır. Həmin mənzili aldıqdan sonra mənzili xüsusi mülkiyyət kimi dövlət reyestrində öz adına qeydiyyata aldırıb bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən MH ******* saylı Çıxarış almış və həmin Çıxarışa əsasən sözügedən mənzil üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 228 saylı reyestr kitabının 22914 nömrəli vərəqində qeydiyyata alınmışdır. O, həmin mənzili aldığı zaman satıcı özünə məxsus əmlakını götürüb evi ona təhvil vermişdir. O, evi alan zaman evin keçmiş mülkiyyətçisi evdə heç kimin qeydiyyatda olmamasını bildirmişdir. Lakin evin keçmiş sakinləri evdə qeydiyyatda qalmışlar. Söz verdiyi dövrdən on dörd ilə yaxın bir müddət keçməsinə baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, həmin mənzildə yaşamasına baxmayaraq, onların rəsmi qeydiyyatı onun mənzilində qalmışdır. Hal-hazırda isə cavabdehlərin faktiki yaşadığı ünvanı dəqiq bilmir və onların harada yaşaması və harada olması barədə heç bir məlumatı yoxdur. Göründüyü kimi X3 ilə onun arasında Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli, AN-İ ******* saylı alğısatqı müqaviləsinin tələbləri X3 həmin mənzili ona satdıqdan və mənzilə köçüb getdikdən sonra həmin mənzildə keçmiş sakinlər qeydiyyatdan çıxmamışdır. Hal-hazırda isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun evində qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur, bəzi məsələlərdə onların icazəsi olmadan mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu baxımdan və eyni zamanda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumiyyətlə onun mülkiyyətində olan evdən istifadə etməməsi baxımından belə hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatınıdinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsində istifadədə olan 0.07034 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 9 mərtəbəli binada 48.08 m2 ümumi, 28.88 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 80 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 228 nömrəli reyestr kitabının 22914 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxişi İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 mənzil 80 ünvanında qeydiyyatdadır. Bakı şəhəri 37 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Günəşli qəsəbəsi, V yaşayış sahəsi, ev 13, mənzil 80-də yerləşən, iki otaqlı, y/s m2, ü/s 48.08 m2 olan mənzil X3 tərəfindən İddiaçı satılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, ünvan 1 mənzil 80 ünvanına yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı həmin mənzili öz mülkiyyətinə keçirməzdən əvvəl cavabdehlər evə qeydiyyata alınmış, ev iddiaçının mülkiyyətinə keçdikdən sonra isə faktiki olaraq həmin evdə yaşamasalar da evdə formal olaraq qeydiyyatda qalmaqda davam etmişlər. Yəni cavabdehlər İddiaçı mülkiyyətində olan mənzildə yaşamadıqları halda formal olaraq qeydiyyatdadır və hazırda iddiaçı öz mülkiyyətində olan həmin mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin formal olaraq İddiaçı məxsus mənzildə qeydiyyatda qalması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiya) 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, bundan başqa cavabdehlərin həmin mənzildə yaşamadığı iş materiallarından məlum olduğundan cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərlə birlikdə azyaşlı uşaqlarının da evdən istifadə hüququna xitam verilməsini tələb etsə də məlumdur ki, uşaqların tam prosessual hüquq və fəaliyyət qabiliyyəti yoxdur. Aydındır ki, burada iddiaçının məqsədi uşaqların da valideynləri ilə birlikdə evdən qeydiyyatdan çıxarılmasının təmin edilməsidir ki, məhkəmə bununla bağlı iddiaçının diqqətinə çatdırır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Odur ki, uşaqların mənzildən qeydiyyatdan çıxarılması üçün istifadə hüququna xitam verilməsinin qətnamədə xüsusi qeyd edilməsinə ehtiyac yoxdur. Son olaraq, məhkəmə qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 mənzil 80 ünvanında yerləşən mənzildən istifadə hüquqların xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqların ünvan 1 mənzil 80 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3846/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3846/2020
25.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver