Məhkəmə qərarları › İş №2(010)-3852/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3852/2025

09.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3852/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Qum adası” yaşayış sahəsində yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Qum adası” yaşayış sahəsində yerləşən torpaq sahəsini şəxsi vəsaiti hesabına almış, orada 1 mərtəbəli, kürsülü, 2 otaqlı, mətbəx və zaldan ibarət yaşayış evi inşa etdirmişdir. Cavabdeh1 Ramız qızı ilə oğlu Cavabdeh2 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki uşaqları doğulmuş, hal-hazırda isə nikahları pozulmuşdur. Adı çəkilən evdə yaşasalar da, münasibətləri kəsilmişdir, o da indi onların hər ikisini evdən çıxarmaq qərarına gəlmişdir. Cavabdeh1 Cavabdeh2 qarşı əmlaka sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Qum adası” yaşayış sahəsində yerləşən torpaq sahəsi üzərində birgə vəsait hesabına inşa edilmiş, çıxarışı olmayan, 1 mərtəbəli, kürsülü, 2 otaqlı, mətbəx, hamam və zaldan ibarət yaşayış evinin 2/3 hissəsində iddiaçının payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, onun bu tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Hesab edir ki, onun evindən cavabdehlərin istifadə hüquqları yaranmamışdır və cavabdehlərin onun evində qalmaları onun istifadə hüququnu pozur. Əsl olmayan tərəfin əvəz edilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən əsl olmayan iddiaçının əsl iddiaçı Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2007-ci il tarixdə alınmış, 2007-ci ilin axırında orada ev tikilmişdir. Düzdür, bir dəfə torpaq sahəsində tikilən ev sökülmüşdür. Çünki, həmin ərazi “SOCAR”ın ərazisi olmuşdur. Lakin, 2008-ci ilin yanvar ayında orada yenidən ev tikilmişdir. O, həmin dövrdə “Azərenerji”də çalışmış və rayonlara tez-tez ezamiyyətlərə getmişdir. Ailə qurduqdan sonra isə rəhbərlikdən məhz Bakı şəhərində qalıb işləməsini xahiş etmiş və bu xahişi rəhbərlik tərəfindən nəzərə alınmışdır. Cavabdehlə aralarında 2010-cu ildə nikah bağlanmışdır. Nikah bağlanandan sonra cavabdeh Tovuz rayonuna gəlin gəlmiş, uşaqları doğulanda sonra mübahisəli evə köçmüşlər. Mübahisəli evlə bağlı bildirir ki, həmin evi atası şəxsi əməyi və vəsaiti hesabına tikmişdir. Belə ki, atası Rusiyada işlədiyi zaman qazandığı vəsaitlə həmin evi tikmişdir. Həmçinin, atası usta işlədiyi üçün ev tikintisini şəxsən həyata keçirmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının sözügedən evi 2007-ci ildə tikməsi barədə dedikləri tamamilə yalandır. Belə ki, həmin evə 2010-cu ilin oktyabr ayında tikilmiş və ev tikiləndən sonra həmin evə köçmüşdür. Əgər 2007-ci ildə həmin tikili mövcud idisə, nəyə görə evlənəndən sonra birbaşa həmin evə yox, Tovuz rayonuna gəlin getmişdir? Sözügedən evin heç bir sənədi yoxdur. Ev özbaşına tikilidir. İddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə onu evdən çıxara bilməz. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, 097023 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X6 (etibar edən) “Qum Adası” NQÇİ-nin xx.xx.2005-ci il tarixli, 02 saylı protokoluna əsasən ona məxsus olan Bahar Bağçılıq ərazisində yerləşən 040 saylı bağ sahəsi üzrə 1200 m2 torpaq sahəsinin 300 m2 hissəsinə dair müəyyən hüquqları (sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, puluna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri) Cavabdeh2 etibar etmiş, etibarnamə xx.xx.2057-ci il tarixinədək verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 3087/2024 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı əmlaka sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-561/2025 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka çəkilmiş xərcin və qızıl-zinət əşyaların tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən dəyəri 450 manat olan, 3.5 qramlıq, İtaliya istehsalı olan boyunbağı, dəyəri 960 manat olan, 7.5 qramlıq, İtaliya istehsalı olan boyunbağı, dəyəri 360 manat olan, 3.5 qramlıq, Rusiya istehsalı olan boyunbağı, dəyəri 840 manat olan, 6.5 qramlıq, İtaliya istehsalı olan qolbağı, dəyəri 400 manat olan, 4 qramlıq, Türkiyə istehsalı olan qolbağı, dəyəri 500 manat olan, 5 qramlıq, Rusiya istehsalı olan sırğa, dəyəri 400 manat olan, 4 qramlıq, Rusiya istehsalı olan üzük, dəyəri 790 manat olan, 6 qramlıq, İtaliya istehsalı olan üzüyün, bu mümkün olmadıqda onların ümumi dəyəri olan 4700 manat pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Zığ bələdiyyəsi tərəfindən verilmiş 415817, 415971, 016214 və 632786 nömrəli yerli (bələdiyyə) vergilərinin və ödənişlərin qəbulu üçün qəbzlərdən müəyyən olunur ki, Cavabdeh2 vergi ödəyicisi qismində uçota alınmış və 2007 – 2013-cü illəri əhatə edən dövr ərzində qeydə alındığı “Bahar Bağları” ünvanı üzrə əmlak və torpaq vergisini ödəmişdir. xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin ailə arasında hazırda və gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata götürülüb profilaktik tədbirlərin gücləndirilməsindən ötrü qəbul edilmiş qərarın surətinin icra edilməsi üçün inzibati ərazidə xidmət aparan aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. **********00001 nömrəli abonent kodu üzrə abunə haqqında çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 ünvan 1 ünvanı üzrə elektrik enerjisi abonenti kimi qeydə alınmışdır. **********00000 nömrəli abonent kodu üzrə abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh2 ünvan 2 ünvanı üzrə məişət abonenti kimi qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır, tərəflərin xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşaqları vardır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1168/2024 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş, uşaqların analarının yanında qalması və alimentin tutulması qət edilmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsi ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olmasını bildirmiş və cavabdehin mənzildən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsası kimi torpaq sahəsi üzərində müəyyən hüquqların ona etibarnamə əsasında verilməsinə, mübahisəli fərdi yaşayış evinin cavabdehlə birgə nikahdan əvvəl, yəni 2007-ci ilin sonu, 2008-ci il əvvəlində inşa edilməsinə və bu səbəbdən sözügedən fərdi yaşayış evinin tərəflərin ümumi birgə mülkiyyətində deyil, ayrıca mülkiyyətində olmasına istinad etmişdir. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli fərdi yaşayış evi hüquqi təyinatına görə özbaşına tikilidir. Mübahisə tərəfləri sözügedən fərdi yaşayış evinin mövcudluğunu, eləcə də həmin evin özbaşına tikili olmasını mübahisələndirmədən qəbul etmişlər. Belə ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququ əldə etmədiyi, həmin tikintiyə dair sərəncam vermək hüququ olmadığı müəyyən edilmişdir. Yəni, qanun özbaşına tikinti aparmış şəxsin tikinti üzərində sərəncam verməsinə qadağa qoysa da, belə tikintiyə sahiblik etmək və ondan istifadə etməklə bağlı bənzər qadağa müəyyənləşdirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, öz vəsaiti hesabına özbaşına tikili tikmiş (əldə etmiş) şəxsin bu tikilidən onun iradəsi ziddinə istifadə edən şəxslərin tikilidən çıxarılmasını tələb etmək hüququ da olmalıdır. Bunun əksi yanaşma, öz vəsaiti hesabına bu cür tikili tikmiş (əldə etmiş) şəxslərin heç bir halda, hətta tikili üçüncü şəxslər tərəfindən sökülsə, zəbt edilsə belə bu vəziyyətə son qoymağı tələb etməyə subyektiv hüququ olmadığı mənasına gələr ki, bu cür yanaşma hüququn təbiətinə ziddir. Başqa sözlə, şəxsin özbaşına tikinti tikməsi, yaxud əldə etməsi onun bu tikili ilə bağlı istənilən özbaşınalığa qarşı müdafiəsiz olduğu, bütün özbaşınalıqlara dözməli olduğu mənasına gəlmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Bu baxımdan ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması, yəni iddiaçıya məxsus hər hansı bir hüququn obyektiv səbəbdən mövcud olması, həmin hüququn məhz cavabdeh tərəfindən pozulması kimi hallar müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının subyektiv hüququnun mövcudluğunu müəyyən etmədən iddia tələbini təmin və ya rədd edən qətnamə daxilən ziddiyyətli məhkəmə aktı olmaqla, hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinin tələblərinə cavab vermir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarlarına istinadən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun tərkib elementi kimi “öz hərəkətlərinə hüquqi ixtiyar” imkanı yaranmamış və buna əsasən müvafiq hüququn ikinci “başqa şəxslərdən tələb etmək hüququ” və üçüncü “müdafiə hüququ” elementlərinin yaranması imkanı istisna edilmişdir. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2007-ci il tarixli, ƏN-İ seriyalı, 097023 nömrəli etibarnamədən müəyyən olunur ki, X6 (etibar edən) “Qum Adası” NQÇİ-nin xx.xx.2005-ci il tarixli, 02 saylı protokoluna əsasən ona məxsus olan Bahar Bağçılıq ərazisində yerləşən 040 saylı bağ sahəsi üzrə 1200 m2 torpaq sahəsinin 300 m2 hissəsinə dair müəyyən hüquqları (sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, puluna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar ərizə verməyi və digər hərəkətləri) Cavabdeh2 etibar etmiş, etibarnamə xx.xx.2057-ci il tarixinədək verilmişdir. Etibarnamənin xx.xx.2007-ci il tarixdə verilməsi iş materiallarına əsasən müəyyən olunsa da, mübahisəli özbaşına tikilinin nə zaman tikilməsi barədə tərəflər arasında ortaq mövqe mövcud deyildir. Hər bir halda, fərdi yaşayış evinin inşa edildiyi vaxt, həmin tikilinin birgə vəsait hesabına deyil, şəxsi vəsait hesabına inşa edilməsi barədə mötəbər və təkzibedilməz sübutları təqdim etmək, yəni qeyd edilən fakt və halları sübut etmək vəzifəsi qanunla iddia edən tərəfin (iddiaçının) üzərinə qoyulmuş, lakin iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən fakt və halların təsdiqinə dair kifayətedici sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında mübahisəli fərdi yaşayış evinin özünün deyil, atasının şəxsi vəsaiti və əməyi hesabına tikildiyini etiraf etmişdir (xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının video-audio yazısının 23:08 – 23:30-cu dəqiqələri).Belə olan halda, məhkəmə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar