Məhkəmə qərarları › İş №2(010)-388/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-388/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-388/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İzzət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İzzət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İzzət qızının, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 onun mülkiyyətçisi olduğu ünvan 1 ünvandakı 4 otaqlı 70-ci mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Cavabdeh İzzət qızına və maraqlı şəxs Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə baxışı iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvandakı 4 otaqlı 70-ci mənzil onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir, o əvvəllər oğlu ilə rəsmi nikahda olmuş, həmin nikahdan iki övladları anadan olmuşdur. Sonradan onların nikahları Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar anasının yanında saxlanılmışdır. Onların nikahları hələ pozulmamışdan çox əvvəl cavabdeh uşaqları da götürüb valideynlərinin yaşadığı Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 3 ünvanına həmişəlik köçmüşdür. Onun mübahisəli mənzildə heç bir əmlakı yoxdur. O, dəfələrlə cavabdehə mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını təklif etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehin mübahisəli mənzildə heç bir əmlakı yoxdur, onun iddiaçının mənzilinə heç bir ehtiyacı yoxdur, onun mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehə görə iddiaçı uzun müddətdir ki, kommunal və digər xərcləri ödəmək məcburiyyətindədir, maddi durumu həddindən artıq ağırdır, həmin xərcləri ödəməyə çətinlik çəkir. Cavabdehin formal olaraq mənzilində qeydiyyatda olması onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. Belə ki, cavabdhein təqsiri üzündən o, bugünə kimi mənzilinin üzərində müstəqil sərəncam verə bilmir. Həmçinin cavabdehlə əlaqədar müxtəlif yazışmalar onun ünvanına göndərilir, bu da narahatçılıq doğurur. Cavabdehin mübahisəli mənzildə yaşamaması faktını bütün qonşular, MKİS-nin işçiləri, sahə müvəkkili tam təsdiq edə bilərlər. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il Qərarına əsasən mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi hazırki iş üzrə mənzildən istifadə hüququna xitam verilməsi tələb olunan şəxs həmin yaşayış sahəsində faktiki yaşamadığından və istifadə hüququ olmayan şəxs olduğundan həmin şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə mülkiyyətçi bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İzzət qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair 2(010)-388/2021 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, cavabdehin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar