Məhkəmə qərarları › İş №2(010)-3883/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3883/2023

29.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3883/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-5/2-A-12776/2023 №-li məktubdan görünür ki, İddiaçı barəsində aktiv əmək müqavilələrinin olması ilə bağlı 17 mart 2023-cü il tarixli müraciətə X1 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxslər Cavabdeh1 MMC-nin (Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi D (Yeni Günəşli qəs), ev 6, m 5), Cavabdeh2 MMC-nin (Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi D (Yeni Günəşli qəs), ev 24, m 16), Cavabdeh4 MMC-nin (Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi D (Yeni Günəşli qəs), ev 24, m 2) və Cavabdeh3 MMC-nin ünvanına (ünvan 2dərilmiş, lakin bugünədək məktublara cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, əmək müqaviləsinə xitam verilməsi iiə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X1 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməlidir.

2. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”larından görünür ki, Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 MMC-yə xx.xx.2023-cü il tarixdə keçirələcək mediasiya sessiyasında iştirak etmələri üçün xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, lakin heç biri mediasiya sessiyasında iştirak etməmişlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı ilə işəgötürənlər arasında kağız üzərində bağlanmış əmək müqavilələrinin surəti X1 Xidmətində mövcud deyil.

4. Həmin məktuba əlavə edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında olan müqavilələr müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qüvvədən düşmüş, xx.xx.2023-cü il tarixdə xitam əmri çıxarılaraq, sistemə daxil edilmişdir. Cavabdeh1 MMC və Cavabdeh3 MMC ilə İddiaçı arasında olan müqavilələr isə müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixdən müddətsiz bağlanaraq qüvvədədir.

İşin faktiki halları

5. Cavabdeh1 MMC və Cavabdeh3 MMC ilə İddiaçı arasında olan aktiv əmək müqavilələrin olması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı cavabdehlər Cavabdeh1nə (bundan sonra mətndə Cavabdeh1 MMC), Cavabdeh2nə (bundan sonra mətndə Cavabdeh2 MMC), Cavabdeh3nə (bundan sonra mətndə Cavabdeh3 MMC) və Cavabdeh4nə (bundan sonra mətndə Cavabdeh4 MMC) qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə, onunla Cavabdeh2 MMC arasında bağlanmış əmək müqaviləsinə, onunla Cavabdeh4 MMC arasında bağlanmış əmək müqaviləsinə, onunla Cavabdeh3 MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC və üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

8. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun bu olanların heç birindən məlumatı yox idi. Pensiyası kəsildiyi üçün ASAN Xidmətə müraciət etdikdə, orada bir neçə yerdə işlədiyini bildirmişlər. Bu məsələyə görə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, DOST xidmətinə, Asan xidmətlərə müraciət etsə də bir nəticə əldə edə bilməmişdir. O, cavabdeh qismində qoyduğu heç bir yeri tanımır, həmin yerlərdə ümumiyyətlə işləməmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ

İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

10. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; o) elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla).

2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi

1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar

3. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi 3.1. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. 3.2. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. 3.3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 315-ci maddəsini nəzərə alaraq, bu Məcəllə qüvvəyə minənədək mövcud olan əmək qanunvericiliyi əsasında işçilərlə şifahi formada bağlanılmış və yazılı formada tərtib edilməmiş əmək müqavilələri, onlarda şifahi formada dəyişikliklərin edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulan müvafiq əmək müqaviləsi bildirişi formasında daxil edilir. 3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 3.5. İşəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. 3.6. Bir şəxsə bir neçə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi səlahiyyəti verildikdə, səlahiyyət verilən şəxsə sistem vasitəsilə müəyyən edilmiş siyahıda müvafiq işəgötürəni seçdikdən sonra əmək müqaviləsi bildirişinin qeydiyyatını aparmaq imkanı veriləcəkdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

14. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı iddia qaldıraraq aralarında olan əmək müqavilələrinə xitam verilməsini və həmin əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, adında aktiv əmək müqavilələrinin olmasını ona verilən pensiya kəsildiyi zaman müraciət etdikdə öyrənmişdir. O, şirkətlərin adlarını heç vaxt eşitməmiş və qeyd edilən şirkətlərdə 1 gün olsa belə işləmişdir.

15. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin məktubundan, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan müəyyən olundu ki, hüquqi şəxslər Cavabdeh1 MMC, Cavabdeh2 MMC, Cavabdeh4 MMC və Cavabdeh3 MMC-nin hüquqi ünvanına rəsmi məktublar göndərilmiş, lakin bugünədək məktublara cavab verilməmişdir. Həmçinin, mübahisənin məhkəmədən kənar həlli qaydası olaraq qeyd olunan hüquqi şəxslərə ilkin mediasiya sessiyasında iştirak etmələri üçün bildirişlər göndərilmiş, lakin təklifə cavab verilməmiş və mediasiyada iştirak olunmamışdır.

16. Bundan əlavə, araşdırılan sənədlər əsasında məlum olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında olan müqavilələr müvafiq olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə qüvvədən düşmüş, xx.xx.2023-cü il tarixdə xitam əmri çıxarılaraq, sistemə daxil edilmiş, yalnız Cavabdeh1 MMC və Cavabdeh3 MMC ilə olan müqavilələr qüvvədə qalmaqdadır. Halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş məktubdan görünür ki, İddiaçı ilə işəgötürənlər arasında kağız üzərində bağlanmış əmək müqavilələrinin surəti X1 Xidmətində mövcud deyil.

17. Beləliklə, mülki işdə olan sübutlardan və iddiaçının izahatından müəyyən edilmişdir ki, İddiaçı məlumatı olmadan cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 MMC tərəfindən əmək müqaviləsi bağlanılmaqla vəzifəyə təyin edilmiş, ona formal olaraq əmək haqqı nəzərdə tutulmuş, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən cavabehə dəfələrlə müraciət edilsə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmadığına görə iddiaçı konstitusyon hüququndan, yəni başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq imkanından və ya pensiya almaq hüququndan məhrum edilmişdir.

18. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 MMC və Cavabdeh4 MMC arasında olan müqavilələr qüvvədən düşdüyü üçün, iddia qismən, yəni cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 MMC-yə münasibətdə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinə (bildiriş nömrəsi xxxxxxx000400, müqavilənin başlanğıc tarixi xx.xx.2023) və Cavabdeh3 MMC arasında bağlanmış əmək müqaviləsinə (bildiriş nömrəsi xxxxxxx000200, müqavilənin başlanğıc tarixi xx.xx.2023) xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə (bildiriş nömrəsi xxxxxxx000400, müqavilənin başlanğıc tarixi xx.xx.2023) və Cavabdeh3 arasında bağlanmış əmək müqaviləsinə (bildiriş nömrəsi xxxxxxx000200, müqavilənin başlanğıc tarixi xx.xx.2023) xitam verilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar