Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3896/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 “sahiblik və istifadə faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. Bakı Şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etmələri faktının tanınması. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçılar ərizəni onunla əsaslandırmışdır ki, Bakı Şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Q yaşayış sahəsindəki 2-saylı evin 41 saylı mənzili boş olmuş, heç kimin adına orderin olmadığı, heç kimin qeydiyyatda olmadığı və yaşamadığı mənzilinə xx.xx.2004-cü il tarixdən ailə üzvləri ilə birlikdə köçüb yaşamış, həmin mənzilə dair order, sərəncam və ya daşınmaz əmlakın Dövlət Reysterindən çıxarış olmasa da 22 ildən artıq bir müddətdir ki, həmin mənzilə mülkiyyətçi hüququ ilə sahiblik edib istifadə etmişlər. Göstərilən müddət ərzində heç-bir səlahiyyətli dövlət orqanı, mənzil istismar təşkilatı tərəfindən qeyd olunan mənzildən istifadə etməyinə, orada yaşamağına dair onlara qarşı heç bir tələb irəli sürülməmiş və heç bir mübahisə qaldırılmamışdır. Həmin mənzilin bütün kommunal xidmətlər haqqını, elektirik enerji, su, qaz, kanalizasiya, istilik, telefondan istifadə haqlarını mənzilə köçdüyü vaxtdan hazırkı vaxtadək ödəyir və bu sahələrə aid İddiaçı2la abunə müqavilələri bağlanaraq adına abunəçi kodları verilmişdir. Haqqında söhbət gedən mənzildən başqa yaşayış yeri olmamaqla yuxarıda qeyd etdiyi kimi 22 ildən artıq orada yaşasalar da həmin mənzilə daimi passport qeydiyyatına alınmaq barədə dəfələrlə aidiyyatı üzrə müraciətlər etsək də, şəhid oğlu olmağı, atası X3 başqa 6-nəfər şəhidin olduğunu, özünün Daxili İşlər orqanları sıralarında xidmət edərək torpaqların erməni işğalçılarından müdafiəsində birinci Qarabağ müharibəsi veteranı olduğunu bildirsə də mümkün olmamış, bunlara əhəmiyyət verilməmişdir. Axırıncı dəfə 2024-cü ildə cavabdeh Suraxanı rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə göstərilən mənzilə daimi pasport qeydiyyatına alınmağı barədə İddiaçı2 rəsmi ərizə ilə müraciət etsə də həmin rayon polis idarəsinin rəisinin imzaladığı xx.xx.2024-cü il tarixli 54/2-R-343211/2024 saylı cavab məktubu ilə müraciətinə qeyd olunan polis idarəsinin qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsində aidiyyatı üzrə baxılarkən hazırda yaşadığı mənzilin "Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti" tərəfindən qeydiyyat vəsiqəsi olmadığına görə İddiaçı2 həmin ünvanda qeydiyyata alınmasının mümkün olmaması göstərilməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və yaxud məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunması barədə yenə imtina cavabı verilmişdir. Bundan başqa cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə də həmin mənzilə dair İddiaçı2la sosial-kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə etdiyi müraciəti təmin edilməmiş, bundan imtina edilmişdir. Cavabdeh təşkilat olan Suraxanı rayon İcra Hakimiyyətinin və Suraxanı rayon Polis İdarəsinin qeyd olunan imtina cavablarını qanunsuz və ədalətsiz hesab edərək məhkəmənin diqqətini ona yönəldir ki, Azərbaycan Respublikasının vətəndaşlarının Dövlətin əsas qanunu olan Konstitusiyasında mənzil, yaşamaq, insan, vətəndaş və s. hüquqları təsbit edilmişdir. Azərbaycan vətəndaşları, Azərbaycanlı olduğuna görə bu ölkədə yaşayış yeri, mənzil, daimi qeydiyyatı olmalıdır. Həmin ünvanda yerləşən mənzilə 22 ildən artıqdır ki, sahiblik edirik, orada fasiləsiz, etirazsız yaşamaqla ondan istifadə edir, bununla bir daha qeyd edir ki, bütün səlahiyyətli cavabdeh yerli İcra Hakimiyyəti orqanı olan Suraxanı rayon İcra Hakimiyyəti və onun tabeliyində olan Mənzil Komunal-İstismar sahəsi üzun müddətdir ki, razılaşmış və indi də razılaşırlar, heç bir etiraz etmirlər. Göstərilən mənzildən istifadə və sahiblik faktının müəyyən edilməsi, daimi pasport qeydiyyatına alınmağı heç kimin hüquqlarını pozmur və həmin mənzilə dair Dövlət qarşısında bütün öhdəliklərini uzun müddətdir ki, vaxtı-vaxtında yerinə yetirirlər. Tərəflərin izahatları. Məhkəmə baxış iclasında İddiaçı2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, onlar qaçqın və məcburi köçkün deyillər. Həmişə Bakı şəhər ərazisində yaşamışdır. 1988-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində qeydiyyata düşmüşdür. Arvadı İddiaçı1 ilə 13-14 il olar ki, ailə həyatı qurmuş və o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilində ailə həyatı qurduqdan sonra yaşamağa başlamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə köçən zaman başqa bir qadınla evli olmuş və bir oğlu vardı. Böyük oğlu 1995-ci il təvəllüdlüdür. İddiaçı1 ilə evləndikdən sonra bir oğlu da doğulmuşdur. İkinci oğlu həmin evdə doğulmuşdur. 22 ildən çoxdur ki, həmin ünvanda yaşayırlar. Mənzilə faktiki sahiblik etmələrinin müəyyən olunmasını gələcəkdə mülkiyyət hüquqlarının qeydə alınması üçün istəyir. İddiaçı1 digər İddiaçı2 izahatına və ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Şahid ifadələri. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, məcburi köçkün kimi 08 may 1992-ci il tarixdən ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin binaya köçən zaman qapı pəncərə olmamışdır. Elşən evi başqasından almışdı. 30 ilə yaxın müddət olar ki, iddiaçılar həmin evdə yaşayırlar. Həmin binada o vaxtlar işıq, qaz yox idi. Hər şeyi özləri yaratmışlar. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, iddiaçılar ilə qonşudur, özü mənzil 21-də yaşayır. 1992-ci ildən orada yaşayırlar. 20 ildən çox olar ki, iddiaçılar həmin binada yaşayır. Elşən o evə köçməmişdən əvvəl kimin yaşadığını bilmir. Həmin vaxtlar 15 yaşı olardı. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, 1992-ci ildən orada yaşayırlar. Onlar köçən zaman bina hələ təzə tikilirdi. Təxminən 1999-2000-ci illər olardı ki, iddiaçılar onlara qonşu köçdülər. Həmin vaxtlar binanın bir mərtəbəsini tikirdilər, həmin mərtəbədə yaşayış olduğu halda ikinci mərtəbəni tikirdilər. Hal hazırda binada qaz, su, işıq var. 25-26 il olar ki, iddiaçıların gəldiyini xatırlayır. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 238.1 İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1 Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.4 İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları. Arayışlardan görünür ki, İddiaçı2 Bakı Şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı binanın 41 saylı mənzili bağlı “Azəriqaz” İB-yə, "xxxx" ASC-yə, "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzinə, "xxxx" ASC-yə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Suraxanı rayon Sukanal İdarəsinə kommunal xidmətlərlə bağlı borcu yoxdur. AZ-İ №939347 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X4 arasında xx.xx.2014-cü il tarixdə 441 saylı nikah bağlanmışdır. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. AZ-İİİ №316815 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Valideynləri İddiaçı2 ilə X2r. Cavabdeh tərəfindən İddiaçı2 xx.xx.2023-cü il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, Bakı Şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzil dövlət fonduna məxsus olduğundan və həmin mənzilə dair hüquq müəyyənedici sənəd olmadığından müraciətin həlli RİH-nin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2026-ci il tarixdə ünvanlanmış cavab məktubundan görünür ki, Bakı Şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.2026-cı il tarixli AR Bakı şəhər icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Suraxanı Rayon mənzil kommunal təsərrüfat birliyi tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, 105 saylı MKİS-nin xidməti ərazisinə adi olan ünvan 5 ünvanı Dövlət mənzil fonduna məxsusdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi faktının tanınmasını istəyirlər. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən onun iddia tələbinə münasibəti öyrənilməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasını istəmiş, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178.6-cı maddəsinə görə əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə müəyyən edir ki, 105 saylı MKİS-nin xidməti ərazisinə adi olan ünvan 5 ünvanı Dövlət mənzil fonduna məxsusdur. Məhkəmə həmçinin müəyyən edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 22 ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilində yaşamaqla, həmin mənzilə dair kommunal ödənişləri İddiaçı2 öz adından həyata keçirir. İddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi faktının tanınmasının onlara qanunvericiliyin yuxarıda adı çəkilən normasına uyğun olaraq gələcəkdə mülkiyyətçi kimi qeydə alınmaları məqsədilə lazım olduğunu bildirir. Məhkəmə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasını, iddiaçıların 22 ildir ki, həmin mənzildə yaşamaqla sözügedən mənzilə dair kommunal ödənişləri öz adlarından həyata keçirmələrini və mənzilə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etmələri faktının tanınmasının gələcəkdə onlara mülkiyyətçi kimi qeydə alınmaları məqsədilə lazım olacağını nəzərə alaraq məhkəmə o qənaətə gəlir ki, iddiaçılar məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi faktı müəyyən olunmalıdır. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsindəki 2 saylı evin 41 saylı mənzilinə faktik mülkiyyətçi hüququ ilə 22 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi faktı müəyyən olunsun. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3896/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3896/2025
18.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver