Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3965/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdeh X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) qanunsuz zəbt etdikləri ona məxsus Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən məcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə anası vəfat etdiyinə görə ona məxsus ümumi sahəsi 69.54 kv.m olan 3 otaqlı mənzilin varisi kimi o və qardaşı tanınmışdır. Varisliklə əlaqədar notariusun çxardığı qərara əsasən evin yarısı ona, yarı hissəsi isə qardaşının adına düşmüşdür. Həmin dövrdə qardaşı öz ailəsi ilə birlikdə bu evdə yaşayırdı. Qardaşı ona təklif etdi ki, valideynlərindən qalan mənzili satmasınlar, ona düşən payın pulunu versin, bu ev ona qalsın. O, bu təklif ilə razılaşmış, notariusda ərizə yazaraq varisliklə onlara qalmış evin qardaşının adına sənədləşdirilməsinə icazə vermişdir. Xeyli müddət gözləmiş, qardaşının pulu verməməsini hiss etmişdir. Təxminən 5 il əvvəl cavabdeh ona müraciət edərək xahiş etdi ki, onun yayının pulunu verib, evi tamamilə öz adına keçirsinlər. O, cavabdehlə razılaşmış, 30.000 ABŞ dollarını cavabdehə vermişdir. Beləliklə, mənzil tamamilə onun adına keçmişdir. Qardaşı ilə danışığa əsasən o, Moskvaya gedib-qayıdana kimi onun ailəsi həmin evdə qalmalı, qardaşı ev alandan sonra isə ailəsini ona məxsus evdən aparmalı idi. Lakin, qardaşı Mosvaya gedə bilməmiş və ev də ala bilməmişdir. Dəfələrlə cavabdehə evi boşaltmağı bildirsə də, o evi boşaltmaqdan imtina edir. Ona görə də, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan: DƏDRX-nin 16.11.2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 14/15, ev 10, mənzil 40 mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, mübahisəli mənzil hazırda mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehin həmin mənzildə yaşaması tərəflərin izahatları ilə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının mülkiyyət hüquqları qorunmalı və cavabdeh iddiaçıya məxsus yaşayış sahəsindən çıxarılmalıdır. İddia tələbinin cavabdehlə yaşayan ailə üzvlərinin (həyat yoldaşının, uşaqlarının) mənzildən çıxarılması hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, hazırkı tələb yalnız Cavabdeha qarşı yönəlmişdir və onun həyat yoldaşının və uşaqlarının da mənzildən çıxarılması xahiş olunsa da, həmin şəxslərin kim olmaları müəyyən edilmir və həmin şəxslər cavabdeh kimi qeyd edilməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İdida qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllədəki 10 nömrəli evin 40-cı mənzilindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3965/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3965/2021
26.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver