Məhkəmə qərarları › İş №2(010)-3991/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3991/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3991/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdeh2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh2 və övladları Cavabdeh1 və Cavabdeh3 ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Şərq küçəsində yerləşən “A” tikilisində 1 otaq, “B” tikilisində 1 otaq, 5 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Şərq küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin “A” tikilisində 1 otaq, “B” tikilisində 1 otaq onun xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən onun adına 1999-cu il tarixdə 039407 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2 onun keçmiş gəlini, Cavabdeh1 və Cavabdeh3 isə nəvələridir. Cavabdeh2 oğlu X6 ilə xx.xx.1997-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarındna iki övladları – 1998-ci il təvəllüdlü Cavabdeh1 və 2001-ci il təvəllüdlü Cavabdeh3 dünyaya gəlmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4389/2018 saylı qətnaməsinə əsasən onlar arasındakı nikah pozulmuşdur. xx.xx.2019-cu il tarixdə isə AZ-İ 317266 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdehlər onun xüsusi mülkiyyətində olan evdə pasport qeydiyyatında qaldıqlarından onun mülkiyyətinə dair istifadə, shiblik və sərəncam vermək hüquqları pozulmuşdur. Sözügedən məsələ ilə bağlı onunla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X2 imzası və möhürü ilə təsdiq edilmiş 3M- 239 reyestr nömrəli barışıq sazişi də bağlanmışdır. Həmin barışıq sazişinə əsasən hər iki cavabdehə ümumilikdə 11000 manat kompensasiya məbləğini ödəməyi öhdəsinə götürmüş, xx.xx.2020-ci il tarixdə onların hər birinə 5250 manat, ümumilikdə 10500 manat ödəməyə razı olmuş, 2 ay ərzində isə hər birinə 250 manat olmaqla, ümumilikdə 500 manat ödəməyi öhdəsinə götürmüşdür, bu şərtlə ki, gələcəkdə ona qarşı digər tələbləri olmayacaqdır. Hazırda 11000 manat ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdiyini bildirərək iddianın təmin edilməsinə heç bir etiraz etmədiyini bildirdi. Digər cavabadehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeyduyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 039407 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi “A” tikili, 1 yaşayış otağı, “B” tikilisində 1 yaşayış otağı hissəsində İddiaçı, “A” tikilisi 2 yaşayış otağı hissədə X3 mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4389/2018 saylı qətnaməsindən görünür ki, X10i ilə X4 arasında bağlanmış və Səadət sarayında 1442 sayla qeydə alınmış xx.xx.1997-ci il tarixli nikah pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ 317266 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X4 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 116 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı oğlu X8 ilə Cavabdeh2 arasında olan pozulmuşdur. Digər cavabdehlə isə tərəflərin birgə nikahlarından doğulmuş uşaqlardır. Onlar hazırda iddiaçıya məxsus evdə yaşamırlar, buna baxmayaraq evdə qeydiyyatda qalmaqda davam edirlər. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur». Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən «Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın». «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğu, bundan başqa cavabdehlərin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan, buna baxmayaraq cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini məhdudlaşdırdığından iddia təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiа təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar