Məhkəmə qərarları › İş №2(010)-401/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-401/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-401/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçüb yaşadığı yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha girərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evə gəlin köçmüşdür. Bütün cehiz əmlakları da həmin ünvanda quraşdırılmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Cavabdeh həbsə düşüb çıxdıqdan sonra onu azyaşlı övladı ilə birlikdə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən məcburi şəkildə qovaraq çıxartmışdır. Həmin evə o, cavabdeh və azyaşlı övladı qeydiyyatda olmasına baxmayaraq, cavabdeh onu və azyaşlı övladını evdən məhrum edib və buraxmır. Odur ki, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməkləri barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun hazırda yaşamağa başqa yeri olmadığından iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı 2016-cı ilədək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evdə yaşamışdır. İddiaçının evdən çıxıb getməsinin səbəbi isə onun atası ilə münasibətlərinin pis olması olmuşdur. Hazırda onların həmin mübahisəli evdə birlikdə yaşamaları mümkün deyildir. Həmin evin sənədləri mövcud deyildir və evin satılıb əldə olunmuş məbləğinin bölünməsini iddiaçıya bildirsə də, o bununla razılaşmamışdır. Hal-hazırda həmin evdə heç kim yaşamır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2011-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Sultanov”, arvada “Sultanova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Əmircan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı övladı xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evdə qeydiyyatdadır. Məhkəmə iclası gedişində müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və cavabdehin razılığı ilə ailə üzvü kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində cavabdehlə birlikdə ailə üzvü kimi yaşamış, birgə təsərrüfat aparmışdır və bir övladları xx.xx.2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasında mübahisə yarandığından o, mənzilə köçüb orada yaşaya bilmir. Mübahisəli mənzil qanunsuz tikintidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, işə baxan məhkəmələr tərəfindən mübahisənin həlli zamanı tətbiq edilməli olan, lakin tətbiq olunmayan mənzil qanunvericiliyinin normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin razılığı ilə həmin mənzilə gəlin köçərək orada cavabdehlə birlikdə yaşadığından və birgə təsərrüfat apardığından, iddia təmin edilməli, İddiaçı azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə bağlı olaraq iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi təmin olunsa da, həmin qətnamə iddiaçının mübahisəli mənzilə istifadə hüquqlarının yaranmasına əsas ola bilməz. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. İddiaçı azyaşlı övladı xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar