Məhkəmə qərarları › İş №2(010)-4029/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4029/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4029/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilindən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzil xx.xx.2018-ci ildən alqı-satqı müqaviləsinə əsasən onun xüsusi mülkiyyətindədir. Lakin buna baxmayaraq evinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Belə ki, ona məxsus olan evinə mülkiyyətçi kimi sərbəst sərəncam verməyinə tanımadığı orada yaşamayan bir şəxs qeydiyyatda olması mane olur. Cavabdeh onun evində qeydiyyatda qalmasına görə, o, əlavə kommunal xərclər ödəməli olur. Onun evində qeydiyyatda olan Cavabdeh halhazırda harada yaşaması barədə heç bir məlumatı yoxdur. Cavabdehin onun evində pasport qeydiyyatında qalması bir çox hallarda onun üçün müəyyən maneələr yaradır. Məhz buna görə də mülkiyyətində olan evdə cavabdehin pasport qeydiyyatında qalmasına heç bir hüquqi əsas yoxdur. Cavabdehlə onun heç bir qohumluğu yoxdur. Bu səbəbdən mülkiyyətində olan evinin yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehə qarşı irəli sürdüyü iddia tələbi qanuni və əsaslı olduğundan iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin axırıncı yaşadığı yer üzrə 68 saylı MKİS-ə göndərilmiş məhkəmə bildirişi adı çəkilən şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilində yaşamağı barədə müvafiq qeyd yazılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə digər cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilin mülkiyyətçisi İddiaçıdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının vəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X3 Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 156.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasıın tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilində yaşamaması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 42 saylı evin 8 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar