Məhkəmə qərarları › İş №2(010)-4029/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4029/2024

26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4029/2024 26.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının, Ərizəçinin nümayəndəsi və vəkili Məmmədova Mehriban Akif qızının, Maraqlı şəxsin nümayəndəsi Həsənov Faiq Savalan oğlunun iştirakı ilə, Ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o - Həzrətquluyeva Şəlalə Kərəm qızı 23.03.1970-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. Onun doğumu 01.06.1970-ci il tarixdə Marneuli rayon VVAQ Şöbəsi tərəfindən 63 nömrəli aktla qeydə alınmışdır və buna müvafiq olaraq o doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Atası Həzrətquluyev Kərəm Mahmud oğlu 04.09.1940-cı il tarixdə Gürcüstan SSR-nin Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Atası Gürcüstan Respublikasının vətəndaşı olub. 17.07.2014-cü il tarixdə Gürcüstanda vəfat edib. Anası Həzrətquluyeva Şükufə Sarı qızı 25.01.1945-ci il tarixdə Gürcüstan SSR-nin Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Anası Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasında yaşayır, pensiyaçıdır. 1977-ci ildə Qaçağan kənd 2 saylı orta məktəbin birinci sinfinə getmişdir. 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməmişdir. 24.06.1987-ci il tarixdə Marneuli rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir. 11.02.1988-ci il tarixdə Marneuli rayonunun Qaçağan kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1991-ci ildə Gürcüstanda anadan olmuş Salmanov Bəhruz Zaman oğlu ilə ailə qurmuşdur və 22.07.1992-ci il tarixdə onunla nikaha daxil olmuşdur. Həmin nikahdan onların Gürcüstan Respublikasında iki uşağı (15.08.1992-ci il tarixdə Salmanova Kəmalə Bəhruz qızı. 03.05.1994-cü il tarixdə Salmanova Sürayyə Bəhruz qızı) doğulub. Salmanov Bəhruzla ailə qurduqdan sonra 02.03.1992-ci il tarixdə Marneuli rayonunun Qaçağan kəndindən yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. 22.07.1992-ci il tarixdə isə ərinin yaşayış yeri üzrə qeydiyyatda olduğu Marneuli rayonunun Ağməmmədli kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1999-cu ilin dekabr ayında işləmək məqsədilə əri və iki uşağı ilə birlikdə Azərbaycana gələrək Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdırlar. 2007-ci ildə əri xəstələndiyi üçün Gürcüstana qayıtdı. Əri Gürcüstana gedəndən sonra bir daha Azərbaycana qayıtmadı və həmin vaxtdan sonra onlar bir daha əlaqə saxlamadılar. O gedəndən sonra o iki qızı ilə birlikdə Azərbaycanda yaşamağa davam etdi, hazırda da qızları ilə birlikdə Bakı şəhərində yaşayır. Onu da qeyd etmək istəyir ki, o Azərbaycana gələndən sonra doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. 2014-cü ildə Gürcüstanda yaşayan qohumları doğum haqqında təkrar şəhadətnamə alaraq Azərbaycana ona göndərdilər. Əri Salmanov Bəhruz Zaman oğlu 29.08.1961-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Ağməmmədli kəndində anadan olub. Əri Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Gürcüstan Respublikasının Ağməmmədli kəndində yaşayır. 2007-ci ildən bəri onunla heç bir münasibəti yoxdur, bu səbəbdən də onun nikahlarının pozulması barədə məhkəməyə müraciət edib-etmədiyi barədə məlumatı yoxdur. Qızı Salmanova Kəmalə Bəhruz qızı 15.08.1992-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağməmmədli kəndində anadan olub. Qızının hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Bu səbəbdən o, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (BMT QAK) himayəsindədir. Hazırda onunla birlikdə Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Kiçik qızı Salmanova Sürayyə Bəhruz qızı 03.05.1994-cü il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunun Ağməmmədli kəndində anadan olub. Qızının hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Bu səbəbdən o da vətəndaşlığı olmayan sənədsiz şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda onunla birlikdə Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. O 1999-cu ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir. Gürcüstan Respublikasının isə vətəndaşı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 04.03.2022-ci il tarixli, 6318672 nömrəli arayışından görünür ki, o Azərbaycan Respublikasının vətəndaşı deyil. Bundan başqa, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş 11.06.2024-cü il tarixli, 22/00005944/2024 - 02 nömrəli arayışdan görünür ki, o Gürcüstan Respublikasının da vətəndaşı hesab edilmir. Hazırda, onun 54 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi olmadığı üçün o BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. O 26.06.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etdi. DMX onun müraciətinə 08.07.2024-cü il tarixli, 3-37/2-11-4818-26-1 -08-6605/2024 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: “Odur ki, 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.” O 1999cu ildən etibarən Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da, qeydiyyatsız yaşadığı üçün onun Azərbaycanda daimi yaşadığını təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. O eyni zamanda, doğulduğu ölkənin də vətəndaşı hesab olunmur. Baxmayaraq ki, o heç bir ölkənin vətəndaşı deyil, onun vətəndaşlığı olmayan şəxs statusunu təsdiq edəcək sənədi də yoxdur. Onun Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədi olmadığı üçün o Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilmir. Belə ki, Azərbaycan Respublikasının 31 mav 1996-cı il tarixdə ratifikasiya etdiyi “Vətəndassızlıq hallarının azaldılması haqqında” Birləşmiş Millətlər Təşkilatının 30 avqust 1961ci il tarixli Konvensiyasına əsasən, razılığa gələn dövlətlər öz ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmiş şəxslərə öz vətəndaşlıqlarını verməlidirlər. Onun da Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyi üçün Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. O isə bu faktları təsdiq edən sənədləri heç bir qaydada ala bilmir. Vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Onun vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericilik heç bir orqana həvalə etməyib. Bu səbəbdən də o 1999-cu il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxs kimi daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilmir. Belə ki, o 1999-cu ildə Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. 2005-ci ildə Azərbaycanda SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra o nə Azərbaycan dövləti tərəfindən, nə də Gürcüstan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. Hazırda o nə Gürcüstan Respublikasının, nə də ki, Azərbaycan Respublikasının vətəndaşı hesab edilir. Göründüyü kimi, o Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişdir. Azərbaycan Respublikası qanunvericiliyi isə 1992-ci ilin yanvarın 1dən sonra Azərbaycan Respublikasının ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilən şəxslərin sənədləşdirilmə (vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi ilə təmin edilmə) qaydasını müəyyən etmədiyi üçün, ona Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsinin verilməsi də mümkün olmur. Vətəndaşlığının olmaması Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağını qeyri-mümkün edir və bu da onun bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Ona görə də, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək məqsədilə vəsatət qaldıra bilməyi üçün onun 1999-cu ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranıb. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Məmmədova Mehriban Akif qızı ərizəyə uyğun məzmunda izahat verərək, bildirmişdir ki, ərizəni müdafiə edirlər, 2002-ci ildən ölkəni tərk etməmişdir. Eyni zamanda giriş-çıxışı barədə də arayış təqdim etmişdirlər. Şahidlərin dindirilməsinə dair də vəsatətləri var. Təmin edilməsini xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Həsənov Faiq Savalan oğlu bildirmişdir ki, tələb olunan bütün arayışlar təqdim olunmuşdur. Ərizənin təmin olunmasına etiraz etmirlər. Məhkəmə iclasında ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı ərizənin təmin olunmasını xahiş etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid İskəndərova Nahidə Qorçu qızı bildirmişdir ki, ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı qohumudur. Həzrətquluyeva Şəlalə Kərəm qızı 1999-cu ildən Bakıda yaşayır. Qohumdular, uşaqlıqda gəlib gediblər. Bir kənddə böyüməmişdirlər. O Qazaxda nənəsinin yanında böyümüşdür. Ərizəçi isə Gürcüstanda yaşayıb. Atası ilə Qazaxa gəlirdi. Daimi əlaqə olmasa da, münasibətləri var. Kömək mənasında əlaqə saxlayırlar. 1999-cu ildən Bakıya köçmüşdür. Başqa ölkəyə getməyib. 1 dəfə yoldaşının qohumu rəhmətə getmişdi, onda Gürcüstana getmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid İskəndərova Sevinc Şəmkət qızı bildirmişdir ki, ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı anasının bibisi nəvəsidir. Şəlalə Marneuli rayonunda anadan olub. Uşaqlıqdan tanıyır. O Qazaxda anadan olmuşdur. 1999-cu ildə ailəsi ilə Bakıya gəlib. 2 xəstə uşağı var. 2003-cü ildə bir dəfə yoldaşının qohumu rəhmətə getdiyinə görə Gürcüstana gedib. Başqa ölkələrə getməyib. Bakıda fərqli ünvanlarda kirayə qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid İskəndərov Şöhrət Qorçu oğlu bildirmişdir ki, ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı anasının bibisi nəvəsidir. Şəlalə Marneulidə anadan olub. 1999-cu ildə yoldaşı ilə Bakıya gəlib. 2003-cü ildə rəhmətə gedənləri olmuşdu, onda Gürcüstana gedib. Qohum kimi əlaqə saxlayırlar. 1-2 dəfə əlaqələri olub. İş materialları. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Həzrətquluyeva Şəlalə Kərəm qızına ünvanlanmış 08.07.2024-cü il tarixli, 3-37/2-H- 4818-26-1-08-6605/2024 nömrəli məktubdan görünür ki, daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, “11.06.2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətiniz araşdırılmış və Sizin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığınız müəyyən edilmişdir. Bu barədə Dövlət Miqrasiya Xidmətinin 13.06.2018-ci il tarixli 6318672 nömrəli arayışı ilə aidiyyəti üzrə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Odur ki, 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz.” Gürcüstan SSR Marneuli rayon İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsi tərəfindən verilmiş 24.07.1987-ci il tarixli XV-TИ seriyalı 732801 nömrəli vətəndaşlıq pasportunun surətindən görünür ki, Həzrətquluyeva Şəlalə Kərəm qızı 23 mart 1970-ci ildə Gürcüstan SSR Marneuli rayon doğulmuşdur. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyinin notarial qaydasında təsdiq edilmiş himayə sənədinin surətindən görünür ki, Həzrətquluyeva Şəlalə, Salmanova Kəmalə, Salmanova Sürəya BMT QAK-ın mandatı altında olan şəxslərdir və sənəd 31 may 2025-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin notarial qaydasında təsdiq edilmiş 04.06.2024-cü il tarixli, 3-37/2- H-4124-18-07-5709/2024 nömrəli arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 23 mart 1970-ci il təvəllüdlü Shalala Azratguluyevaya (himayə sənədi № 786-00014912) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 14 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 14/J ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin notarial qaydasında təsdiq edilmiş 04.03.2022-ci il tarixli 08/46 nömrəli arayışından görünür ki, 23 mart 1970-ci il təvəllüdlü Həzrətquliyeva Şəlalə Kərəm qızının 11481/m nömrəli, 11 iyun 2018-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan Səfirliyi (Bakı) tərəfindən Şəlalə Həzrətquliyevaya verilmiş notarial qaydasında təsdiq edilmiş 22/00005944/2024–02 nömrəli, 11.06.2024-cü il tarixli arayışından görünür ki, “Gürcüstan vətəndaşlığı haqqında” Gürcüstan Orqan Qanunun 30-cu maddəsinin birinci bəndinin “A” yarımbəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə təqdim edilmiş və Agentlik tərəfindən əldə edilmiş sənədlərə əsasən o, Gürcüstan vətəndaşı hesab edilmir. İş materiallarında olan Gürcüstan SSR Təhsil Nazirliyi Marneuli rayonu Qaçağan kənd 2 saylı orta məktəbi tərəfindən 01.07.1987-ci il tarixdə verilmiş 036946 nömrəli orta təhsil haqqında attestatın notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, 23 mart 1970-ci ildə Marneuli rayonu Qaçağan kəndində doğulmuş Həzrətquluyeva Şəlalə Kərəm qızı 1987-ci ildə Gürcüstan SSR Marneuli rayonu Qaçağan kənd 2 saylı orta məktəbinin tam kursunu bitirmişdir. Gürcüstan Respublikası Marneuli rayonu Qasımlı kəndinin Qasımlı k/sovetliyi tərəfindən 22.07.1992-ci il tarixdə verilmiş, V-TИ seriyalı, 371077 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin verilmiş notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Salmanov Bəhruz Zaman oğlu və Həzrətquluyeva Şəlalə Kərəm qızı arasında 22.07.1992-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 28 nömrə ilə qeyd edilmişdir. Gürcüstan Səfirliyi (Bakı) Gürcüstanın dövlət orqanları tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 22/00000965/2022-02 qeydiyyat nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, Həzrətquluyeva Şəlalə Kərəm qızı (atası Həzrətquluyev Kərəm, anası Həzrətquluyeva Şükufə) 23 mart 1970-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 01.06. 1970-ci il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən “Kredo” vəkil bürosuna ünvanlanmış 15.08.2024-cü il tarixli, 3-38-2/33-2953/24 nömrəli məktubdan görünür ki, “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, 23.03.1970-ci il təvəllüdlü Həzrətquluyeva Şəlalə Kərəm qızının 1999-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. Bununla yanaşı, Ş.K. Həzrətquluyevanın 01.01.2002-ci il tarixdən 06.08.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.2. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

12. Məhkəmələr Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində müəyyən edilmiş "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin “şəxsin 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktının müəyyən edilməsi” tələbinə münasibətdə qeyd edir ki, proses iştirakçılarının və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, Həzrətquluyeva Şəlalə Kərəm qızı Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, 1999-cu ildən etibarən Bakıya köçərək, Bakı şəhərində qeydiyyatsız yaşamışdır. Həmçinin iş materiallarına sübut qismində əlavə edilmiş “giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatdan göründüyü kimi, Həzrətquluyeva Şəlalə Kərəm qızının 01.01.2002-ci il tarixdən 06.08.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, şəxsin 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan ərizəçinin tələbi bu hissədə təmin edilməlidir. Ərizəçinin tələbinin digər hissəsinə - “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, valideynlərinin hər ikisi milliyyətcə azərbaycanlı olan ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının vətəndaşı ola biləcəyi potensial iki dövlət var: 1. doğulduğu yer olması baxımından Gürcüstan Respublikası; 2. 1999-cu il tarixdən etibarən daimi yaşaması və milli mənsubiyyət baxımından Azərbaycan Respublikası. Məhkəmə, ərizəçinin üçüncü bir dövlətin vətəndaşı olması ehtimalını ona görə istisna edir ki, iş materialları ilə ərizəçinin Azərbaycan Respublikasına gəlməsindən sonra heç vaxt Azərbaycan Respublikasının dövlət sərhədini tərk etmədiyi müəyyən edilmişdir. Bu vəziyyətdə onun başqa bir dövlətin vətəndaşı ola bilməsi ehtimalı mümkün deyildir. Bu baxımdan məhkəmə hazırkı iş üzrə ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının yalnız Gürcüstan və Azərbaycan Respublikaları ilə əlaqəli olduğunu nəzərə alaraq hesab edir ki, ərizəçi yalnız bu iki dövlətdən birinin (yaxud bir neçəsinin) vətəndaşı ola bilərdi. Lakin iş materialları ilə müəyyən edilir ki, o, bu dövlətlərdən heç birinin vətəndaşı deyil. Məhkəmənin mövqeyinə görə isə ərizəçinin potensial vətəndaşı ola biləcəyi bu iki dövlətdən heç birinin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi onun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsində nəzərdə tutulmuş heç bir dövlətin vətəndaşlığına mənsub olmamasının müəyyən edilməsi üçün kifayətdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması” tələbində haqlı olduğundan, ərizə bu hissədə də təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi Həzrətquluyeva Şəlalə Kərəm qızının 1999-cu il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar