Məhkəmə qərarları › İş №2(010)-4082/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4082/2025

27.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4082/2025 27.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən azyaşlı övladı ilə, yəni xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən 31A/5 nömrəli evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-238/2025 nömrəli qətnaməsi ilə nikaha xitam verilmiş, rəsmi nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanılması və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment miqdarının indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.61 mislində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-762/2025 nömrəli qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilmiş, rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü X4 ilə görüş vaxtı müəyyən edilmişdir. Cavabdeh pasport qeydiyyatında olduğu Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən 31A/5 saylı evə gəlin köçmüş və hazırda ona məxsus cehiz əşyalar da həmin fərdi evdədir. Oğlu Kazım sözügedən fərdi evdə anadan olmuşdur. O, həmin fərdi evdə 8 il yaşamışdır. Onun yaşamağa başqa yeri yoxdur. Hal-hazırda atası, anası, atasının xalası və oğlu ilə birlikdə yaşayır. Həmin ev 3 otaqlı olsa da yaşayış üçün əlverişli deyil. Fərdi ev atasının xalasına məxsusdur. Cavabdehin hərəkətlərinə və xəyanətlərinə dözməyərək valideynlərinin yanına qayıtmağa məcbur olmuşdur. Cavabdeh barışmaq üçün heç bir cəhd etməmişdir. O, nikahın pozulmasını istəməmişdir. Cavabdehin məhkəməyə müraciəti əsasında nikaha xitam verilmişdir. Qeyd edir ki, oğlu Kazım Kazımov Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən 31A/5 saylı evdə pasport qeydiyyatındadır. Hesab edir ki, onun azyaşlı övladı ilə, yəni xx.xx.2017-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən 31A/5 nömrəli evə köçürülmələri barədə qətnamə qət edilməlidir. Qeyd edir ki, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00750 saylı arayış təsdiq edir.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh məxsusdur. Cavabdehlə birgə nikahdan doğulan oğlu da həmin evdə qeydiyyatdadır. Həmin ev dörd otaqdan ibarət olmuş və uzun müddət orada yaşamışdır. Artıq bir ildir ki, oradan çıxmışdır. Hazırda qalmağa yerləri var, lakin həmin təmirsizdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, həmin ev onun adına olsa da, dövlət qeydiyyatına alınmamışdır. Yəni fərdi yaşayış evinə dair çıxarış mövcud deyil, yalnız layihə var. Qarşı tərəf təxminən bir ildir ki, həmin evdən çıxmışdır və yenidən onun fərdi yaşayış evinə köçürülməsini istəmir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı, 037759 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-238/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 664 nömrə ilə qeydə edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0.61 misli həddində sabit pul məbləğində alimentin tutulması və qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra edilməsi qət edilmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-762/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh övladı X4 ilə maneəsiz və sərbəst şəkildə (ananın iştirakı olmadan) hər həftənin şənbə günü saat 11:00-dan (gecə qalmaq şərti ilə) bazar günü saat 18:00-dək, eyni zamanda xx.xx.2017-ci il təvəllüdlü X2 doğum günündə, yəni hər il 11 dekabr tarixində saat 11:00-dan 20:00-dək (doqquz saat), Respublika ərazisində qeyd edilən bayram günlərində (Ramazan, Yeni il, Qurban bayramı, Novruz bayramı (bayram günlərinin birinci günü)) saat 11:00-dan 20:00-dək (doqquz saat) görüş vaxtı müəyyən edilməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər - ...xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh... .

İşin faktiki halları.

9. İddiaçı və Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış və bu nikahdan bir uşaq – xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 anasının yanında qalmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Uşaq hazırda anası ilə yaşayır.

11. Cavabdeh və oğlu Kazım Kazımov ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından görünür ki, tərəflər keçmiş ər-arvaddır. Hazırda İddiaçı tələb edir ki, cavabdehlə nikahı pozulmazdan əvvəl yaşadığı evə yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə köçürülsün. Cavabdeh isə bu iddianı qəbul etmir. Beləliklə, tərəflər arasındakı mübahisəli məsələ iddiaçının evə köçürülməsi üçün hüquqi əsasın olub-olmaması ilə bağlıdır.

15. Məhkəmə araşdırması gedişində müəyyən edilmişdir ki, tərəflər 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçının mübahisəli fərdi yaşayış evinə bu nikahdan sonra köçməsi tərəflər arasında mübahisəsizdir. Həmçinin məhkəmə araşdırması gedişində evə dair hüquqmüəyyənedici sənədlərin olmadığı müəyyən edilmişdir. Bu vəziyyətdə iddiaçının həmin evə istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bununla belə evin tərəflərin birgə nikahı dövründə tikilməsi halında iddiaçının da cavabdehlə birlikdə həmin evdən istifadə etmək hüququ istisna edilmir. Lakin hazırkı işdə iddiaçı belə bir hala istinad etməmiş, əksinə, cavabdehlə rəsmi nikaha daxil olduqdan sonra cavabdehə məxsus evə köçdüyünü bildirmişdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli ev üzərində istifadə hüququ olmadığından, eləcə də mübahisəli evin tikintisi tərəflərin birgə nikahı dövründə baş tutmadığından iddia təmin edilə bilməz.

Məhkəmə xərcləri.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödədiyinə görə çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilmişdir.

19. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

20. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar