Məhkəmə qərarları › İş №2(010)-4126/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4126/2021

22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4126/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi “əmək fəaliyyəti barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonun Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməyi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1954-cü il tarixində Ağdam rayonun Şıxbabalı kəndində anadan olmuşdur. O, 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə kimi çalışmışdır. Məcburi köçkün düşəndən sonra həmin faktı təsdiq edən sənədləri işğal altında olan Ağdam rayonu Şıxbabalı kəndindən gətirə bilməmişdir. Hazırda həmin faktı yalnız şahidlər təsdiq edə bilər. O, əmək pensiyasının təyin olunması üçün müraciət edərkən ona 1970-ci ildən 1993-cü ilə qədər Ağdam rayonu Şıxbabalı kəndində M.Əsədov adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsi barədə heç bir sənəd təqdim etmədiyi üçün əməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını bildirmişlər. Bunlara əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə dəftərxana vasitəsi ilə 10.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri iş üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş etiraz ərazisi Ərizəçi Məhəməddəli qızının ərizəsinin əsassız olması onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd edilən qanunvericilik normasının məzmunundan göründüyü kimi xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktlar müəyyən edilən zaman iki şərt nəzərə alınır:ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır: ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədənkənar qaydada əldə etməyin mümkün olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü halları iki qrupa bölünür:hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar: hüquqi əhəmiyyətli faktlar müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri (vermədikləri) hallar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən, yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra - "Qaydalar”) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; və s. Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “X1 haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və va həmin sənədi bərpa etmək mümkün olmadıqda is stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və va həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı, ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. AR Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş «X1 haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin İ bölməsinin 1ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, is stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş stajını (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ən azı iki ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Bu cür işlərdə bir nəfər şahidin ifadəsinə əsaslanıb ərizəçinin tələbinin təmin olunması yolverilməzdir. Buna görədə hazırki iş üzrə ən azından Ərizəçiylə eyni müəsssədə işləmiş və işləməyini təsdiq edən sənədlərlə birgə dindirilməli və məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Hazırki iş üzrə Ərizəçi M. Əsədov adma üzümçülük sovxozunda işləməsi faktının sübuta yetirilməsi üçün azı 2 nəfər şahid mövcud olmalı, ərizəçi ilə şahidlərin sovxozda işlədiyi illər üst-üstə düşməli, şahidlər ərizəçi ilə eyni sovxozd əmək fəaliyyəti ilə məşğul olmalı və hər birinin əmək fəaliyyətini təsdiq edən hüquq müəvvənedici sənədləri mövcud olmalıdır. Ərizəçinin müvafiq sovxozda işləməsi faktının sübuta yetirilməsi məqsədivlə məhkəmə iclasında dindirilən 3 şahiddən heç biri yuxarıda qeyd edilən şərtlərə cavab verməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin izahına əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və va digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri- mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və va məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, mülki is üzrə Ərizəçi 1970- 1993-cü il tarixlərdə Ağdam rayonu Şıxbabalı kəndi M.Əsədov adına üzümçülük sovxozunda fəhlə işləməsi faktının müəyyən olunmasına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 etiraz ərizəsində qeyd olunanlara istinad edərək ərizənin rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını və şahidlərin ifadələrini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA 221783 №-li Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, ərizəçi Ağdam rayonundan məcburi köçkün olmaqlıa Suraxanı rayonu ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan ünvan 2ədov adına sovxozun direktoru tərəfindən imzalanmış və şahidlərin ifadələrinə əsasən tərtib olunmuş 05 dekabr 2019-cu il tarixli 197 saylı Arayışdan görünür ki, Ərizəçi 1970-ci ildən 1993-cü ilə qədər sovxozun üzümçülük briqadasında fəhlə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, o, 01 dekabr 1959-cu tarixdə Ağdam rayonunun Şıxbabalı kəndində anadan olmuşdur. Ərizəçi da həmin kənddə doğulduğundan onu uşaqlıqdan tanıyır. Həmçinin, 70-ci illərdən onunla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X5 ifadələrində şahid X6 göstərdiyi xüsusatları bildirərək ərizəçinin onlarla birlikdə Şıxbabalı kəndində yerləşən M.Əsədov adına sovxozda işlədiyini təsdiq etmişlər. İş materiallarında olan BA-02392-2021№-li 04 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan görünür ki, Ərizəçi 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Beləliklə də, məhkəmə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, Ərizəçi 1970-ci ildən Ağdam rayonun Şıxbabalı kəndində yerləşən M.Əsədov sovxozunda fəhlə işləməsinə dair sənədlər Ağdam rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi həmin sovxozda fəhlə işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məktubundan ərizəçinin 1992-ci ilin noyabr ayından Bakı Tikiş Fabrikində işə qəbul olunduğuna dair məlumatını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin 1970-ci ildən məhz həmin tarixə qədər (1992-ci ilin noyabr ayı) Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Ərizəçi 1970-ci il tarixdən 1992-ci ilin noyabr ayına qədər Ağdam rayonu, Şıxbabalı kəndində M.Əsədov adına sovxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar