Məhkəmə qərarları › İş №2(010)-4130/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4130/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4130/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə, istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gəlin köçdüyü Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, xx.xx.2006-cı il tarixdə Suraxanı rayonu qeydiyyat VVADQ şöbəsi tərəfindən 297 saylı akt qeydi ilə onunla Cavabdeh2 arasında nikah bağlanmışdır. Birgə nikahdan iki əkiz övladı - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar. Cavabdeh2 Şingiz oğlu ilə arasında oln nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. O, ailə qurduğu ilk gündən yuxarıda Bakı şəhəri, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 ünvanında yerləşən evə gəlin köçmüş və hazırda ona məxsus bütün cehiz əmlakı həmin evdədir. Cavabdeh boşanmaq üçün məhkəməyə ərizə verdiklən sonra o və onun ailəsi həmin ünvanda yaşamasına imkan verməmişlər. Mübahisəli ev Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 çox geniş və çox otaqlı bir evdir. O, həmin evdə onlara ayrılan otaqlarda yaşamışdır. Həmin ev xüsusi mülkiyyət kimi Dövlət Reyestrində qeydiyyatdan keçməmiş və cavabdehlərin mübahisəli mənzilə heç bir xüsusi mülkiyyət hüquqları yoxdur, onların da onun kimi həmin ünvana yalnız istifadə hüquqları vardır. Özü gecə növbəsində işləyir, səhər evə gələndə onu evə buraxmaq istəmərlər və bunun üstündə hər dəfə onlarla mübahisə baş verir. Ona görə də, iddia tələbinin təmin edilməsi və onun yaşayış hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını heç kim evdən qovmamış, özü evdən çıxmışdır. Hazırda da ona maneə yaradan yoxdur, lakin heç bir əsası olmayan iddanı qaldırmışdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçını heç kim evdən qovmamışdır, gəlib istədiyi zaman evdə yaşaya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2012-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Yeni Suraxanı qəsəbəsi ərazı dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 ünvanında - Cavabdeh1 - xx.xx.1941 -ci il; Cavabdeh2 - xx.xx.1977-ci il; Cavabdeh3 - xx.xx.1947-ci il; X4 - xx.xx.1975-ci il; X9 xx.xx.2000-ci il; X1 - xx.xx.2003-cü il; X8 - xx.xx.2012-ci il və X5 - xx.xx.2012-ci il qeydiyyatdadırlar. Məhkəmə tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və birgə nikahlarından xx.xx.2012-ci ildə X8 və xx.xx.2012-ci ildə X3 adlı uşaqları anadan olmuşdur. Onlara arasında fikir ayrılığı olduğundan aralarında söz-söhbətlər olmuş və cavabdeh aralarındakı nikahın pozulması barədə məhkəmədən iddia qaldırmışdır. Tərəflərin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Ailə qurduqdan sonra iddiaçı yaşamaq üçün mübahisəli evə gəlin köçmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer - onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X2 mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq həmin evə gəlin köçərək uzun müddət orada yaşayaraq cavabdehlərlə birgə təsərrüfat apardığından onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 9 ünvanında yerləşən həmin evə köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvanına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar