Məhkəmə qərarları › İş №2(010)-4148/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4148/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4148/2021 15.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özü ilə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 08.01.2021-ci il tarixdə qeydə alınmış, 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız sayılması, akt qeydləri kitabındakı 08 nömrəli nikah qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında nikah formal olaraq 08.01.2021-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 08 nömrəli qeydlə rəsmiləşdirilmişdir. Cavabdehlə həqiqi nikaha daxil olmaq niyyəti olmamış və nikahları formal xarakter daşımışdır. Belə ki, cavabdeh olan xalası oğlu Kanadada işləmək məqsədilə sənədlər toplayan zaman ona bildirilmişdir ki, bir şəxsin oturum alanadək, hüquqi yardım da daxil olmaq şərtilə çəkəcəyi xərc 20000 ABŞ dolları miqdarındadır. Lakin müraciət edən şəxs rəsmi nikahda olan (ailəli) şəxs kimi nikah şəhadətnaməsi ilə müraciət etdikdə bu xərclərə hər iki şəxsin (ər və arvadın) məsrəfləri daxil edilir. Yəni 20.000 ABŞ dolları xərclə 2 nəfər (yəni ər və arvad) Kanadaya gedə bilər. İddiaçı da ali tibb təhsilini Kanadada davam etdirmək istədiyindən xalası oğlu ilə formal olaraq nikaha daxil olmuşdur ki, 1 nəfər üçün 20.000 ABŞ dolları deyil, 2 nəfər üçün qeyd edilən pul ödənilsin. Lakin sonradan iddiaçı fikrini dəyişmiş, Kanadaya getmək istəməmiş və təhsilini Azərbaycan Respublikasında davam etdirmək qərarına gəlmişdir. Çünki Kanadada təhsil böyük məsrəflər tələb edirdi və bu valideyninin ağır vəziyyətə düşməsinə səbəb olacaqdı. Xalası oğlu Cavabdeh da onunla həqiqi nikaha daxil olmaqla ailə həyatı yaşamaq fikri olmamışdır. Onların ümumiyyətlə nə elçilyi, nə toyu olmamışdır və onlar bir ailə kimi bir yerdə yaşamamışlar. Xalası oğlu ilə də sadəcə mehriban dost və qohumluq münasibətləri var. Nikaha daxil olmaqda məqsədi isə təhsillə bağlı məsrəflərdən azad olunmaq olmuşdur ki, bu imkandan da yararlana bilməmişdir. Bu səbəblər nəzərə alınmaqla nikahı etibarsız sayılmalıdır. Çünki nikahın əsas məqsədi gələcəkdə uşaqların dünyaya gəlməsi və ər-arvad arasında daimi xoşbəxt həyatın təmin edilməsidir. Onlarda isə bu baş verməmiş, bağlanan nikah da formal xarakterli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, onun qardaşı Kanada dövlətində yaşadığı üçün özü və iddiaçının təhsilini davam etdirmək üçün oraya köçmək istəmişlər. Qardaşı bir neçə ildir ki, Kanadada işlədiyindən o da həm təhsil almaq, həm də işləmək üçün oranı uyğun hesab etmişdir. İddiaçı ilə nikaha daxil olmasının səbəbi hər ikisinin Kanada dövlətində ucuz məbləğdə təhsil almaq istəməsi olmuşdur. Xalası qızı olan iddiaçı ilə bu səbəbdən rəsmi olaraq nikaha daxil olmuşlar. Lakin nikahları formal xarakter daşımış, iddiaçı ilə faktiki olaraq ailə qurmamış, ailələr arasında heç bir toy tədbiri baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, o, İddiaçı rəfiqəsidir. Özü ingilis dili müəlliməsidir. Ayşən Kanada dövlətində təhsilini davam etdirmək üçün xalası oğlu olan cavabeh Cavabdeh ilə formal olaraq nikaha daxil olmuşdur. Lakin sonradan hər ikisi Kanadaya getməkdən imtina etmişlər. Tərəflər arasında el adət-ənənəsi ilə toy mərasimləri olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, iş üzrə tərəflərlə qohumluq münasibətindədir, İddiaçı və Cavabdeh oğlu ilə xala uşaqlarıdır. Fərid Kanada dövlətində təhsilini davam etdirmək üçün xalası qızı Ayşənlə formal olaraq nikaha daxil olmuş, lakin sonradan hər ikisi Kanadaya getməkdən imtina etmişlər. İddiaçı ilə cavabdeh arasında nikah formal xarakter daşıyır. Tərəflərin arasında elçilik, nişan, toy kimi el adətinə uyğun tədbirlər olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilən 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08.01.2021-ci il tarixdə verilmiş AZ-İİ 421011 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh və X3 arasında olan nikah 08.01.2021-ci il tarixdə 08 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilən Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Quliyev Emilə (cavabdehin qardaşı) 27.08.2022ci il tarixinədək Kanadanın Toronto şəhərində Logistika üzrə koordinator vəzifəsində işləmək üçün icazə verilmişdir. Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Hazırkı iş üzrə iddiaçı ailə qurmaq niyyətinin olmadığını bildirərək, qeyd olunan maddəyə əsaslanıb nikahın etibarsız hesab edilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul edərək nikahlarının formal xarakterli olduğunu, məqsədlərinin Kanadaya gedərək orada yaşamaq olduğunu bildirir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olub olmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçı ilə cavabdeh arasında olan nikah etibarsız sayılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsində 08.01.2021-ci il tarixdə qeydə alınmış, 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız sayılsın. Akt qeydləri kitabındakı 08 nömrəli nikah qeydi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar