Məhkəmə qərarları › İş №2(010)-4159/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4159/2024

03.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4159/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 uşaqları Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzildən çıxarılmaları və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzil xx.xx.1994-cü il tarixli, 021451 nömrəli order əsasında 4 nəfər ailə üzvü nəzərə alınmaqla ona təhvil verilmişdir. Həmin vaxtdan sonra mənzil faktiki olaraq ona məxsus olsa da, o və ailə üzvləri həmin mənzilə dair hüquqlarının həyata keçirilməsini təmin edə bilməmişlər. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 1994-cü ildə məcburi köçkün olaraq ona verilmiş mənzili zəbt edərək orada yaşamağa başlamışlar və hazırkı vaxtadək mənzildən qanunsuz istifadə etməkdə davam edirlər. Cavabdehlər tərəfindən ona verilmiş mənzilin qanunsuz olaraq zəbt edilməsi nəticəsində o və ailə üzvləri artıq uzun illərdir ki, Bakı şəhəri, ünvan 2 ünvanında yaşamağa məcbur qalmışlar. Dəfələrlə cavabdehlərdən ona verilmiş mənzildən çıxmalarını və mənzili ona təhvil verilmələrini tələb etsə də, cavabdehlər ona verilmiş mənzildən çıxmaqdan imtina etmişlər. Cavabdehlər ona məxsus evdə qanunsuz yaşamaqla onun və ailə üzvlərinin həmin mənzilə daxil olmalarına, oradan istifadə etmələrinə və mənzil üzərində sərəncam vermələrinə imkan vermirlər. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 65 yaşı var və 17 yaşından bəridir ki, əmək fəaliyyəti ilə məşğul olur. Hazırda mübahisə predmeti olan mənzilə dair order ona işlədiyi yerdən verilmişdir. Həmin order əsasında mübahisəli mənzilə çıxarış almaq üçün özəlləşdirmə işlərinin görülməsi ilə bağlı mənzilə gəldikdə cavabdehlər onları mənzilə buraxmamış və özəlləşdirmə işlərinin görülməsi üçün baxış keçirməyə gəlmiş əməkdaşlar da çıxıb getmişlər. Belə ki, order əsasında həmin mənzil ona məxsusdur və o, həmin mənzillə bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli mənzildə iddia ərizəsində qeyd edilən ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzil ona məxsus olmasa da, məhz Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq mənzildə məskunlaşmışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Yerində müayinə Məhkəmə tərkibi (Hakim Rzayeva Fəridə İslam qızı, məhkəmə iclas katibi Musayeva Aysel Xaliddin qızı) tərəfindən ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzilə xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmişdir. Qeyd olunan ünvana gəldikdə mənzilin giriş qapısından içəri daxil olduqda qarşıda dəhliz və qarşı tərəfdə 2 otaq müəyyən olunur. Otaqlardan sol tərəfdəkinin qonaq otağı, sağ tərəfdəkinin isə yataq otağı olduğu müəyyən olunur. Giriş qapısından sağ tərəfdə də 2 otaq olduğu müəyyən olunur. Həmin otaqlara da baxış keçirərkən yataq otaqları olduğu müəyyən olunur. Giriş qapısından sol tərəfə dəhlizlə getdikdə qarşıda mətbəx, mətbəxdən də balkona çıxış olduğu müəyyən olunur. Mətbəxə çatmamış sol tərəfdə iki qapı və həmin qapıların da sanitar qovşaqların qapısı olduğu müəyyən olunur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.1994-cü il tarixli, 021451 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 4 otaqlı, 122 nömrəli, ümumi sahəsi 60.2 m2 olan mənzil İddiaçı verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Zəngilan rayonunun Üdgün kəndindən məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi, 4042/60-cı məhəllədə yerləşən, sıx məskunlaşma obyekti olan 15 saylı binanın 122 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara başqa yaşayış sahəsi təklif olunmamışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Zəngilan rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də qeydiyyatda olduğu öz doğma yurduna köçürülməsi həyata keçiriləcək. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydası

4. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı.

2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, sübutları məcmu şəklində qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən 4 otaqlı, 122 nömrəli, ümumi sahəsi 60.2 m2 olan mənzil xx.xx.1994-cü il tarixli, 021451 nömrəli order əsasında İddiaçı məxsusdur. Cavabdehlər Zəngilan rayonu, Üdgün kəndindən məcburi köçkün olmaqla mübahisəli mənzildə məskunlaşmışlar. Məlum olduğu kimi, 1992-1993-cü illərdə ölkədə baş vermiş hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya edilmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, məcburi köçkünlər və mənzil mülkiyyətçiləri arasında olan bu tipli mübahisələr üzrə Avropa Məhkəməsinin konkret məhkəmə təcrübəsi və həmin təcrübə əsasında formalaşmış hüquqi mövqe mövcuddur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli, “Cəfərov Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli, “Gülməmmədova Azərbaycana qarşı” işi üzrə xx.xx.2010-cu il tarixli və digər buna bənzər işlər üzrə qərarlarında formalaşdırılmış hüquqi mövqe ondan ibarətdir ki, mənzil mülkiyyətçisinin razılığı olmadan məcburi köçkünlərin ona məxsus mənzildə yaşamağa davam etməsi, mənzil mülkiyyətçisinin “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə tanınan və qorunan mülkiyyət hüququnun pozulması deməkdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin maddəyə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin qərarlarda məcburi köçkünlük amili ilə bağlı Azərbaycan Respublikasının daxili qanunvericiliyinə istinad edilərək (hansı ki, hazırkı qətnamənin də tətbiq edilən hüquq hissəsində istinad olunmuşdur) qeyd edilir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması və mənzildən bugünədək çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqdında” Azərbaycan Respublikası Qanununun 5-cü maddəsinə istinadən belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Ən əsası nəzərə alınmalıdır ki, xüsusi mülkiyyət hüququ və onun toxunulmazlığı Azərbaycan Respublikasının Konstitusiyası ilə tanınır və qorunur. Mülkiyyətçinin razılığı olmadan başqalarının ona məxsus mənzildən istifadə etməsi mülkiyyət hüququnun pozulması deməkdir. O da qeyd edilməlidir ki, mülkiyyət hüququnu pozmuş şəxslərin məcburi köçkün statusu daşıması mülkiyyət hüququ pozuntusunu qanuniləşdirmir və ona haqq qazandırmır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı uşaqları Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 azyaşlı uşaqları Cavabdeh5 və Cavabdeh6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 122 nömrəli mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar