Məhkəmə qərarları › İş №2(010)-416/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-416/2022

11.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-416/2022 11.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nymayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında 11 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departmentinin 47 M nömrəli, 16 may 2011-ci il tarixli əmrinə əsasən o, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsi 72 saylı evin, ümumi sahəsi 72 m2 yaşayış sahəsi 48 m2 olan 4 otaqdan ibarət 7 saylı mənzilində şəxsi hesabı 3 nəfər ailə üzvü ilə birlikdə yaşaması və qeydiyyata alınması sosial kirayə müqaviləsi bağlanılmışdır. O, cavabdehlərlə birlikdə mübahisəli mənzildə bir müddət yaşamış, sonra isə müxtəlif səbəblərə, o cümlədən həmin evin hansı qaydada və kimin adına özəlləşdirilməsi məsələsi ilə bağlı cavabdehlərlə aralarında münaqişəli vəziyyət yaranmış və o müxtəlif yerlərdə qalaraq yaşamaq məcburiyyətində olmuşdur. İddiaçının adı gedən mübahisəli ünvandan daimi çıxıb getməmişdi. İddiaçının harada yaşaması cavabdehlər olan bacı və qardaşına hər zaman məlum olmuşdur. İddiaçı daimı ailə tədbirlərində, toy və yas mərasimlərində görüşmüş, bütün bunlara baxmayaraq, cavabdehlər ona bildirmədən, barəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən “istifadə hüququnun itirilməsi” tələbi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15.05.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçıların tələbi təmin edilmişdir. İddiaçının qət edilmiş məhkəmə qətnaməsindən heç bir xəbəri olmamışdır. O, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15.05.2018-ci il tarixli qiyabi qətnaməsindən narazı olduğundan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qət edilmiş, qiyabi qətnamənin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3137/2018 saylı, 15 iyul 2021 -ci il tarixli qərardadı ilə, həmin məhkəmənin 2(010)-3137/2018 saylı, 15.05.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Cavabdehlər ləğv edilmiş qiyabi qətnamə üzrə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Lakin, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(010)- 5068/2021 saylı qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbini təmin edilməməsini qət etmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə, həmin ünvanda yaşamaq üçün dəfələrlə getsə də, cavabdehlər iddiaçını mənzilə buraxmamışlar. Bu səbəbdən də, o iddia qaldırma hüquqularının müdafiəsi üçün məhkəməyə müraciət etməli oldu. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzilə köçürülmə badərə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndə və vəkili Vəkil hazırki mübahisənin faktiki halı ondan ibarət olmuşdur ki, illər əvvəl tərəflərin ata mənzili satıldığndan hər bir şəxsə, o cümlədən iddiaçının özünə pul vəsaiti verilmişdir ki, hər kəs özünə mənzil alıb orada da yaşasın. Lakin, iddiaçı özünə düşən paydan istifadə etməmiş və öz adına rəsmi olaraq mənzil almamış, yəqin ki, öz istəyi ilə bunu məqsədyönlü şəkildə etmişdir. Belə ki, Bakı şəhəri 37 saylı notariat kontorunun notariusu X2 tərəfindən təsdiq edilmiş 14 noyabr 2015-ci il tarixli, 3M-01/240 reyestr nömrəli, “X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısı ilə bağlı əldə edilmiş 180.000 (bir yüz səksən min) manat məbləğinin ailə üzvləri arasında bölünməsinə dair” müqavilə bağlanaraq həmin vəsaitlər tərəflər arasında qeyri-bərabər şəkildə bölünmüş və müqaviənin 4-cü bəndinə əsasən İddiaçı 53.000 (əlli üç min) manat verilərək göstərilmişdir ki, həmin məbləğdən 50.000 (əlli min) manatı ona və ailə üzvlərinə mənzil şəraiti yaratmaq məqsədi ilə qəbul edib. Həmin müqavilənin digər bəndlərini təhlil edərək görmək olar ki, alqı-satqıdan əldə edilmiş pul vəsaitinin ən böyük hissəsi məhz İddiaçı düşmüşdür. Yəni. Cəfər Hacıyevin övladları olaraq tərəflərin hər birinə ata mənzilindən düşməli olan bərabər payların qeyri-bərabər bölünməklə qardaşları olan İddiaçı düşməsinə ona görə razı olmuşdular ki, o ailə üzvləri ilə özünə mənzil alıb, orada da yaşasın və bununla bağlı heç kimə hər hansı tələb irəli sürməsin. O ki, qaldı hazırki mübahisənin predmeti olan mənzilə istifadə hüququna, İddiaçı müqavilə üzrə ona verilmiş pul vəsaitinə uyğun mənzil almağı vaxt tələb etdiyindən qısa bir müddətdə cavabdehlər icazə vermişdilər ki, onlarla yaşasın. Sonradan isə Qadi özünə ev aldığından onların yanından gedib orada yaşamağa başlamışdsır. Yəni, hazırki mübahisəli mənzilə iddiaçının hər hansı iddiası və ya tələbi ola bilməzdi. Mübahisəli mənzilin sənədləşməsinə gəldikdə isə, həmin mənzili Cavabdeh2 uzun çəkən məhkəmə çəkişmələrindən sonra 2019-cu il tarixdə xüsusi mülkiyyətinə keçirmişdir. Yəni, 2015-ci ildən etibarən iddiaçı cavabdehə məxsus olan mənzildə yaşamamışdır. Onun həmin mənzilə nə istifadə nədə ki köçürülüb yaşamaq hüququ yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 verdiyi izahatında nümayəndəsi və vəkilinin izahatını təsdiq edərək, iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 verdiyi izahatında nümayəndəsi və vəkilinin izahatını təsdiq edərək iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilini, cavabdehləri və cavabdehlərin etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilərək, iddiaçılar Cavabdeh1 və X1 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 47 saylı əmrinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə dair 3 nəfər ailə üzvü ilə (İddiaçı, Cavabdeh1, Cavabdeh2) iddiaçı Cavabdeh2 adına açılmış və onun adına kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Mülki məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümələdən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçərək qeydiyyata alındığı zaman mənzil xüsusi mülkiyyətdə olmamışdır. Həmin mənzil 31.01.2019-cu il tarixdə iddiaçı X1 adına özəlləşdirilmişdir. Cavabdeh iddiaçıya məxsus mənzilə 2011-ci ildə ailə üzvü kimi qeyd edilmiş və mənzil dövlət mənzil fonduna aid olmuş, iddiçı X3 is həmin mənzilin kirayəçisi olmuşdur. Həmin dövrdə hazırki müdahisəyə tətbiq edilə biləcək 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi (53 və 54-cü maddələr) qüvvədən düşdüyündən və 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarılə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğunudan bu mübahisəyə də 01.10.2009-cu ildən qüvvədə olan sosial kirayə müqaviləsinə aid normalar tətbiq edilməsi mümkündür. 01.10.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil məcəlləsinin oxşar münasibətləri tənziləyən 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvad), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Suraxanı rayon məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair sosial kirayə müqaviləsi bağlandıqdan sonra tərəflər arasında mübahisəli mənzilin kimin adına özəlləşdirilməsi ilə bağlı münaqişəli vəziyyət olmuşdur. İddiaçı başqa mənzildə hansı vaxtdan yaşaması, cavabdehin mübahisəli mənzili daimi tərk etməsi və daimi yaşamaq üçün başqa yaşayış yerinə getməsi ilə bağlı hər hansı sübut iddiaçılar tərəfindən təqdim edilmədiyindən məhkəmə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olmaması barədə iddia əsassız hesab olunduğundan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və X1 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun olmamasına dair iddia tələbi təmin edilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 oktyabr 20201-ci il tarixi qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməsi nəticəsində işə yenidən baxıldıqdan sonra İddiaçı Cəfərovicə qarşı iddia tamamilə rədd edildiyindən icrada dönüş edilməsinə dair tədbirlər görülmüş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə qeydiyyatı bərpa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı”, “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarlarında qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçıa qarşı “istifadə hüququnun olmaması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və X1 İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun mövcudluğunun müəyyən edilməsinə dair faktiki halların preyudisial əhəmiyyətini əsas kimi götürərək, hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış hüququnun tanınmasına dair hissədə iddiaya xitam verilməlidir. İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində mülkiyyət hüququ olsa belə, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə istifadə hüququnun mövcudluğu artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilməsini nəzərə alaraq, iddiaçını mübahisəli evdə yaşamaqdan məhrum edilməsi qanunsuzdur. Bundan əlavə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli, 352 saylı Fərmanı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair hissədə iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilə köçürülməlidir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququnun tanınması tələbinə dair hissədə iddiaya xitam verilsin. İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülməyə dair hissədə iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən 72 saylı evin 7 saylı mənzilinə köçürülsün. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar