Məhkəmə qərarları › İş №2(010)-416/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-416/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-416/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mətbəxdən istifadənin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “evin naturada bölünməsi, mətbəxdən və sanuzeldən istifadəyə maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun və Cavabdeh faktiki sahibliyində olan ünvan 1 ünvanında yerləşən evin mütənasib olaraq iki hissəyə ayrılması və ümumi istifadədə olan mətbəx və sanuzel sistemindən sərbəst şəkildə istifadə etməyinə cavabdeh tərəfindən edilən bütün növ maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəyişdirilməsi.

2. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Şəfəq küçəsi 22 ünvanında yerləşən evin qapısının qarşısında yerləşən mətbəxdən istifadənin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Şəfəq küçəsi 22 ünvanında yerləşən ev keçən əsrin 60-cı illərindən onun nənəsi Ziba Dünyamalı qızının xüsusi mülkiyyətində olmuşdur. Nənəsi rəhmətə gedəndən sonra atası Ağasəf Əliyev və əmisi Fərhad Əliyev öz ailələri ilə həmin evdə uzun müddət yaşamışlar. O, qardaşı, eləcə də əmisi uşaqları həmin evdə doğulub yaşamış və həmin evdə də qeydiyyatdadırlar. Hal-hazırda mübahisəli evdə onunla yanaşı rəhmətə getmiş X6in həyat yoldaşı, iş üzrə Cavabdeh öz övladları ilə birlikdə yaşayır. Qeyd edilən ünvandakı mübahisəli ev onların mülkiyyətində olmasa da, uzun müddətdir ki, istifadələrində olmaqla həmin evə sahiblik edirlər. X6 sağlığında razılıq əsasında evi iki hissəyə bölüb və ayrı giriş-çıxış qapıları qoyularaq istifadə olunur. Uzun müddət o və qardaşının ailəsi bir yerdə həyətdə tikilmiş ümumi istifadələrində olan mətbəx və sanuzeldən birlikdə istifadə ediblər. Qardaşı rəhmətə gedəndən sonra cavabdeh evdə ona rahat yaşamağa mane olur, həmçinin həyətdə yerləşən mətbəx və sanuzel sistemindən sərbəst şəkildə istifadə etməyinə müxtəlif formada maneçilik törədir. Hal-hazırda o, doğulub boya-başa çatdığı və faktiki istifadəsində olan evdə sərbəst yaşaya bilmir və bunun da səbəbkarı Cavabdehdır. Hal-hazırda ünvan 1 ünvanda yerləşən evə dair mülkiyyət sənədi olmadığı üçün, ümumi paylı mülkiyyət hüquqlarını həyata keçirə bilmir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh onun mərhum qardaşının arvadı olmuşdur. Hazırda onlar ünvan 1 ünvanında bir həyətdə yerləşən ayrı-ayrı evlərdə yaşayırlar. Hansı ki, həmin evlər onun nənəsindən atasına, sonra isə onun istifadəsinə keçmişdir. Evlərinin yerləşdiyi həyətdə çoxdan tikilmiş köhnə bir mətbəx var. Neçə illərdir ki, o, cavadehlə birlikdə həmin mətbəxdən istifadə edir. Mətbəx köhnə olmaqla yanaşı, həm də təmirsiz və darısqaldır. Bu səbəbdən mətbəxdə yemək bişirən zaman hər ikisinin oradan eyni vaxtda istifadə etməsi qeyri-mümkündür. Cavabdeh özü üçün yeni, müasir tələblərə cavab verən mətbəx tikməsinə baxmayaraq, öz mətbəxindən istifadə etmir. Mübahisəli mətbəxdən Cavabdeh istifadə etməsi onun üçün çətinliklər yaradır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onun mərhum ərinin bacısıdır. O özü mübahisəli mətbəxin aid olduğu evə gəlin köçmüş, həmin vaxtdan etibarən 32 ildir ki, orada yaşamaqla mətbəxdən davamlı istifadə edir. Onların yaşadıqları evlər ayrıdır. İddiaçının iddia etdiyi yeni tikilmiş mətbəx onun oğluna aid olan evin mətbəxidir. Oğlunu evləndirmək istəyir və bu səbəbdən oğluna məxsus evin mətbəxini inşa etdirib. Hal-hazırda kanalizasiya sisteminə qoşulmadığı üçün həmin mətbəxdən istifadə etmək mümkün deyil. Digər tərəfdən, onlar uzun illərdir ki, mübahisəli mətbəxdən problemsiz istifadə edirlər. Mətbəxdə yemək hazırlama və s. işlər görən zaman öz işini bitirib oranı tərk edir. Onun tərəfindən iddiaçının mətbəxdən istifadəsinə heç bir maneə yaradılmır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin vəkili X3 iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli mətbəx evin texniki pasportunda qeyd edilməmişdir. Həmin mətbəxdən uzun illərdir ki, tərəflər bərabər istifadə edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

8. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib olunmuş 1962-ci il may ayı tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Voroşilov (Şəfəq) 22 ünvanında yerləşən ev sahibinin adı, familiyası qrafasında “Ziba Dünyamalı qızı” qeyd edilmişdir. Həmin pasportun torpaq sahəsinin planı üzrə eksplikasiya cədvəlində adları ardıcıllıqla qeyd olunmuş tikililər siyahısında mətbəx adı çəkilməmişdir.

Yerində müayinə.

9. Məhkəmə tərəfindən mübahisəli mətbəxə yerində baxış keçirilmişdir. Müşahidə edilmişdir ki, həyətdə giriş-çıxışı ayrı olan üç fərdi yaşayış evi mövcuddur. Bu evlər müvafiq olaraq iddiaçının, cavabdehin və cavabdehin oğlunun istifadəsindədir. Həmin evlərdən 2-3 metr məsafədə isə həyətdə ayrıca inşa edilmiş köhnə, iki otaqlı mətbəx tikilisi mövcuddur. İşin faktiki halları.

10. Cavabdeh İddiaçı mərhum qardaşının arvadıdır. Onlar ünvan 2 ünvanda bu iki evdən başqa üçüncü bir ev və bir mətbəx tikilisi də var. Mətbəx tikilisi tərəflərin ümumi istifadəsindədir.

11. Bakı şəhəri, Suraxanı rayonu, Şəfəq küçəsi 22 ünvanında yerləşən fərdi yaşayış evlərinə, o cümlədən mübahisəli mətbəxə dair heç bir hüquqmüəyyənedici sənəd yoxur.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı əsas mübahisə hazırda faktiki olaraq yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Şəfəq küçəsi 22 ünvanında yerləşən və özbaşına tikili olan fərdi yaşayış evlərinin həyətində inşa edilmiş mətbəxdən istifadə edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı mətbəxin ailəsi tərəfindən inşa edildiyini, cavabdehin sonradan onun qardaşının arvadı olaraq həmin evə gəlin köçdüyünü və hazırda həmin mətbəxdən istifadəyə ehtiyacının aradan qalxdığını iddia etmişdir. Cavabdeh isə gəlin köçdüyü vaxtdan otuz iki ildir ki, həmin ünvanda yaşadığını, mətbəxdən istifadə etdiyini, bu mətbəxə ehtiyacının aradan qalxmadığını bildirmişdir.

15. Hər iki tərəf məhkəmədə öz mövqelərini müdafiə etsələr də, nəzərə alınmalıdır ki, mətbəxdən istifadənin cavabdehə qadağan edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı olduğundan ilk növbədə o sübut etməlidir ki, mübahisəli tikili ilə bağlı hər hansı əmlak hüquqlarına malikdir. İddiaçının bunu sübut etməsi ən əsası ona görə vacibdir ki, mətbəx özbaşına tikili olduğundan iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması həmin tikilinin kimin vəsaiti hesabına tikilməsinin müəyyən edilməsindən birbaşa asılıdır.

16. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı).

17. Məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh tərəf mübahisəli mətbəxin özbaşına tikili olmaqla onların öz vəsaitləri hesabına tikilmədiyini təsdiq etmişlər.

18. Buna baxmayaraq iddiaçı iddia edir ki, mətbəx onun nənəsi tərəfindən tikilmiş, o özü həmin mətbəxin aid olduğu evdə doğulub-böyümüş olduğundan mətbəxdən tək istifadə etməkdə üstün hüquqa malikdir. Məhkəmə iddiaçının bu dəlilinə münasibət bildirərək qeyd edir ki, eyni əsasla cavabdehin də həmin mətbəxdən istifadə etmək hüququnun olması istisna edilmir. Belə ki, işin mübahisəsiz hallarından biri də iddiaçının qardaşı arvadı olan cavabdehin gəlin köçdüyü vaxtdan uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin mətbəxdən istifadə etməsi halıdır ki, bu məntiqlə yanaşsaq, mübahisə predmet ilə bağlı tərəflərdən birinin digərindən üstün hüquqa malik olması istisna olunur. Bunu da qeyd etmək vacibdir ki, mülki qanunvericilik qanunsuz tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq hüququnu tanımasa da, qanunsuz tikilidən istifadəni qadağan etmir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Odur ki, baxmayaraq ki, mübahisəli mətbəx və onun aid olduğu fərdi yaşayış evi qanunsuz tikilidir, evdən istifadə edən cavabdehə onun tərkib hissəsi olan mətbəxdən istifadə etmək qadağan edilə bilməz.

20. Məhkəmə, həmçinin mətbəxin aid olduğu fərdi yaşayış evinə dair texniki pasportun olması və texniki pasportun nənəsinin adına qeydə alınmasına dair iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Baxçasaray Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında tikintiyə dair texniki pasportun texniki sənəd olduğu üçün daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd hesab edilməməli olması ilə bağlı mövqe nümayiş etdirilmişdir.

21. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Odur ki, iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri.

22. İş materiallarından görünür ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

24. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mətbəxdən istifadənin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar