Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-416/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulması faktının müəyyən edilməsi və bu barədə doğum haqqında akt qeydində qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə dünyaya gəlmişdir. X1, anası X8 olmuşdur. Ərizəçi Bakı şəhəri, indiki Xətai rayonunda yerləşən, 7 nömrəli doğum evində doğulmuşdur. Ərizəçinin dünyaya gəlməsindən qabaq, yəni xx.xx.1976-cı il tarixdə başqa bir bacısı dünyaya gəlmişdir. Həmin bacısı dünyaya gəldikdən sonra onun adını ata və anası Ruhiyyə qoymuş və ona müvafiq doğum şəhadətnaməsi almışlar. Həmin şəhadətnamə doğum haqqında akt qeydində xx.xx.1976-cı il tarixli olmaqla, 2959 saylı olmuş, ərizəçinin valideynlərinə verilmişdir. Sonra, xx.xx.1976-cı il tarixdə dünyaya gəlmiş uşaq bir neçə ay yaşamış və 1977-ci il tarixdə də dünyasını dəyişmişdir (ölmüşdür). Adı çəkilən doğum haqqında şəhadətnamə isə ərizəçinin valideynlərində qalmışdır. Daha sonra, ərizəçi xx.xx.1979-cu il tarixdə dünyaya gələrkən, ona yeni doğum haqqında şəhadətnamə almamışlar. X11 xx.xx.1976-cı il tarixdə doğulmuş və sonradan ölmüş uşağa aid olan doğum haqqında şəhadətnaməyə müdaxilələr etməklə, bir neçə məlumatı dəyişmişdir. Belə ki, şəhadətnamədə ərizəçinin doğum gününü “09” rəqəmi ilə, ilini “1979”, şəhadətnamənin özünün verilmə ilində olan “1976” rəqəminin son “6” rəqəmini “9” rəqəmi ilə dəyişdirməklə, şəhadətnamənin verilməsi ilinin “1979” kimi etmişdir, həmçinin qeydiyyat nömrəsini “2959” nömrəsindən “2059” kimi düzəlişlər etməklə dəyişdirmişdir. Məmmədov Mirzəağa şəhadətnaməyə belə müdaxilələr etməklə, guya Ruhiyyə adında olan uşağı yaşatmış kimi xəyallar qurmuşdur. Lakin, dünyasını dəyişmiş uşağın adını və eləcə də doğum ayını “düzəldə” bilmədiyindən, ərizəçinin adı “Ruhiyyə”, doğum ayı isə “sentyabr” ayı olaraq qalmışdır. Ərizəçinin əsl adı “Yeganə” olmasına baxmayaraq, doğum şəhadətnaməsində “Ruhiyyə” olaraq qalmışdır. Daha sonra, ərizəçi orta məktəbə getmiş, işləmiş və hətta ailə həyatı qurmuşdur. Daha sonra, nikahına xitam verilmiş və həmin nikahdan da uşaqları dünyaya gəlmişdir. Hətta, nikaha xitam verildikdən sonra ona xx.xx.2014-cü il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda, ərizəçi yenidən nikaha daxil olmaq istəyərkən, buna imkan olmamışdır. Bunun səbəbi kimi, vaxtı ilə dünyasını dəyişmiş xx.xx.1976-cı il təvəllüdlü bacısının doğum haqqında şəhadətnaməsinin ərizəçinin adına işlənildiyindən, bu aktın düzgün olmadığı qeyd edilmişdir. Belə ki, ərizəçi Türkiyə Respublikasında xarici vətəndaşla nikaha girmək istəyərkən, orada ondan subaylıq haqqında arayış istənilmişdir. Ərizəçi də bunun üçün Azərbaycan Respublikasının Konsulluğuna müraciət etsə də, ancaq doğum haqqında sənədində belə bir problemin olmasını əsas gətirməklə, ona subaylıq haqqında arayış verilməmişdir. Bundan sonra, ərizəçi Bakı şəhərinə qayıtmış və xx.xx.2023-cü il tarixdə qeydiyyatı olduğu rayon üzrə qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətə Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 216 3-16-5/8-10-A-12/2-216/2023 nömrəli məktubu ilə cavab verilərək bildirilmişdir ki, ərizəçiyə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir və bunun səbəbi də odur ki, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən, ərizəçinin təvəllüdünün xx.xx.1976-cı il kimi yazıldığı, lakin şəxsiyyət vəsiqəsində isə xx.xx.1979-cu il kimi qeyd edildiyi müəyyən edilmişdir. Bunun üçün də məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra, ərizəçi bu dəfə Xətai rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında akt qeydində doğum tarixinə dəyişikliklərin edilməsi barədə müraciət etsə də, şöbənin xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-15-M-15-628 və xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-M-15-1649 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, belə bir dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar yoxdur, bu barədə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra, ərizəçi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında müqavilə bağlanmış və bu faktın hüquqi tərəflərinin dəqiqləşdirilməsi üçün müvafiq vəkil sorğuları tərtib edilərək, dövlət orqanlarına ünvanlanmışdır. Belə ki, ilk vəkil müraciətlərindən biri Suraxanı rayon qeydiyyat şöbəsinə olmuş və şöbənin xx.xx.2023-cü il tarixli, 3-16-5/7-633-2023 nömrəli məktubu ilə bildirilmişdir ki, ərizəçi barədə Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydində təvəllüd “xx.xx.1976” kimi göstərilmişdir. Həmçinin, Xətai rayon qeydiyyat şöbəsinə də ünvanlanmış vəkil sorğusuna sonuncu idarənin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-16-904 nömrəli cavab məktubunda da qeyd edilmişdir ki, ərizəçi barədə doğum aktında təvəllüd xx.xx.1976-cı il kimi qeyd edilmişdir. Bundan başqa, Bakı şəhəri “X16” X13 rəsmi qaydada müraciət edilərək, ərizəçinin mərhum anası Afiyə Məmmədovanın xx.xx.1979-cu il tarixdə, Bakı şəhəri 7 nömrəli doğum evində (hazırkı Bakı şəhəri “X16” PHŞ) doğuşun keçirilməsini özündə əks etdirən bütün məlumatların təsdiq edilmiş kserosurətlərinin rəsmi qaydada verilməsi xahiş edilmişdir. Qeyd edilən publik hüquqi şəxsə müraciət olunmasının hüquqi əsası kimi, ilk əvvəl 7 nömrəli doğum evinə müraciət edilsə də, həmin idarənin xx.xx.2023cü il tarixli, 96 nömrəli və xx.xx.2023-cü il tarixli, 115 nömrəli cavab məktubları ilə bildirilmişdir ki, doğum evində arxiv mövcud deyildir və bunun üçün “X16”nə müraciət edilməlidir. Bundan sonra qeyd edildiyi kimi, “X16” X13 müraciət edilmişdir. Çünki, ərizəçi məhz bu doğum evində dünyaya gəlmiş və anası Afiyə Məmmədova onu doğmuşdur. Çünki, Afiyə Məmmədova 1976-cı ildə bir dəfə doğuş keçirmiş və doğuşdan olan uşaq qısa zaman sonra ölmüş və bir neçə il isə ərizəçini də qeyd edilən doğum evində dünyaya gətirmişdir. Bunun üçün də göstərilən məlumatları özündə əks etdirən halları əldə etmək üçün adı çəkilən idarəyə vəkil sorğusu ilə müraciət edilmişdir. Sorğuya sonuncu idarənin xx.xx.2023-cü il tarixli, PHŞ-6-12/2-425/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Afiyə Məmmədovanın burada xəstəlik tarixçəsi tapılmamış və bunun da səbəbi odur ki, xəstəlik tarixinin saxlanma müddəti 25 ildir. Bunun üçün Milli Arxiv İdarəsinə müraciət olunması tövsiyə edilmişdir. Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-04219/2023 nömrəli cavab məktubunda da bildirilmişdir ki, 7 saylı doğum evinin 1979-2005-ci illərə dair şəxsi heyətin arxiv sənədləri mövcud olsa da, lakin vətəndaşın doğum haqqında sənədləri Dövlət Arxivinin Bakı Fillialında saxlanılmır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, eləcə də xx.xx.2023-cü il tarixlərdə iki dəfə olmaqla, Bakı şəhəri 14 nömrəli şəhər poliklinikasına müraciət edilərək, mərhum 1942-ci il təvəllüdlü, X5 xx.xx.1976-cı il tarixdə dünyaya gətirdiyi qız övladı (sonradan bu uşaq qısa bir vaxtda dünyasını dəyişmişdir) və eləcə də xx.xx.1979-cu il tarixdə dünyaya gətirdiyi Ərizəçi barəsində sahə həkimi tərəfindən vaxtı ilə açılmış xəstəlik tarixçələri, 1976-cı il tarixdə vəfat etmiş uşağın vəfatı ilə bağlı rəsmi məlumatların, həmçinin hər iki uşağın sahə üzrə barələrində tərtib edilmiş digər hüquqi halları özündə əks etdirən bütün rəsmi məlumatların verilməsi xahiş edilmişdir. Müraciətə 14 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 271 nömrəli məktubu ilə cavab verilərək bildirilmişdir ki, qeyd edilən məlumatlar ancaq məhkəmənin sorğusu ilə verilə bilər. Göstərilən məlumatların əldə edilməsinin mahiyyəti ondan ibarətdir ki, ərizəçi doğulduqdan sonra evə buraxılmış və həmin vaxtlarda da valideynlərinin yaşadığı yer üzrə sahə həkimi tərəfindən ərizəçi barədə edilmiş peyvəndlər və s. bu kimi digər tibbi yardımlarla bağlı şəxsi kitabça olmuşdur. Həmin kitabçada olan məlumatlar üzrə ərizəçinin doğum tarixinin tam dəqiqləşdirilməsi mümkündür. Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, ərizəçinin doğum faktı xx.xx.1979-cu il olsa da, lakin mərhum valideynləri tərəfindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Əksinə, ondan qabaq xx.xx.1976-cı il tarixdə dünyaya gəlmiş bacısına aldıqları doğum haqqında şəhadətnamənin üzərində düzəlişlər, yəni müdaxilələr etməklə məlumatları gizlətmişlər. Bu günləri ərizəçinin əlində olan doğum haqqında şəhadətnamə o doğulduqdan sonra ona verilmiş şəhadətnamə olmamışdır. Bu şəhadətnamə və orada olan doğum faktı ilə bağlı olan bütün məlumatlar xx.xx.1976-cı ildə ərizəçidən qabaq dünyaya gəlmiş digər bacısına aid olan məlumatlardır. Ümumiyyətlə, ərizəçinin doğulmasından sonra heç vaxt ona doğum haqqında şəhadətnamə alınmamışdır. Odur ki, ərizəçinin doğum faktı üzrə ona doğum gününün, ayının və ilinin müəyyən olunması faktı ilə bağlı qətnamə qəbul olunmalıdır. Ərizənin dəqiqləşdirilməsi Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi doğulduğu 1979-cu il tarixdən bugünkü vaxtadək doğumu qeydə alınmamış və ərizəçinin doğumu ilə bağlı heç bir orqanda qeydiyyat aparılmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamə ərizəçinin doğum faktını təsdiq etməməklə ona aid deyildir. Belə ki, həmin şəhadətnamə ərizəçinin doğumundan əvvəl dünyaya gəlmiş və qısa müddət sonra dünyasını dəyişmiş mərhum bacısına aiddir. Ərizəçinin atası isə həmin şəhadətnamənin üzərində müəyyən düzəlişlər etmişdir. Lakin, ərizəçinin atası şəhadətnamənin ad, soyad və doğum tarixinin sözlə ifadə olunduğu hissələrə müdaxilə edə bilmədiyindən düzəlişlər yarımçıq qalmışdır. Hazırda isə ərizəçi doğum şəhadətnaməsi olmadığı üçün nikaha daxil ola bilmir. Belə ki, ərizəçi Türkiyə Respublikası ərazisində nikaha daxil olmaq istəyən zaman ondan subaylıq arayışı tələb edilmiş, sonuncu da aidiyyəti üzrə arayışı almaq istəsə də, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində doğum tarixləri arasında uyğunsuzluq aşkar edildiyi üçün bu baş tutmamışdır. Ərizəçinin doğumu qeydə alınmadığı üçün ölüm halında da ərizəçinin mirası ilə bağlı müəyyən problemlər yaranacaqdır. Belə ki, ərizəçinin doğumu hər hansı dövlət orqanı tərəfindən qeydə alınmadığı üçün sonuncunun ölümü zamanı da heç bir qeydiyyat aparılmayacaq və vərəsəliklə bağlı problemlər aşkara çıxacaqdır. Ərizədə doğum tarixi ilə bağlı müəyyən problemlər olsa da, məhkəməyə təqdim edilmiş düzəlişə dair ərizələrlə həmin problemlər də öz həllini tapmışdır. Məhkəmə tərəfindən aidiyyəti təşkilatlara göndərilmiş sorğularla ərizəçinin 1995-ci il tarixdə tam orta təhsil səviyyəsini başa vurması faktı aşkar edilmişdir. Doğum haqqında şəhadətnamədə qeyd edilən doğum tarixi ilə hesablandıqda, ərizəçinin 1995-ci il tarixdə tam orta təhsil səviyyəsini bitirməsini qəbul etmək mümkün deyildir. Amma, məhkəmənin sorğularına cavab olaraq təqdim edilmiş cavab məktubları ilə də ərizəçinin doğum tarixinin həqiqətən 1979-cu il tarixi olması sübuta yetirilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş xx.xx.1969-cu il təvəllüdlü X6 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi anadan olan zaman onun 10 yaşı olmuşdur. Belə ki, onun təhsil aldığı dövrdə tam orta təhsil müddəti 10 il təşkil etdiyindən, 10-cu sinifdə təhsil alan zamanı bacısı olan ərizəçi həmin məktəbin 1-ci sinfinə qəbul edilmişdir. Onlar ailədə ümumilikdə 4 uşaq olmuşlar. Ərizəçidən başqa onun bir bacısı da doğulmuş, lakin qısa müddət sonra vəfat etmişdir. Həmin vəfat edən bacısı ilə bağlı çox şey xatırlamır, çünki həmin dövrdə onun özü də uşaq olmuşdur. Ərizəçi olan bacısı isə vəfat edən bacısından tam 3 il sonra dünyaya gəlmişdir. Eyni zamanda qeyd etmək istəyir ki, ataları işi ilə əlaqədar daimi olaraq uzun müddət evdə olmur, əmək fəaliyyəti ilə məşğul olurdu. Vəfat edən bacısının doğulması zamanı da atası evdə olmamışdır. 1976-cı il tarixdə doğulmuş və qısa müddət sonra vəfat etmiş bacısının vəfatından xəbərsiz olan atası ona hədiyyə alaraq evə qayıtmış, lakin qızının vəfatını öyrəndikdən sonra ağır psixoloji vəziyyətə düşmüşdür. Həm öz ailəsinin, həm də digər qohumlarının təkidinə baxmayaraq, atası vəfat edən qızının xatirəsini yaşatmaq üçün hazırda ərizəçi olan qızını bir növ onun yerinə qoymuşdur. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsi də məhz bununla, yəni yaranmış çətin psixoloji vəziyyətlə bağlı olmuşdur. Valideynlərinin keçmişdə baş vermiş səhvləri səbəbindən, hazırda sağ olan bacısı əziyyət çəkir. Ərizəçi olan bacısı sentyabr ayında dünyaya gəlmişdir və bacısının doğum gününü də hər il sentyabr ayının 9-da qeyd edirlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş xx.xx.1957-ci il təvəllüdlü X4 ifadəsində bildirdi ki, ərizəçi onun qayını qızıdır. “Ruhiyyə” adında qız uşağı 1976-cı ildə, ərizədə adı “Ruhiyyə” qeyd edilən və əsl adı “Yeganə” olan hazırkı iş üzrə ərizəçi isə 1979cu il tarixdə dünyaya gəlmişdir. Ərizəçi havaların sərin keçdiyi və məktəblərin təzə açıldığı bir vaxtda dünyaya göz açmışdır. Qayının vəfat edən qızından savayı 4 uşağı olmuşdur. Vəfat edən “Ruhiyyə” adlı qız uşağı doğulduqdan təxminən 7-8 ay sonra pnevmoniyadan dünyasını dəyişmişdir. Ailəsi həmin uşağı xəstəxanaya aparmamış, evdə müalicəsi ilə məşğul olmuşdur. Qayının “Ruhiyyə” adlı qız uşağı vəfat etsə də, qızının xatirəsini yaşadacağına dair özünə söz vermişdir. Qızı vəfat edən zaman qayını burada olmamış, vəfatını sonradan öyrənmişdir. Vəfat edən qız uşağı isə Əhmədli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş xx.xx.1958-ci il təvəllüdlü Məmmədov Böyük-Ağa Həsənağa oğlu ifadəsində bildirdi ki, ərizəçi onun qardaşının qızıdır. Qardaşının 5 uşağı olmuş, 1976-cı il tarixdə doğulan “Ruhiyyə” adlı qız uşağı və bir digər oğlan uşağı vəfat etmişlər. Hazırda isə ərizəçinin 1 bacısı və 1 qardaşı həyatdadır. 1976-cı il tarixdə doğulan qız uşağı təxminən 7-8 aylıq olarkən xəstəlikdən dünyasını dəyişmişdir. Həmin uşaq vəfat edən zaman qardaşı işi ilə əlaqədar olaraq onun yanında olmamış, vəfatı sonradan xəbər almışdır. Qardaşı qızının ölümü ilə bağlı dərin sarsıntı keçirmiş və sənədlərdə dəyişiklik də çox güman bu kimi hallardan meydana gəlmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Azərbaycan SSR “Səadət Sarayı” tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş AZ seriyalı, 117980 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 və X8 arasında xx.xx.1968-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2629 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 156227 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində “ürək-damar çatışmazlığı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 766 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 882042 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində “ürəyin aterosklerotik xəstəliyi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017ci il tarixdə 1191 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən ərizəçinin təvəllüdünün “xx.xx.1976-cı il”, “ASAN4-1” tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsində isə “xx.xx.1979-cu il” yazıldığı məlum olmuşdur. Sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməsi mümkün olmamış və qeyd edilən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Ərizəçi doğum haqqında akt qeydində doğum tarixinin “xx.xx.1976-cı il”-dən “xx.xx.1979-cu il”-ə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən Ərizəçi Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydində təvəllüdü “xx.xx.1976-cı il” kimi qeyd olunmuşdur. Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin “xx.xx.1976-cı il”-dən “xx.xx.1979-cu il”-ə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydində doğum tarixinə dəyişiklik edilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fillialı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Nizami Səhiyyə şöbəsinin 7 saylı Doğum Evinin 1979-2005-ci illərə dair şəxsi heyət üzrə arxiv sənədləri Dövlət Arxivinin Bakı fillialında mövcuddur, lakin vətəndaşların doğum haqqında sənədləri Dövlət Arxivinin Bakı fillialında saxlanılmır. ünvan 7 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, Ərizəçi Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində təvəllüdü “xx.xx.1976-cı il” qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “X16” X17 tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, “X16” X15 Doğum Evində doğum həyata keçirən mərhum X5 xəstəlik tarixçəsi tapılmamış (“Azərbaycan Respublikası Milli Arxiv İdarəsi” Kollegiyasının xx.xx.2016-cı il tarixli, 3/1 nömrəli qərarının 635-ci bəndin “a” yarım bəndinə əsasən, stasionar xəstələrin xəstəlik tarixinin (TQS №003) saxlama müddəti 25 ildir), sorğuda qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi N.A.Əliyev adına 282 nömrəli tam orta məktəbin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Ərizəçi ilə bağlı məktəbdə olan arxiv sənədləri araşdırılmış və onun 1988-ci ildən 1995-ci ilə qədər Bakı şəhəri 282 nömrəli tam orta məktəbdə, Azərbaycan bölməsində təhsil aldığı, 1995-ci ildə məktəbin tam orta təhsil səviyyəsini bitirdiyi və A seriyalı, 069733 nömrəli tam orta təhsil haqqında attestat aldığı məlum olmuş, Ərizəçi anadan olduğu ilin məktəb sənədlərində 1979-cu il olaraq göstərilməsi, Bakı şəhəri 282 nömrəli tam orta məktəbə daxil olarkən şagirdin məktəbin İV sinfinə qəbul olunması, həmin vaxta qədər Ərizəçi hansı məktəbdə təhsil alması ilə bağlı məlumata rast gəlinməməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, 1979-cu il təvəllüdlü Ərizəçi təhsili ilə bağlı vəkil sorğusu 64 və 282 nömrəli tam orta məktəblərin arxiv sənədlərinə əsasən araşdırılmış, hər iki məktəbdən daxil olan arayışlarda Ərizəçi 1985-1986-cı tədris ilində 64 nömrəli tam orta məktəbin Azərbaycan bölməsi üzrə 1-ci sinfinə qəbul olunduğu, 1988- 1989-cu tədris ilindən, 1994-1995-ci tədris ilinədək 282 nömrəli tam orta məktəbdə oxuduğu, 1995-ci ildə həmin məktəbi tam orta təhsil səviyyəsi üzrə bitirdiyi və A seriyalı, 069733 nömrəli attestat aldığı qeyd edilmişdir. 64 nömrəli tam orta məktəbin təqdim etdiyi arayışda bildirilmişdir ki, məktəbin arxivində Ərizəçi məxsus doğum haqqında şəhadətnamə və onun məktəbin 1-ci sinfinə daxil olan zaman neçə yaşı olması ilə bağlı hər hansı sənəd tapılmamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Ərizəçi həqiqətən də 1985-1986-cı tədris ilində Bakı şəhəri Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin Azərbaycan bölməsi üzrə İ sinfinə qəbul edilmiş, 1986-1987-ci tədris ilində İİ sinifdə, 1987- 1988-ci tədris ilində isə İİİ sinifdə təhsil almışdır. Sonrakı dövrlərdə şagirdin çıxması haqqında qeydlər tapılmamışdır. Eyni zamanda, məktəb üzrə arxiv sənədlərinin araşdırılması nəticəsində Ərizəçi aid doğum haqqında şəhadətnamə və onun məktəbin İ sinfinə daxil olan zaman neçə yaşı olması barədə heç bir məlumat tapılmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 14 nömrəli Şəhər Poliklinikasının məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu 14 nömrəli Şəhər Poliklinikasında vətəndaş Ərizəçi aid qeydlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü Ərizəçi 1985-1986-cı tədris ilində Bakı şəhəri Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin Azərbaycan bölməsi üzrə İ sinfinə qəbul edilmiş, 1986-1987-ci tədris ilində İİ sinifdə və 1987-1988-ci tədris ilində İİİ sinifdə təhsil almışdır. 1988-ci ildən 1995-ci ilə qədər Bakı şəhəri Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbdə, Azərbaycan bölməsində təhsil almışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 166. Doğumun qeydə alınması qaydası. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən xx.xx.1979-cu il tarixdə doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə vətəndaşlıq vəziyyəti aktı qismində şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi doğumunun qeydə alınmasını təsdiq edən sənəd kimi istinad edilən doğum haqqında şəhadətnamə əslində ərizəçinin doğumunun deyil, onun doğumundan 3 il əvvəl doğulmuş eyni ad, soyad və ata adının daşıyıcısı olan bacısının doğumunun qeydə alınmasını təsdiq edir. Həmin sənədin, yəni Bakı şəhəri Şaumyan rayon (indiki Xətai rayon) qeydiyyat şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 266159 nömrəli (üzərində dəyişiklik olunmayan yeganə hissə olduğu üçün istinad edilir) doğum haqqında şəhadətnamənin üzərində müəyyən dəyişikliklər edilmiş və ərizəçiyə aid olmayan vətəndaşlıq vəziyyəti aktının ona məxsus olması təsəvvürü yaradılmağa cəhd edilmişdir. Belə ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına məxsus olmayan şəxslə nikaha daxil olmaq üçün ərizə ilə müraciət etmiş, lakin doğum haqqında akt qeydinin ona məxsus olmadığı müəyyən edildiyi üçün müraciət təmin edilməmişdir. Daha sonra ərizəçi doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş və nəticədə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 2959 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən ərizəçinin təvəllüdünün “xx.xx.1976-cı il”, “ASAN4-1” tərəfindən verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsində isə “xx.xx.1979-cu il” yazıldığı məlum olmuşdur. Bununla da akt qeydində dəyişiklik üçün kifayət qədər əsas olmadığı, eləcə də doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində şəxsin təvəllüdü arasında ziddiyət olduğu üçün müraciətin təmin edilməsindən imtina edilmişdir. Hüquqi əhəmiyyətli faktı, yəni doğum faktını təsdiq edən sənədi başqa qaydada ala bilməyən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərək doğum faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ərizədə qeyd edilənləri öz ifadələri ilə təsdiq etmişdir. Şahid ifadələrində qeyd edilənlər işdə olan sübutlarla öz təsdiqini tapır. İşdə olan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin doğum faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində adı “Ruhiyyə”, soyadı “Məmmədova”, ata adı “Mirzəağa”, ana adı “Afiyə”, doğulduğu yer “Azərbaycan Respublikası Bakı şəhəri”, doğum tarixi “xx.xx.1979-cu il”, milliyyəti “Azərbaycanlı”, ata qrafasında “X3”, ana qrafasında “X8” kimi qeydiyyat aparılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində adı “Ruhiyyə”, soyadı “Məmmədova”, ata adı “Mirzəağa”, ana adı “Afiyə”, doğulduğu yer “Azərbaycan Respublikası Bakı şəhəri”, doğum tarixi “xx.xx.1979-cu il”, milliyyəti “Azərbaycanlı”, ata qrafasında “X3”, ana qrafasında “X8” kimi qeydiyyat aparılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva