Məhkəmə qərarları › İş №2(010)-419/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-419/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-419/2022 01.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 23 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi. İddia tələbinin dəlilləri ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Suraxanı rayon məhkəməsinin 17.09.2018-ci il tarixli 2(010)-896/2018 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh Quliyeva (Əsədova) Sədəf Xudaverdi qızı arasında 21.08.2001-ci il tarixdə Suraxanı rayon VVAQ şöbəsində bağlanmış, 400 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş uşaqları – 02.07.2002-ci il təvəllüdlü X15 və 14.03.2005-ci il təvəllüdlü X12 İddiaçı yanında və himayəsində saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Quliyeva (Əsədova) Sədəf Xudaverdi qızı artıq 4 (dörd) ildir ki, iddiaçıya məxsus evdə yaşamır, onun harada olması barədə iddiaçıda heç bir məlumat yoxdur. Quliyeva (Əsədova) Sədəf Xudaverdi qızının iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olması mənzildən sərbəst istifadə hüququnu məhdudlaşdırır. İddiaçı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh, özünə məxsus olan mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, lakin 09.08.2021-ci il tarixli imtina cavabı ilə qeyd olunan faktla əlaqədar olaraq məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olduğunu bildirmişdir. Həmin cavabdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş hakim Günel Sevdimalıyevanın icraatına verilmişdir. Lakin məhkəmə prosesi zamanı işə baxan hakim ona bildirmişdir ki, qeyd edilən mübahisə inzibati xarakterli deyil, mülki xarakterlidir və o, hazırki iddia ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməlidir. Hesab edir ki, Cavabdeh formal olaraq iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatında olması bir mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Belə ki, o, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, cavabdehin mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdeh isə faktiki olaraq, başqa yerdə yaşaması, lakin iddiaçının mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərdi ki, o, iddiaçının oğludur. Anası Cavabdeh təqribən 4-5 il olar ki, onlarla birlikdə ünvan 1-də yaşamır. Özü doğulduğu gündən ünvan 1-də yaşayır. Cavabdeh onlarla heç bir əlaqə saxlamır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, o, iddiaçı ilə həm qonşu, həmdə əmi nəvəsidir. Özü həmin ünvanda uzun müddətdir ki, yaşayır. İddiaçının arvadının adı Sədəf idi, təxminən 4-5 il olar ki, Sədəfi həmin ünvanda görməmişdir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon məhkəməsinin 2(010)-896/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin qətmamə ilə İddiaçı ilə cavabdeh Quliyeva (Əsədova) Sədəf Xudaverdi qızı arasında 21 avqust 2001-ci il tarixdə Suraxanı rayon WAQ şöbəsində bağlanmış, 400 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş uşaqları - 02.07.2002-ci il təvəllüdlü X15 və 14.03.2005-ci il təvəllüdlü X12 İddiaçı yanında və himayəsində saxlanılması qət edilmişdir. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 16.11.2018-ci li tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 16.11.2018-ci ildə ləğv edilmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-791/2020 saylı 17.01.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, həmin qətnamə ilə Cavabdeh 02.07.2002-ci il təvəllüdlü X7 və 14.03.2005-ci ii təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. RX seriyalı ******* saylı 01.04.2019-cu il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 İddiaçı adına ¼ hissə, X8 adına ¼ hissə, X1 adına ½ hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəlii reyestr kitabının 44490 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.01.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının (bəzi arxiv sənədlərində fərdi yaşayış evinin nömrəsi ev 23a kimi göstərilmişdir) 1/4 hissəsi İddiaçı adına 37 saylı DNK-nın D/1- 151 reyestr nömrəli, 05.01.1993-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Nəzərinizə çatdırırıq ki, ünvan 1 ünvanı hazırda aşağıda sadalanan şəxslərin xüsusi mülkiyyətlərindədir: İddiaçı-1/4 hissə; X3-1/2 hissə; X16-1/4 hissə. Qeyd olunan əmlak ilə bağlı sənəd toplusu içərisində ilkin torpaq sənədləri və cizgi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. Asan 4 xidmətinin 23.04.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışından görünür ki, ünvan 1-də İddiaçı, X12, X13, X17, X21, Cavabdeh, X18, X20, X14, X4, X22, X2, X15, X6 pasport qeydiyyatındadırlar. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 16.07.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 11.10.2021-ci il tarixli 2-1(112)-9796/2021 saylı qərardadı ilə İddiaçı DİN-yi Bakı şəhəri Suraxanı rayon Pİ-nə qarşı «qeydiyyatdan çıxarılma vəzifəsinin qoyulması» haqqında iddiası geri götürülmüş sayılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 23 saylı fərdi yaşayış evi 05.01.1993-cü il tarixindən bağışlama müqaviləsinə əsasən paylı mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçı ilə 21 avqust 2001-ci ildə ailə həyatı quraraq sözügedən fərdi yaşayış evində yaşamışdır. Suraxanı rayon məhkəməsinin 17.09.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış olan nikah pozulmuşdur. Göründüyü kimi, tərəflərin arasında mübahisəli evlə bağlı münasibət 2000-ci il sentyabrın 1-dən sonra yarandığından Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə iddiaçının istifadə hüququna malik olubolmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qəbul edir ki, cavabdeh mübahisəli yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Lakin məhkəmə həmçinin vurğulayır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra cavabdeh mübahisəli evi tərk etmiş və orada yaşamamışdır. Məhkəmə hesab edir ki, 2018-cü ildən mübahisəli evi tərk etmiş cavabdehin mənzilə istifadə hüququnun saxlanılmış və ya itirilmiş olmasının araşdırılması zəruridir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyindən aydın olur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə bir daha vurğulayır ki, 2018-ci ildən cavabdeh iddiaçıya məxsus evdə yaşamamış, həmin evdən istifadə etməmişdir. Cavabdeh bu müddət ərzində başqa yaşayış evində yaşamaqla Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququnu 2013-cü ildən yaşadığı digər yaşayış sahəsində gerçəkləşdirmişdir. Konstitusiya məhkəməsinin yuxarıda sözügedən mövqeyini rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh uzun müddət ərzində və davamlı olaraq iddiaçıya məxsus evdən könüllü istifadə etməməklə əslində yaşayış sahəsinə ehtiyacının olmamasını və mövcud vəziyyətlə qane olduğunu nümayiş etdirmişdir, yəni servitutun qoyduğu əsaslar aradan qalxmışdır. Göründüyü kimi, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun saxlanılması cavabdehin öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olardı. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı Protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 23 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, 23 saylı fərdi yaşayış evinə istifadə hüququna xitam verilsin. Şəxsin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar