Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4215/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə , Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Suraxanı Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu X1 İcraiyyə Komitəsinin 09.10.1987-ci il tarixli, 19/2717 saylı qərarı ilə və həmin qərar əsasında verilmiş 15.10.1987-ci il tarixli, 248399 saylı orderlə ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, Suraxanı qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10V saylı binanın 5-ci blokunda yerləşən 83 saylı mənzilin həmin binanın 9-cu mərtəbəsində deyil, 6-cı mərtəbəsində yerləşməsi və 83 saylı mənzilin ona məxsus olması ilə əlaqədar hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırda ailə üzvləri ilə birgə yaşadığı ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət olan mənzil ailə üzvləri nəzərə alınmaqla onun adına Bakı şəhəri Nizami rayon X2 İcraiyyə Komitəsinin 09.10.1987-ci il tarixli, 19/2717 saylı qərarı əsasında 15.10.1987-ci il tarixli, 248399 saylı orderlə verilmişdir. Verilmiş həmin order əsasında elə 1987-ciildə o həyat yoldaşı, qızı və oğlu ilə birgə həmin mənzilə köçərək indiyə kimi bu mənzildə yaşayırlar. Ona və ailə üzvlərinə verilmiş 83 saylı mənzil 10 V saylı binanın 5-ci blokunda 6-cı mərtəbədə yerləşir. Lakin Bakı şəhəri Nizami rayon X2 İcraiyyə Komitəsinin 09.10.1987-ci il tarixli, 19/2717 saylı qərarında və həmin qərar əsasında verilmiş 15.10.1987-ci il tarixli, 248399 saylı orderdə səhvən onların 83 saylı mənzilin 10 V saylı binanın 9-cu mərtəbəsində yerləşməsi qeyd olunmuşdur. O, 83 saylı mənzilə çıxarış almaq üçün lazım olan sənədləri toplayıb 2021-ci ilin fevral ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları mənzilə baxış keçirəndən sonra onlara verilmiş orderdə və qərarda 83 saylı mənzilin 10V saylı binanın 9-cu mərtəbəsində yerləşməsinin yazılmasını, faktiki isə 83 saylı mənzilin 10V saylı binanın 6-cı mərtəbəsində yerləşməsi səbəbindən “Daşınmaz əmlakın dövlət reyestr xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə istinad etməklə ərizəsinə cavab olaraq göndərdiyi **********58 saylı, 12.03.2021-ci il tarixli bildirişlə ona çıxarış verməkdən imtina etmişdir. Həmin İdarədən ona bildirilmişdir ki, 83 saylı mənzilin 10V saylı binanın 9-cu mərtəbəsində deyil, binanın 6-cı mərtəbəsində yerləşməsi hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən olunduqdan sonra ona 83 saylı mənzilə çıxarış verə bilərlər. Əks halda bu mümkün olan məsələ deyil. Ona görə də o, hazırkı ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi ona çıxarış verməkdən imtina etdikdən sonra o, Bakı şəhəri Nizami rayon X2 İcraiyyə Komitəsinin 09.10.1987-ci il tarixli, 19/2717 saylı qərarında və həmin qərar əsasında ona verilmiş 15.10.1987-ci il tarixli, 248399 saylı orderlə 83 saylı mənzilin 6-cı mərtəbə əvəzinə 9-cu mərtəbədə yerləşməsinin səhvən yazılmasını və bu səhvin düzəldilməsi üçün 2021-ci ilin may ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nizami rayon İcra Hakimiyyəti ona cavab olaraq göndərdiyi M-88-068 saylı, 07.05.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, sərəncamın (qərarın) və orderin verilməsinə səbəb olan ilkin sənədlər mövcud olmadığından göstərilən sənədlərdə düzəlişlər etmək imkanları xaricindədir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İşə əlavə edilmiş, Nizami rayon, X1 icraiyyə komitəsinin 09 oktyabr 1987-ci il tarixli, 19/2717 saylı qərardan görünür ki, vətəndaş Ərizəçi ailə üzvləri ilə birlikdə Hövsan, ev 10 V, 5-ci blok, 9-cu mərtəbə, 83-cü mənzilə köçürülmüşdür. İşə əlavə edilmiş 248399 saylı orderin təsdiq edilmiş surətindən görünür ki, ev 10V, mənzil 83, 5-ci blok, 9-cu mərtəbədə yerləşən 2 otaqlı mənzil vətəndaş Ərizəçi və ailə üzrvlərinə ayrılmışdır. - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, 315 saylı arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10V nömrəli, 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 83 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli, 513 saylı arayışdan görünür ki, Ərizəçi ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nizami rayon X2 İcraiyyə Komitəsi tərəfindən verilmiş 25.10.1987-ci il tarixli, 248399 saylı order əsasında 1987-ci ildən bu günə kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10V saylı binanın, 5ci girişinin 6-cı mərtəbəsində yerləşən 83 saylı mənzildə yaşayır. Ərizəçi adına verilmiş 248399 saylı 25.10.1987-ci il tarixli orderlə ona və ailəsinə verilmiş 83 saylı mənzili səhvən 9-cu mərtəbədə yerləşməsi qeyd olunmuşdur. Mənzil həqiqətən 10V saylı binanın 5-ci blokunda 6-cı mərtəbədə yerləşir. - Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 12.03.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Ərizəçi ərizəsinə baxılmışdır və təqdim edilən hüquqmüəyyənedici sənədlərdə qeyd olunan mənzilin 9-cu mərtəbədə, yaşyış yeri üzrə qeydiyyat haqqında arayışda 2-ci mərtəbədə, lakin keçirilən baxış zamanın mənzilin 6-cı mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 103 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli, 797 saylı arayışdan görünür ki, məhkəmənin 05.09.2021-ci il tarixli 2(010)-4215/2021 saylı sorğusuna əsasən ev 10V, mənzil 83 9-cu mərtəbədə deyil, 6-cı mərtəbədə yerləşir. Beləliklə, işin hallarından görünür ki, ərizəçiyə 1987-ci ildə, ailə üzvləri ilə birlikdə yaşaması üçün yuxarıda qeyd edilən mənzil ayrılmış, mənzilin ayrılması barədə sənədlərdə mənzilin 9-cu mərtəbədə yerləşdiyi qeyd edilmişdir. İşə əlavə edilən aidiyyati qurumların sənədlərindən isə görünür ki, mənzil 9-cu mərtəbədə deyil, 6-cı mərtəbədə yerləşir. Məhkəmə işin hallarını araşdırıb və ərizəçinin izahatına qiymət verib hesab edir ki, mənzilin ərizəçiyə ayrılması barədə sənədlərdə onun 9-cu mərtəbədə yerləşdiyinin yazılması texniki səhfdir və ərizəçiyə məxsus mənzil əslində 6-cı mərtəbədə yerləşir. Həmin texniki səhvin mövcudluğu ərizəçiyə mənzil hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin ərizənin məzmunu ilə bağlı 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə görə nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırkı işdə ərizəçinin mövcud texniki səhvi başqa qaydada aradan qaldırmaq imkanı yoxdur və bu bu texniki səhv onun əmlak hüquqlarının həyata keçirməsinin qarşısını alır. Ərizənin 83 saylı mənzilin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi hissəsini məhkəmə əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 7 ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.6cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Hazırkı işdə ərizəçi ona məxsus olan mənzilin hüquqmüəyyənedici sənədlərini itirməmişdir. Ona görə də, ərizə bu hissədə əsassızdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon X1 İcraiyyə Komitəsinin 09 oktyabr 1987-ci il tarixli 19/2717 saylı qərarı ilə və həmin qərar əsasında verimiş 15 oktyabr 1987-ci il tarixli 248399 saylı orderlə Ərizəçi və ailə üzvlərinə verilmiş Bakı şəhəri, Suraxanı qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10V saylı binanın 5-ci blokunda yerləşən 83 saylı mənzilin həmin binanın 9-cu mərtəbəsində deyil, 6-cı mərtəbəsində yerləşməsi faktı müəyyən olunmalı, ərizə digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon X1 İcraiyyə Komitəsinin 09 oktyabr 1987-ci il tarixli 19/2717 saylı qərarı ilə və həmin qərar əsasında verimiş 15 oktyabr 1987-ci il tarixli 248399 saylı orderlə Ərizəçi və ailə üzvlərinə verilmiş Bakı şəhəri, Suraxanı qəsəbəsi, İlqar Əhlimanov küçəsi 10V saylı binanın 5-ci blokunda yerləşən 83 saylı mənzilin həmin binanın 9-cu mərtəbəsində deyil, 6-cı mərtəbəsində yerləşməsi faktı müəyyən olunsun. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4215/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4215/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver