Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4222/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ məhkəmə iclas katibi X18 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Lenin rayon ZAKS bürosu (indiki Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi) tərəfindən 04 dekabr 1966-cı il tarixdə verilmiş АЗ seriyalı 048632 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Hüseynova (Mulançayeva) Xanımzər Sadıq qızı arasında 04 dekabr 1966-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 1966-cı ilin dekabr ayının 4-cü günündə 999 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Mulançayev, arvada Mulançayeva soyadı verilmişdir.
2. AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1968-ci il tarixdə Ermənistan Respublikası, İrəvan şəhərində doğulmuşdur.
3. 16 sentyabr 1998-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 482389 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə (Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulmuş) X9 arasında 04 dekabr 1966-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah haqqında akt qeydləri kitabında 1998-ci ilin sentyabr ayının 16-cı günündə 1285 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra kişiyə Mulançayev, arvada Mulançayeva soyadı verilmişdir.
4. Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən 14-cü bəndə uyğun olaraq, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Odur ki, doğum haqqında şəhadətnaməni bərpa etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
İşin faktiki halları
5. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Ərizəçi xx xxxxxxx 1968-ci il tarixdə Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulmuşdur. X2, anası X3r. Sadəcə olaraq ərizəçi ona məxsus doğum haqqında şəhadətnaməni itirmiş və həmin qeydlər mövcud olmadığından hazırda qeydlərin bərpası mümkün olmur.
Ərizəçinin tələbi
6. Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan SSR Yerevan şəhərində doğulmağı ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X8, ana qrafasında X1 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
7. İş üzrə maraqlı şəxs Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
8. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Ermənistanda doğulmuş və 1975-ci ildə Azərbaycana gəlmişdir. Oradan gəldikdə şəhadətnaməsi var idi, lakin sonradan nə qədər axtarsa da, şəhadətnaməni tapa bilməmişdir. Hazırda evlə bağlı rəsmiləşdirmə işi olduğu üçün şəhadətnamə almalıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən şahid X10 izahatında bildirdi ki, ərizəçi onun bacanağının oğludur və aralarındakı münasibətlər yaxşıdır. O, “prarab” işləyən zaman ərizəçinin atası Bəylər Mulançayev onun yanında işləmişdir. Onun anası X6, bacısı Gözəl Mulançayevadır. Nizami Ermənistanda, İrəvanda doğulub, ondan yaşca balacadır.
10. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında bildirdi ki, ərizəçi onun bacısının oğludur. Ərizəçinin atası Bəylər Mulançayev, anası 1948-ci ildə doğulmuş X4r. Nizami İrəvanda doğulmuşdur.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
13. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarı
4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi
14. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır.
15. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirilmişdir.
16. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Bu səbəbdən ərizə haqlı olaraq məhkəməyə müraciət etmişdir və ərizəsi əsaslıdır. Beləliklə, Ərizəçi xx xxxxxxx 1968-ci ildə Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulması, atasının X8, anasının X5 olması təqdim olunmuş sənədlər və şahid ifadələri ilə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxxx 1968-ci ildə Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulması haqqında akt qeydi bərpa edilməli, Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X8, ana qrafasında X5 yazılmalıdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1968-ci ildə Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulması haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X8, ana qrafasında X5 yazılsın. Qətnamə Ərizəçi xx xxxxxxx 1968-ci ildə Ermənistan Respublikası, Yerevan (indiki İrəvan) şəhərində doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.