Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4248/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Məmmədov Tural Nurulla Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı “X5 Kompani S.A.” şirkətinin nümayəndəsi Qasımov Fərman Cavanşir oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı “X5 Kompani S.A.” şirkətinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X5 Kompani S.A.” şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415490.00 m B 4477137.00 m C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavbadehdən tutularaq nümayəndəliyin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20.09.2005ci il tarixli Azərbaycan Respublikası Qanunu na əsasən qeyd olunana saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı şirkət Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilən etibarnamə əsasında fəaliyyət göstərir.Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X5 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, şirkətin qanuni istifadəsində olan əraziyə baxış keçirərkən, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415490.00 m B 4477137.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işləri aparılması aşkar edilmişdir. Araşdırma zamanı, cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək evin hərbiçi olan oğlu üçün tikildiyini, tikinti materiallarının yarısının oğlunu tanıyan şəxslər tərəfindən hədiyyə edildiyini, tikinti zamanı iddiaçı təşkilatın və rayon icra hakimiyyətinin nümayəndələrinin gəlib tikinti ilə maraqlandıqlarını, hətta ona xeyir-dua verib getdiklərini, oğlunun vətən müharibəsindəki xidmətlərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış Sazişin surətindən görünür ki, “X5 Kompani S.A“ Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü“ haqqında Sazişə uyğun olaraq fəaliyyət göstərir. Həmin Sazişin 2.1-ci maddəsində göstərilmişdir ki, “X5 Kompani S.A” Şirkətinin Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüququ vardır. Həmin Sazişin 10-cu maddəsində göstərilmişdir ki, ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X5 Kompani S.A“ Şirkətinin sərəncamına vermişdir. Həmin Sazişin 2.1-ci maddəsində göstərilmişdir ki, “X5 Kompani S.A” Şirkətinin Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüququ vardır. İş üzrə mübahisəli tikilinin yerləşdiyi əraziyə məhkəmənin yerli baxışı keçirilmiş, baxışda iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili tikintisi başa çatmış iki mərtəbəli evdir. Qonşularla aparılmış söhbət zamanı onlar bildirmişlər ki, bu ev Vəsilə xanımın hərbidə xidmət edən oğluna məxsusdur, Vəsilə xanım özü digər evdə yaşayır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı bildirir ki, yuxarıda qeyd edilmiş koordinatlar onlara ayrılan ərazinin hüdudları daxilində yerləşir və cavabdeh də məhz həmin sahədə özbaşına tikili inşa etmişdir. Cavabdehin etirazı ondan ibarətdir ki, evi o uzun müddət ərzində tikərkən iddiaçı təşkilatın, eləcə də, rayon icra hakimiyyətinin nümayəndələri dəfələrlə gəlib tikinti ilə maraqlanmış və tikinti işlərində uğurlar arzulayıb getmişlər. Bu hal təqzib olunmur. Mübahisəli ev özbaşına tikilidir və evə hər hansı hüquqmüəyyənedici sənəd alınmamışdır. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə hazırkı mübahisəyə maddi hüquq normaları baxımından qiymət verərək, işin hallarını və bunun əsasında formalaşmış daxili inamını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli tikilini inşa etməsi ilə iddiaçının hüququnun pozuntusu halı sübut edilmir. Belə ki, iddiaçı tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli qərarına istinad edərək həmin qərara görə quyuların, separatorların, qızdırıcı avadanlıqların, neft rezervuarları və nasosları üçün mühavizə zonasının minimum 300 metr müəyyən edildiyini bildirir. Lakin, əraziyə yerli baxış zamanı aydın olmuşdur ki, həmin ərazidə mübahisəli evin sıx qonşuluğunda digər evlər də var. Bundan başqa, mübahisəli evin yuxarıda qeyd edilən qurğulardan hər hansı birinə icazə verilən məsafədən daha az məsafədə yerləşməsi iş materialları və işin halları ilə sübut olunmur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Göründüyü kimi, hazırkı tələb Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe baxımından da, əsaslı görünmür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır və iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı "X7 Kompanı̇ S.A." Şı̇ rkətı̇ nin Azərbaycan Respublı̇ kasindaki Nümayəndəlı̇ yı̇ nin cavabdeh Qurbanova Vəsı̇ lə Şərbala qızına qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-4248/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4248/2021
30.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver