Məhkəmə qərarları › İş №2(010)-4248/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4248/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4248/2023 18.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Aqtöbe şəhər vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsinin Bİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ******* №-li doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Qazaxıstan SSR-də anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu ildə 226 nömrə ilə qeyd edilmişdir.

2. X6 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 581 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında həyat yoldaşı, iki oğlu və qızı ilə birlikdə qeydiyyatsız yaşayır.

3. DİN-in BPQMİ-nin MAPS üzrə şöbəsinin arayışından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi qeydiyyat ünvanı barədə məlumat yoxdur.

4. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 05/Q-221/17 nömrəli arayışdan görünür ki, X8 və Ərizəçi nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2023-cü ilədək yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X4 nikahının olubolmaması ilə bağlı xx.xx.2023-cü ilə qədər yoxlama aparılmış və nikah akt qeydi aşkar edilmədi.

5. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 05/Q-222/69 nömrəli arayışdan görünür ki, xx.xx.1996-cı ildə Culfa rayon Yaycı kəndində Ərizəçi doğulmuş X2 atası X8 hesab edilmişdir. Bu barədə xx.xx.2001-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində 16 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı: Qafarov, adı: Rüstəm, atasının adı: Bayram oğlu olmuşdur.

6. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 05/Q-222/69 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci ildə Culfa rayon Yaycı kəndində Ərizəçi doğulmuş X3 atası X8 hesab edilmişdir. Bu barədə xx.xx.2001-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində 17 №-lı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı: Qafarov, adı: Ruslan, atasının adı: Bayram oğlu olmuşdur.

7. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə verilmiş 05/Q-222/69 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu ildə Culfa rayon Yaycı kəndində Ərizəçi doğulmuş Ploxova Nərminə qızının atası X8 hesab edilmişdir. Bu barədə 19 04.2001-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində 18 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı: Qafarova, adı: Nərminə, atasının adı: Bayram oğlu olmuşdur.

8. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi. Konsuluq şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 30-1-30/514 №-li arayışdan görünür ki, Aktyubinsk vilayəti Polis departamentinin məlumatlarına əsasən xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi Qazaxıstan Respublikası ərazisində qeydiyyatda deyi, eləcə də onun adına Qazaxıstan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya pasportu sənədləşdirilməmişdir. Beləliklə “Qazaxıstan Respublikası vətəndaşlığı haqqında” Qanununa uyğun olaraq Ərizəçi Qazaxıstan Respublikası vətəndaşı deyildir.

9. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* №-li Qərardan görünür ki, Vətəndaşlıq məsələləri baş idarəsində 19 avqust 1978-ci il təvəllüdlü Ploxova 0!qa Aiekslandrovnamn 26 aprel 2023cü il tarixli 129852/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş sorğsuna baxılaraq müəyyən edildi: Ərizəçi 26 aprel 2023-cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Ərizəçi 1995-ci il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməsi izah olunmuşdur.

11. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məkubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

İşin faktiki halları

12. Ərizəçi Qazaxıstan Respublikası vətəndaşı olmaması və Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmadığı işin mübahisəsiz hallarıdır.

Ərizəçinin tələbi

13. Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı və 1995-ci ildən hazırkı dövrədək Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

14. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 19 avqust 1978-ci ildə ünvan 3 ünvanında anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikası vətəndaşı X8 ilə tanış olmuş və həmin ilin payızında evlənmək məqsədilə onunla birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gələndə 18 yaşı tamam olmadığından ona pasport verilməmişdir. Ona görə də, o, Aktyubinsk şəhər polis idarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 27/6- 351 saylı arayış əsasında Azərbaycan Respublikasına gəlmişdir. Həmin Arayış xx.xx.1995-ci ilə kimi etibarlı olmuşdur. Arayışın etibarlılıq müddəti bitdiyindən həyat yoldaşı X7 həmin arayışı Culfa rayon Polis Şöbəsinə təqdim etmiş və əvəzində ona xx.xx.2002-ci ilə kimi etibarlı olan əlavə arayış verilmişdir. 1995-ci ilin payızında Mahaçqaladan keçməklə avtobusla Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gələndən sonra ölkəni bir daha tərk etməmişdir. 1995-ci ildən 2002-ci ilə kimi həyat yoldaşı X8 və övladları ilə birlikdə Culfa rayonu Yaycı kəndində yaşamışdır. 2002-ci ildən isə Bakı şəhərinə köçməklə ailəsi ilə müxtəlif ünvanlarda qeydiyyatsız yaşamışdır. Hazırda ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasında qeydiyyatda deyil. xx.xx.1996-cı ildə 18 yaşına çatsa da, pasport və ya şəxsiyyətini təsdiq edən digər etibarlı sənəd olmadığından həyat yoldaşı X5 aralarında rəsmi nikah bağlanmamışdır. X1 faktiki evliliyindən xx.xx.1996-cı ildə Rüstəm, xx.xx.1997ci ildə Ruslan və xx.xx.1999-cu ildə Nərminə adlı övladları dünyaya gəlmişdir. Onlara doğum haqqında şəhadətnamələr atalıq müəyyən olunmaqla verilib. Hazırda onlar Azərbaycan Respublikası vətəndaşıdır. Vətəndaşlıqla bağlı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət etmiş və müraciətimə verilmiş xx.xx.2022-ci il tarixli, 30-1-30/514 saylı cavabda qeyd olunmuşdur ki, o, Qazaxıstan Respublikası ərazisində qeydiyyatda deyil, eləcə də onun adına şəxsiyyət vəsiqəsi və pasport sənədləşdirilməmişdir. O, həmçinin, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı Qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

15. Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi Qazaxıstan Respublikasında doğulub və bu barədə doğum haqqında şəhadətnaməsi var. Həmçinin, onun heç bir ölkənin vətəndaşı olmaması və Qazaxıstan Respublikasının da vətəndaşı olmaması barədə arayış var. Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Rza Talıbov tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar da qəbul edilib və məhkəməyə müraciət etməli olduqları qeyd olunub. Buna görə də qeyd olunanların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

16. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1 və 310.2-ci maddələri, o cümlədən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq (doğulduğu ölkənin diplomatik nümayəndəliyinin arayışı və AR DSX-nin müvafiq məktubuna əsasən) Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz etmədiyini, Dövlət Miqrasiya Xidmətinin mövqeyi əvvəlki iclasda verdiyi ifadə və hazırki ərizə ilə təsbit olunduğundan iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını və qəbul ediləcək qətnamədə məhkəmənin əvvəlki iclas üzrə iştirakının qeyd olunmasını xahiş etmişdir.

17. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Onun ölkədən kənara çıxmamaqla 10 il ölkə ərazisində daimi yaşaması faktı müəyyən edilməlidir. Eyni zamanda Müki Prosessual Məcəllənin 307.2.10-cu və 310.2-ci maddəsində göstərilir ki, şəxs heç bir ölkənin vətəndaşlığına mənsub olmaması barədə sənəd təqdim etməlidir, bu sənəddə də şəxsin doğulduğu yer və sonuncu yaşadığı ünvan göstərilməlidir. Ərizəçi ərizəsində Qazaxıstan Respublikasında doğulduğunu qeyd edib. O, Qazaxıstan səfirliyinə müraciət edərək oranın vətəndaşlığına mənsub olmaması barədə sənəd təqdim etməlidir. Ərizəçinin sözü onları qismən qane edir və süründürməçiliyə yol vermək istəmirlər. O, sistem ilə yoxlamış və şəxsin ölkədən çıxışı barədə məlumat olmadığı qeyd olunmuşdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

19. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunu

Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1978-ci ildə Qazaxıstan SSR-də anadan olmuşdur. 1995-ci ildə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmiş və qeyd edilən vaxtdan indiyədək Azərbaycan Respublikasında yaşayır. X8 ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan övladları doğulmuşdur. Övladları şəxsiyyət vəsiqəsini almasına baxmayaraq, o, vaxtında şəxsiyyət vəsiqəsi ala bilməmişdir.

22. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1995-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır.

23. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1995-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

Məhkəmə xərcləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

25. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir.

27. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1995-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi 1995-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar