Məhkəmə qərarları › İş №2(010)-4301/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-4301/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4301/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə fiziki şəxs Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq onun Bakı şəhəri, Binəqədi rayonunun Ayna Sultanova heykəlinin yanında yerləşən “Bizim Lokma” restoranında aşpaz işinə düzəlmiş, iki il keçdikdən sonra onun işlətdiyi restoran bağlandıqdan sonra başqa işlər axtarmağa başlamışdır. 2019-cu ildə o, Abşeron rayonu Masazır kənd 5 №-li tam orta məktəbinə fiziki tərbiyə müəllimi vəzifəsinə düzəlmişdir. İşə düzəldiyi zaman məlum olmuşdur ki, burdakı iş yerini əsas iş yeri kimi rəsmiləşdirə bilmirlər. Bunun səbəbi isə 2015-ci il tarixdə fiziki şəxs Cavabdeh işçisi kimi hələdə elektron sistemdə qalmağıdır. Bu səbəbdən həmin məktəbdə əlavə iş yeri kimi rəsmiləşdirilməyinə razılıq vermişdir. Bu isə ötən dörd il ərzində vergi ödənişlərində kifayət qədər artıq ödəmələrə səbəb olmuşdur. Cavabdeh ilə əlaqə saxlayıb onun iş yerindən azad olmağı ilə əlaqədar müraciət etmək qərarına gəlmişdir. Dəfələrlər evinə-yaşadığı ünvana işdən azad olunmağı ilə bağlı ərizələr yazıb göndərsə də heç bir nəticə əldə edə bilməmişdir. Sonra Whatapp əlavəsi vasitəsi ilə onunla əlaqə saxlamışdır. Onun işdən azad etmək fikrinin olmadığını açıq-aydın görmüşdür. Hesab edir ki, cavabdehin onunla bağladığı əmək müqaviləsinə xitam verməməsi tamamilə qanunazidd olan bir haldır.

İddiaçının tələbi.

2. Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Eyni zamanda, məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilsə bildirişindən müəyyən olunur ki, İddiaçı (işə götürən Cavabdeh) xx.xx.2015-ci il tarixdən aşbaz vəzifəsinə işə qəbul olunmuşdur.

6. İddiaçının cavabdehə ünvanladığı ərizədən görünür ki, o, 2017-ci ilin yanvar ayında işdən ayrılsa da rəsmi olaraq Elektron Hökumət portalında əmək müqaviləsinə xitam verilməmişdir. Bu səbəbdən də əsas iş yeri üzrə işə qəbul oluna bilmir. Hazırda işlədiyi Masazır kənd 5 nömrəli tam orta məktəbdə əlavə iş yeri olaraq işləyir və bu səbəblərə görə əsas iş yeri üzrə işə qəbul olna bilmir. Bunları nəzərə alaraq rəsmi şəkildə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq.

7. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

8. Azərbaycan Respublikası Əmək Məcəlləsi.

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Maddə 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin olunmalıdır.

11. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı (işə götürən Cavabdeh) xx.xx.2015-ci il tarixdən aşbaz vəzifəsinə işə qəbul olunmuş, lakin hazırda həmin yerdə işləmir və işdən rəsmi azad olunması ilə bağlı müraciətlərinə baxmayaraq buna nail ola bilmir.

12. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi 35-ci maddədə əmək hüququ təsbit edilmişdir.

13. Həmin norma ilə əmək fərdi və ictimai rifahın əsas olmaqla yanaşı hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ olduğu və heç kəsin zorla işlədilə bilməməsi vurğulanmışdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli, 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4cü bəndinə əsasən, Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

15. Sadalanan xüsusatlara, eləcə də ölkənin Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının işəgötürəni olmuş Cavabdeh onun işə götürəni kimi iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığına görə iddia əsaslı hesab edilərək təmin olunmalı və müvafiq əmək müqaviləsi ləğv edilməlidir.

16. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməlidir.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsi ləğv edilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar