Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4323/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çxarılma çıxarılma tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaçıya məxsus olan ünvan 1 saylı fərdi həyət evindən və bu evin yerləşdiyi 0,2 ha torpaq sahəsindən Cavabdeh və onun uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı fərdi həyət evi və bu evin yerləşdiyi 0.02 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. ünvan 1 saylı ünvanda iddiaçı, pasport qeydiyyatındadır, cavabdeh - iddiaçının qızı Cavabdeh və qızının 2 övladı - iddiaçının nəvələri xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 faktiki bu evdə yaşamaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin-42 (Suraxanı RPİ İNZ BİNA) ünvanında pasport qeydiyyatındadırlar. İddiaçı, özünə məxsus şəxsi mülkiyyətində olan evindən sərbəst istifadə edə bilmir və mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, qızı Cavabdeh iddiaçını saymır, uşaqları da öyrədib üzünə qaytarır və özünə məxsus evi satmaq istədikdə isə bildirir ki, onun də bu evdə payı var, bu evi sata bilməz, bu evdən çıxan deyil, iddiaçı istəyirsə, özü evdən çıxıb gedə bilər. Artıq iddiaçı, onunla bir yerdə yaşamaq istəmir, öz evindən cavabdehi uşaqları ilə birlikdə çıxarmaq istəyir. Göstərilənlərə əsasən də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Bununla əlaqədar İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* №-li, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı raonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi, ev 62F saylı fərdi həyət evindən və bu evin yerləşdiyi 0,2.ha torpaq sahəsindən Cavabdeh və onun uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, onunla əsaslandırmışdır ki, mübahiəli əmlak iddiaçıya məxsus olsa da, cavabdein qeydiyyatı həmin ünvana olmasa da, həmin ünvanda 2013-cü ildən faktiki olaraq iki azyaşlı uşaqla yaşayır, yaşamağa başqa yeri yoxdur, heç yerdə işləmir, uşaqların saxlanılması üçün aldığı aliment kart da anasına vermiş, onun verdiyi pulla yaşayır. Bütün əşyaları və əmlakı mübahisəli evdədir. Məhkəmə iddiaçının və cavabdehin izahalarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi, ev 62 F saylı, 181.2 kv m ibarət olan mənzil xüsusi mülkiyyət hüquq əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdi ********** sayla qeydə alınmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 332 nömrəli reyestr kitabının 31010 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini və Azərbaycan respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəalarına istinad edərək, cavabdehin mübahisəli ünvanda faktik olaraq yaşamasını təsdiq etsə də, mənzildən çıxarılması tələbini onun orada qeydiyyatın olmaması, iddiaçının həmin mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş mülkiyyət hüququnun olduğu, artıq bir yerdə yaşamasının mümkün olmadığı ilə əsaslandırır. Cavabdeh etirazını həmin mübahisəli əmlakda faktiki olaraq 2013-cü il tarixdən yaşadığını, qeydiyyat olmasa da, əsl qeydiyyat Suraxanı rayonu, Balandin 42-də, o cümlədən polis idarəsinin ünvanında olduğunu, yaşamağa başqa yeri olmadığını, iki azyaşlı usaqların olduğunu, maddi tərəfindən tam olaraq iddiaçıdan asılı olduğu ilə əsaslandırır. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunur ki, mülkiyyət hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı).İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı)…… Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu.Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Hazırki mülki iş üzrə mübahisəli əmlaka münasibətdə tərəflər arasında hüquqi münasibətlər tərəflərin izahatlarına əsasən müəyyən edildiyi kimi 2013-cü il tarixdən yarandığından, həmin münasibətlərlə bağlı mübahisənin həlli üçün qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarının tətbiqi məqsədəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cu il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisidir, cavabdeh onun qızı olaraq mübahisəli mənzildə 2013-cü il tarixdən yaşamağa başlamaqla bu günədək həmin ünvanda iki azyaşlı uşaqla yaşayır, yaşamağa başqa yeri yoxdur. Qeydiyyatda başqa yerə olsa da, həm ünvan yaşayış sahə deyil, polis idarəsinin ünvanıdır. Yuxarıda göstərilən Mənzil Məcəllənin müddəalarını, eyni zamanda tərəflərin izahatları və məhkəməyə təqdim olunmuş iş materiallarını nəzərə almaqla, hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olsa da, onunla birgə yaşayan ailə üzvləri, o cümlədən iddiaçının qızı Cavabdeh mübahisəli yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir, buna görə mübahisəli ünvan 1 saylı fərdi həyət evindən və bu evin yerləşdiyi 0,2 ha torpaq sahəsindən çıxarıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edil Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-4323/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4323/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver