Məhkəmə qərarları › İş №2(010)-433/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-433/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-433/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X12 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı “mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların övladları 06.10.2017 təvəllüdlü X5, 23.01.2020 təvəllüdlü X3, 21.03.2003 təvəllüdlü X1 və 24.09.2006 təvəllüdlü X4 mülkiyyətçisi olduğu Bakı şəhəri,Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, ev 78, mənzil 15-ə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, lakin bildirişlər cavabdehlər həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildirişlər qeydiyyatda olduğu yer üzrə mənzil-kommunal istismar sahəsinə göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, evi Bayramova Şükufədən almış, lakin 20 il olarki həmin mənzildə yaşamasına baxmayaraq, orada daha əvvəl kimlərin yaşadığını, onların kim olduğunu bilmir. Belə ki, o, mənzili daha əvvəl almış, lakin rəsmi olaraq 2004-cü ildə sənədləşdirmişdir və həmin zamanlar mənzildə başqa heç kim yaşamamışdır. O, Cəbrayıldan məcburi köçkün düşəndən sonra gəlib orada məskunlaşmışdır. O, hətta mənzili almamışdan əvvəl Mənzil Kommunal İstismar Sahəsinə də müraciət etmiş, onlar orada heç kimin yaşamadığı bildirərək bu barədə arayışı da təqdim etmişdirlər. O, Asan xidmətə müraciət edən zaman mənzilində 3 nəfərin qeydiyyatda olduğunu öyrənmiş və dərhal məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun xeyrinə qətnamə qəbul edilmişdir. Qətnamə çıxarıldıqdan sonra yenidən Asan xidmətə müraciət etdikdə daha 4 nəfərin də qeydiyyatda qalmaları ona məlum olmuşdur. Həmin gündən 2-3 gün sonra yenidən müraciət etdikdə mənzildə əlavə olaraq 2 nəfərin də qeydiyyatda olduqlarını öyrənmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: X6 ilə İddiaçı arasında bağlanmış 06.05.2004-cü il tarixli AN-İ seriyalı ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanını İddiaçı satmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 198477 №-li Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 881 saylı reyestr kitabında 09.07.2004-cü il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 10.11.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, X10, X7, X2 və X8 Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Dövlət Notariat Arxivi tərəfindən 06.05.2004-cü il tarixdə 4Ə-2-254 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanının əvvəlki sahibi X6 olmuşdur. Razılıq ərizələrindən görünür ki, mənzildə qeydiyyatda olub yaşayanlar mənzilin satılmasına heç bir etiraz etməmişlər. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanını 06.05.2004-cü il tarixdə almışdır. Qeyd olunan mənzil İddiaçı adına 09.07.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halhazırda həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alqı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasalar da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar. Bununla yanaşı, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işdə, mülkiyyətçi ilə yanaşı onun ailə üzvləri onun bağladığı alqı-satqı müqaviləsinə hər hansı bir qeyd-şərt (onların həmin mənzildən istifadə hüquqlarının saxlanması şərti və s.) qoymadan, yazılı razılıqlarını bildirdikləri üçün, həmin müqavilənin özləri üçün yaratdığı mülki hüquqi öhdəlikləri, o cümlədən qeydiyyatdan çıxmaq öhdəliyini üzərlərinə götürmüş hesab olunurlar. Bununla yanaşı, onlar, satıcının “əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya vermək” öhdəliyini nəzərdə tutan müqaviləni dəstəkləməklə, mənzildən istifadə hüquqlarına könüllü və satıcının alqı-satqı müqaviləsində aldığı maddi əvəz müqabilində xitam verilməsinə razı olduqlarını nümayiş etdirmiş olublar. İş materiallarından göründüyü kimi, cavabdehlər üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itiriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X5, X3, X1 və X4 İddiaçı məxsus Bakı şəhəri, ünvan 1 ünvanında olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar