Məhkəmə qərarları › İş №2(010)-4332/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4332/2020

02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4332/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5B-də yerləşən 60 nömrəli mənzildən Cavabdeh və onun azyaşlı olan qızı X2 qeydiyyatdan çıxarılması və evdən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh və onun azyaşlı olan qızı X2 ona məxsus ünvan 1 ünvanına olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.2018-ci ildə Bakı şəhəri, Suraxanı rayon, Hövsan qəsəbəsi, Elçin Məmmədov küçəsi, ev 5B-də yerləşən 60 nömrəli mənzili alqı-satqı müqaviləsi əsasında X1 almışdır. Mənzildə qeydiyyat olan şəxsləri məhkəməyə müraciət edərək qeydiyyatdan çıxarmış, lakin yaşayış yerindən arayış aldığı zaman ona məxsus həmin mənzildə keçmiş ev sahibinin qızı olan Cavabdeh və onun azyaşlı olan qızı X2 qeydiyyatda qaldığını öyrənmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor-ipoteka saxlayan “xxxxxxxx” ASC, satıcı X3 və alıcı-ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 249298-NEDİJ-4735 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı X3 ünvan 1 ünvanında yerləşən mənzili alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 13337860 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2883 nömrəli reyestr kitabının 269027 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh və azyaşlı qızı X4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq göndərilmiş Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə/-607 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, ünvan 1 ünvanının əvvəlki sahibi X3 olmuşdur. Notariat işindən görünür ki, Cavabdeh müqavilə bağlanarkən ünvan 1 ünvanında qeydiyyatda olmuş və razılıq ərizəsi verərək mənzilin satılmasına heç bir etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, iddiaçı ünvan 1 ünvanını xx.xx.2018-ci il tarixdə almışdır. Qeyd olunan mənzili İddiaçı adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2883 nömrəli reyestr kitabının 269027 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Belə ki, alqısatqı müqaviləsi bağlandıqdan sonra cavabdehlər göstərilən ünvandakı fərdi yaşayış evində yaşamasalar da, formal olaraq bu mənzildə bu günə kimi qeydiyyatda qalmışlar. Bununla yanaşı, mülki və mənzil qanunvericiliyi mənzildən istifadə hüququnun itirilməsinin qanuni və müqavilə rejimini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsini, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsində daimi yaşamaq üçün başqa yaşayış yerinə getdiyi halda icarədar və ailə üzvlərinin keçmiş yaşayış sahəsindən istifadə hüququnun itirilməsini, yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsində mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda keçmiş ailə üzvünün həmin mənzildən istifadə hüququnun itirilməsi və s. kimi hallar nəzərdə tutulur. Eyni zamanda, Mülki Məcəllənin 386-cı maddəsi öhdəlik tərəfləri arasında bağlanmış müqaviləni öhdəliyin əmələ gəlməsi əsaslarından biri hesab edir. Həmin Məcəllənin 385.1.-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı işdə, mülkiyyətçi ilə yanaşı onun ailə üzvləri onun bağladığı alqı-satqı müqaviləsinə hər hansı bir qeyd-şərt (onların həmin mənzildən istifadə hüquqlarının saxlanması şərti və s.) qoymadan, yazılı razılıqlarını bildirdikləri üçün, həmin müqavilənin özləri üçün yaratdığı mülki hüquqi öhdəlikləri, o cümlədən həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən “müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini” üzərlərinə götürmüş hesab olunurlar. Bununla yanaşı, onlar, satıcının “əmlakı üçüncü şəxslərin hüquqlarından azad şəkildə alıcıya vermək” öhdəliyini nəzərdə tutan müqaviləni dəstəkləməklə, mənzildən istifadə hüquqlarına könüllü və satıcının alqısatqı müqaviləsində aldığı maddi əvəz müqabilində xitam verilməsinə razı olduqlarını nümayiş etdirmiş olublar. İş materiallarından göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirmədiyi üçün, iddiaçının bunu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itiriməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh və azyaşlı qızı X2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar