Məhkəmə qərarları › İş №2(010)-4354/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4354/2023

02.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4354/2023 02.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Samsun-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatları üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********001246711 nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirdi. Həmçinin işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 3354/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini qeyd etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etmədiyini bildirdi. Həmçinin Cavabdeh tərəfindən “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırıldığını və 2(010)-3354/2023 nömrəli həmin mülki işin daha əvvəl məhkəmənin icraatına daxil olduğunu bildirərək, məhkəmədən hazırkı işin həmin işlə bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, bu mülki iş (№ 2(010)-4354/2023) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş başqa bir mülki işlə (№2(010)-3354/2023) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-3354/2023 nömrəli mülki iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şirkətin işçilərinin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahədən çıxarılması və eləcə də əmlakına dəymiş maddi ziyan qismində 5000 manat pulun, dövlət rüsumu qismində ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda məhkəmənin icraatında olan 2(010)-4354/2023 nömrəli mülki işdən isə görünür ki, bu iş üzrə mübahisə də eyni tərəflər arasında, eyni torpaq sahəsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 169. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-4354/2023 nömrəli mülki iş həmin Məhkəmənin icraatında olan 2(010)-3354/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş (№ 2(010)-4354/2023) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh “X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işlə (№ 2(010)-3354/2023) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar