Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4355/2022 14.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi “şəxsin məhdud fəaliyyət qabiliyyəti hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1990-cı il təvəllüdlü X1 məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan Ərizəçi ərizə təqdim edərək, qardaşı xx.xx.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Ərizəçi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, qardaşına baxdığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
4. xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məhkəmə iclaslarında Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirmişdir ki, qardaşı X3 uşaqlıqdan psixoloji xəstəlikdən əziyyət çəkir və ona uşaqlıqdan anası baxır. Lakin anası vəfat etdikdən sonra bacıları baxmış, hazırda onlar da işlədiyi üçün 1 ildir ki onun yanında qalır, hər bir ehtiyacını o ödəyir. Qardaşı evdə normal olsa da evdən çıxdıqda qışqırır, əsəb keçirir hərəkətlərini idarə edə bilmir. Ümumiyyətlə, qardaşı təklikdə heç bir ehtiyacını ödəyə bilmir, hər bir köməkliyi qardaşına özü edir.
5. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyanın nümayəndəsi Nümayəndə xx.xx.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi.
İş materialları.
6. X6 X8 MRT müayinənin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X1 beynin sol yarımkürəsində, sol gicgah payda mediobazal 21x28 mm ölçüsündə malyasiya sahəsi aşkar olunur, yan mədəciklər assimetrikdir, hər iki maksilyar sinusda mukozal qalınlaşma qeyd edilir.
7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş R-15-099 №-li məktubdan görünür ki, Ərizəçi qardaşı X3 üzərində qəyyum təyin edilməsinə dair ərizəyə cavab olaraq məhkəməyə müraciət etməyinin məqsədəuyğun hesab edildiyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 22 noyabr 2022-ci il tarixli, 4187 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 Baş beynin üzvi xəstəliyi (keçirilmiş meninqoensefalit) nəticəsində meydana gələn ağır dərəcəli əqli gerilik formasında psixi xəstəlik müəyyən edilir. X2 hazırki müayinə zamanı müəyyən edilən Baş beynin üzvi xəstəliyi nəticəsində ağır dərəcəli ağıl zəifliyi, davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 onda müəyyən edilən Baş beynin üzvi xəstəliyi (keçirilmiş meninqoensefalit) nəticəsində meydana gələn ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.
İşin faktiki halları.
9. İş materiallarında olan sənədlərə və rəyə əsasən X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi.
12. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
13. Belə ki, tərəfin izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.1990cı il təvəllüdlü X3 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil.
Məhkəmə xərcləri.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.