Məhkəmə qərarları › İş №2(010)-4358/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4358/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4358/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilindən cavabdehlər Cavabdeh1 Mirzə qızının, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, 1997-ci ildə hal-hazırda yaşadığı və xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzili alqı-satqı yolu ilə almış və hal-hazırda həmin ünvanda yerləşən evdə yaşayır. Yaşadığı və qeydiyyatda olduğu özünə məxsus mənzilində onun heç bir qohumluq əlaqəsi olmayan mənzilin keçmiş sakinləri qeydiyyatdadırlar. O, cavabdehlərə dəfələrlə ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını söyləsə də, onlar onun müraciətlərinə əhəmiyyət verməmişlər. Bundan əlavə artıq xeyli vaxtdır ki, onlarla heç bir əlaqəsi yoxdur. Cavabdehlərin onun yaşadığı və ona məxsus mənzildə qeydiyyatda qalmaları onun üçün bir sıra problemlər yaradır. Cavahdehlərin həmin mənzildə pasport qeydiyyatında qalmaları ona əlavə kommunal xərclər ödəməyinə səbəb olur. Hazırda həmin mənzildə özündən və uşaqlarından başqa heç kim yaşamır. Lakin buna baxmayaraq mənzilinə dair sərəncam vermək hüququ məhdudlaşdırılmışdır. Qeyd edir ki, onların həmin mənzildə qeydiyyatda qalmalarına heç bir hüquqi əsas yoxdur və bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 117479 seriyalı xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzili xx.xx.1997-ci il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçı adına 460 nömrəli reyestr kitabının 66753 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.1997-ci il tarixli, 026638 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Asan 5 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Məmmədov X4 ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, İddiaçı ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanmış Bakı şəhəri 24 saylı dövlət notariat ofisində xx.xx.1997-ci il tarixdə 3M-A/8-930 reyesrt nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair nötariat işinin kserosurətindən görünür ki, Cavabdeh2 İddiaçı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 68, mənzil 54 ünvanında yerləşən, mənzilin 34.000000 (otuz dörd milyon) manata satılması barədə razılığa gəliblər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3faktiki olaraq ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilində yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ünvan 1 mənzil 54 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar