Məhkəmə qərarları › İş №2(010)-4391/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4391/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4391/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X5, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı icarə haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 134.140 manat (bir yüz otuz dörd min yüz qırx manat) məbləğdə icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya qarşı müqavilənin ləğv edilməsi, pul və havalandırma qurğusunun qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin ləğv olunması, İddiaçı cavabdeh tərəfindən təmirə çəkilmiş 500.000 manat məbləğdə pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi və ünvan 1 ünvanda yerləşən sahədə quraşdırılmış havalandırma qurğusunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 23.01.2020-ci il və 18.02.2021-ci il tarixli icarə müqavilələrinə əsasən, icarəyə verən ünvan 1 ünvanında yerləşən sahəni (Obyekt) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçiyə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış hər təqvim ayı üçün aylıq 20.000 manat məbləğində icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. Həmin icarə müqaviləsinin 4-cü maddəsinə əsasən cavbdeh hər ayın 3-cü təqvim günündən gec olmayaraq, icarə haqqını icarəyəverənin bank hesabına köçürməli olmasına baxmayaraq, 2020-ci ilin aprel ayından 2021-ci ilin mart ayı da daxil olmaqla cəmi icarə haqqını heç bir səbəb olmadan aylıq icarə haqının bir hisəsini ödəyib, qalan hissəsini icarəyəverənə ödəməmişdir. Bununla əlaqədar tərəflər arasında yazışmalar da olmuşdur. Cavabdeh müxtəlif maddi imkanının olmasını, hesablarında pulun olmamasını və sair bahanələr gətirərək icarə haqqını ödəmək istəmir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh MMC arasında 23 yanvar 2020-ci il və 18 fevral 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən icarəyə verən ünvan 2 ünvanında yerləşən sahəni İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəçi - “X12” MMC-yə icarəyə vermiş, icarəçi isə müqavilə ilə razılaşdırılmış, hər təqvim ayı üçün aylıq 20.000 manat məbləğində icarə haqqını icarəyə verənə ödənilməsini öhdəsinə götürmüşdür. ünvan 3 ünvanında yerləşən sahə icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmuş, cavabdeh tərəfindən tam olaraq yüksək səviyyədə təmir edilmişdir və həmin təmirə 500.000 manat məbləğdə vəsait xərclənmişdir. 18.02.2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 5.6-cı maddəsində qeyd olunmuşdur ki, icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda “İcarəçi” təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürmür. Göründüyü kimi, bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmədiyindən ünvan 4 ünvanında yerləşən sahənin təmiri üçün çəkilmiş 500.000 manat məbləğdə xərc İddiaçı tutularaq “X12” MMCyə ödənilməlidir. 17 dekabr 2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsində həmin bu bənd müqaviləyə salınmamışdır. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh MMC arasında 23 yanvar 2020-ci il və 18 fevral 2021-ci il tarixli icarə müqavilələrində qeyd olunan öhdəliklərə daima əməl etmişlər. Lakin, 2020-ci ilin mart ayında pandemiya şəraiti ilə əlaqədar olaraq bütün sahibkarlar, eləcə də cavabdeh maliyyə cəhətdən bir sıra sıxıntılar yaşamağa başlamışlar. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq iddiaçı ilə müəyyən güzəştlərin həyata keçirilməsi məsələsində şifahi razılığa gəlinmiş, lakin, 2021-ci ildə iddiaçı cavabdehin 134.140 manat borcun yarandığını və borcun ödənilməli olduğunu bildirmişdir. Bir müddət sonra isə ünvan 4 ünvanında yerləşən sahənin təhvil verilməli olduğunu bildirmişdir. Sözügedən məsələ ilə bağlı sonradan razılığa gəlinmişdir. Lakin, iddiaçı cavabdehi aldadaraq hazırda müqavilə pozulmadığı halda əmlakı digər şəxsə icarəyə vermişdir. Hətta, Cavabdeh MMC-yə məxsus 50.000 manat dəyərində havalandırma qurğusu ünvan 4 ünvanında yerləşən sahədə qalmasına baxmayaraq iddiaçı tərəfindən təhvil verilməsindən imtina edilmişdir. Pandemiya dövründə yaranmış şəraitlə əlaqədar olaraq icarə müqaviləsində göstərilən aylıq icarə ödənişi cavabdeh tərəfindən tam olmasa da cüzi miqdarda ödənilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən də göründüyü kimi, 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi cəmi icarə haqqı 260.000 ödənilməli olduğu halda Cavabdeh MMC tərəfindən müxtəlif vaxtlarda ödənilmiş məbləğlər toplanmaqla cəmi 125.860 manat məbləğdə ödəniş edilmişdir. Bundan əvvəl bağlanmış olan 23 yanvar 2020-ci il tarixli müqavilənin şərtlərinə cavabdeh tərəfindən tam əməl edilmiş və iddiaçı qarşısında hər hansı bir öhdəlikləri qalmamışdır. Bundan başqa, 18 fevral 2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsinin 8.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərin hər hansı biri fors-major hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzlətmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Göründüyü kimi, müqavilənin bu bəndinin şərtləri iddiaçı tərəfindən tamamilə pozulmuşdur. Tərəf mümkün dərəcədə vəziyyəti düzəltmək üçün heç bir güzəşt etməmişdir. Halbuki, koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul edilmiş müvafiq tədbirlər planı ilə sahibkarlıq subyektlərinə güzəştlər və əlavə dəstək tədbirləri nəzərdə tutulmuşdur. Bu güzəştlər dövlət əmlakı və dövlət torpaq fonduna aid sahələrin icarəsi, həmçinin sənaye məhəllələrində pandemiyanın mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən rezidentlərin icarə haqları ilə bağlı idi. Belə ki, dövlət əmlakını, dövlət torpaq fonduna aid torpaq sahələrini icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərindən 2020-ci ilin sonunadək icarə haqqı tutulmadığı qeyd edilmişdi. Ancaq nəzərə almaq lazımdır ki, obyektlərini iş adamlarma icarəyə verən sahibkarlar üçün də güzəştlər mövcüd idi. Belə ki, icarəyə verənləri pandemiya dövründə güzəşt etməyə stimullaşdırmaq üçün vergi qanunvericiliyinə dəyişikliklər edilmişdi. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il tarixli Qanuna əsasən 1 yanvar 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan dövr üzrə icarə haqqından tutulan vergilərə güzəşt edilmişdi. Belə ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilmişdi. Bütün bu sadalananlar ona işarədir ki, nə iddiaçı tərəfindən müəyyən güzəştlər olunmuş, nə də ki, fors-major vəziyyət 60 gündən artıq davam etdiyindən iddiaçı tərəfindən cavabdehə 15 iş günü öncədən yazılı müraciət edilməmişdir. Hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh MMC arasında bağlanmış 18 fevral 2021-ci il tarixli icarə müqaviləsinin ləğv olunmasını tələb edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verib ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil3 ilk iddia tələbini qəbul etməyərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarına əlavə edilən: - 23.01.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X8 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən obyekt icarəçiyə mağaza təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2020-ci il tarixdən başlayaraq 12 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. - 18.02.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Azay Xasay oğlunun əvəzinə Cavabdeh MMC-nin direktoru X8 ilə icarə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən obyekt icarəçiyə satış və sərgi salonu təyinatı üzrə istifadə etmək üzrə icarəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən icarənin müddəti 01 yanvar 2021-ci il tarixdən başlayaraq 11 ay müəyyən edilmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən icarəçi aylıq 20.000 manat məbləğdə icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. İşin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında icarə müqavilələri bağlanmışdır. İddiaçı müqavilə üzrə qalıq borc məbləğini, cavabdeh isə müqavilənin ləğv edilməsini, 500.000 manat məbləğdə pulun tutulmasını və quraşdırılmış havalandırma qurğusunun qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Normadan göründüyü kimi, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla, icarəçiyə (kirayəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan bəhər və gəlir götürmək imkanını təmin edir. Bu səbəbdən, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsində icarəçinin (kirayəçinin) əsas məqsədi icarəyə götürdüyü obyektdən müəyyən gəlir əldə etmək olur. Cavabdehin verdiyi qarşılıqlı iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdeh 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına kimi müqavilə üzrə ödənilməli olan 260.000 manat məbləğin cəmi 125.860 manatını ödədiyini qəbul edir. Məbləğin geri qalan hissəsini ödəyə bilmədiklərinə əsas olaraq isə 2020-ci ildən etibarən pandemiya səbəbi ilə fəaliyyət göstərə bilmədiklərini qeyd edir. 6 nömrəli müqavilənin 8.1-ci maddəsinə əsasən əgər tərəflərin hər hansı biri fors-major hal səbəbindən bu müqavilə ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilməzsə, fors major vəziyyət qüvvədə olan müddət ərzində bu hal müqavilənin şərtlərinin pozulması hesab edilmir. Fors-major hal baş verdikdə, tərəflər mümkün dərəcədə vəziyyəti düzəltmək üçün əlindən gələni etməlidir. Fors-major hal 60 (altmış) iş günündən artıq davam etdikdə, tərəflərin hər hansı biri digər tərəfə 15 (on beş) iş günü öncədən yazılı xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin məqsədləri üçün istifadə olunan “Fors Major” termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağlabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir. Gecikmə və ya öhdəliyin pozulması Fors Majorla əlaqədar olduqda buradakı öhdəliklərin yerinə yetirilməsində hər hansı gecikmə və ya pozulmaya görə heç bir tərəf məsuliyyət daşımır. Hazırkı mövcud vəziyyəti isə fors major hal kimi qiymətləndirmək olmaz. Çünki tərəf müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi, tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi, xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması kimi hallar mövcud deyil. Həmçinin pandemiya şəraiti 2020-ci ilin mart ayından etibarən davam etsə də, icarəçi müqavilənin 8-ci bəndində göstərilən 15 gün öncədən yazılı xəbərdarlıq etməklə müqaviləyə xitam vermək hüququndan istifadə etməmişdir. Hətta icarəçi pandemiya şəraitinin davam etdiyi 18.02.2021-ci il tarixdə yenidən icarə müqaviləsi bağlamışdır ki, bu hal da icarəçinin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini yerinə yetirə bilmək qabiliyyətinin olduğunun etirafi kimi qiymətləndirilməlidir. Əgər icarəçi həqiqətən də fəaliyyət göstərə bilməsəydi onda heç belə bir müqavilə bağlamaq niyyətində olmazdı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi haqlıdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 134.140 manat məbləğdə icarə haqqı tutulmalıdır. Qarşılıqlı iddia tələbinin müqaviləyə xitam verilməsi hissəsində məhkəmə qeyd edir ki, həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsinin əsasları və qaydası müqavilənin 6-cı maddəsində öz əksini tapmışdır. Tərəflər bu məsələni 1 ay əvvəldən yazılı bildiriş göndərməklə öz aralarında həll edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən müqavilə tərəflərdən birinin tələbi ilə yalnız o halda ləğv edilə bilər ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun. Hazırkı iş üzrə isə digər tərəfin belə bir pozuntusu müəyyən edilmir. Bundan başqa məhkəmə vurğulayır ki, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin onunla müqavilə münasibətlərinə xitam vermədən sözügedən obyekti başqa şəxsə icarəyə verdiyini bildirsə də, buna dair heç bir mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmirə çəkilmiş xərclərlə bağlı pul məbləğinin tutulması hissəsində də rədd edilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmədiyindən ünvan 4 ünvanında yerləşən sahənin təmiri üçün çəkilmiş 500.000 manat məbləğdə xərc İddiaçı tutularaq “X12” MMC-yə ödənilməlidir. 17 dekabr 2014-cü il tarixli 1 nömrəli icarə müqaviləsində həmin bu bənd müqaviləyə salınmamışdır. Məhkəmə müəyyən edir ki, sözügedən müqavilənin 6.1, 6.1.1 və 6.1.2-ci bəndlərinə əsasən icarəyə verən öz hesabına ümumilikdə obyekti əhatə edən kənar divarlar, struktur sütunları, dam və struktur döşəmələrin təmiri (bütün qapılar, qapı çərçivələri, mağazaların önü-vitrinlər, pəncərələr və şüşələr çıxılmaqla), obyektin üzərindən və ya altından keçən və digər icarəçilərin obyektlərinə xidmət göstərən (fərdi olaraq və ya obyekt daxil olmaqla digər sahələrlə birlikdə), lakin yalnız bu obyektə xidmət göstərməyən su-kanalizasiya, elektrik və ya mexaniki qurğuların təmirinin həyata keçirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq icarəyə verən tərəfindən aparılması tələb edilən təmir işləri çıxılmaqla, obyektdə və ya oradakı (yaxud obyektdən kənarda yerləşən, lakin obyektə xidmət göstərən) hər hansı qurğular və ya avadanlığın təmiri icarəçi tərəfindən onun öz hesabına aparılmalıdır. İcarəçi obyektin içərisini, o cümlədən oradakı (yaxud obyektdən kənarda yerləşən, lakin obyektə xidmət göstərən) bütün elektrik, su-kanalizasiya və digər mexaniki qurğuları, həmçinin obyektdəki isitmə, havalandırma və ventilyasiya sistemlərini işlək vəziyyətdə saxlamalı, təmir etməli və lazımi şəkildə əvəz etməlidir. Həmin müqavilənin 6.3-cü bəndinə görə icarəçi obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişikliklər etmək istədikdə (o cümlədən mağazaların önü, işarələr, struktur dəyişiklikləri, obyektin hər hansı hissəsinin kəsilməsi və ya qazılması, yaxud hər hansı qurğu, aparat və ya avadanlığın obyektin müəyyən hissəsinə bərkidilməsi), əvvəlcədən bu dəyişikliklərlə bağlı planlar və texniki sənədlər icarəçinin hesabına memar və ya digər müvafiq səriştəli şəxr tərəfindən hazırlanmalıdır və icarəyə verən tərəfindən təsdiqlənməlidir. Əgər belə bir razılıq əldə edilərsə, icarəçi planlarda və texniki sənədlərdə təsvir edilən işin öz hesabına və müvafiq səriştəyə və qanunvericiliklə tələb olunduqda lisenziyaya malik peşəkar şəxslər tərəfindən tez zamanda, səmərəli şəkildə, peşəkarcasına həyata keçirilməsinə başlayır və bu zaman ən yüksək keyfiyyətli materialların istifadə edilməsini və digər icarəçilərin və ya binadan istifadə edən digər şəxslərin fəaliyyəti üçün narahatlıq yaradılmamasını təmin edir. Bütün bu işlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparılmalıdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçının əsaslandığı müqavilədə icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərin dairəsi müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən məhkəmə müəyyən edir ki, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlər istisna olmaqla obyektin və ya oradakı hər hansı qurğu və avadanlığın təmirini, eləcə də obyektdə və ya onun istənilən hissəsində hər hansı düzəlişlər, yeniliklər, təmir, bərpa və ya digər dəyişiklikləri icarəçi öz hesabına həyata keçirməyi, sadalanan işləri həyata keçirməzdən öncə icarəyə verənin razılığını almağı öhdəsinə götürmüşdür. Qarşılıqlı iddia üzrə cavabdeh izahatında icarə obyektinin icarəyə götürülərkən tam təmirsiz vəziyyətdə olmasını və təmir işlərinin tam olaraq onun tərəfindən həyata keçirildiyini bildirsə də, bu hallar iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa icarəçi icarə obyektində hansı təmir işlərinin aparıldığı, icarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən hansıların icarəçinin özü tərəfindən həyata keçirildiyi barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İcarəyə verənin öz hesabına həyata keçirməyi öhdəsinə götürdüyü işlərdən başqa digər işlərə münasibətdə isə məhkəmə vurğulayır ki, həmin işlər müqavilə şərtlərinə görə icarəçinin hesabına həyata keçirilməlidir. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə həmçinin müəyyən edir ki, tərəflər arasında hazırda qüvvədə olan 18.02.2021-ci il tarixli 6 nömrəli icarə müqaviləsi ilə icarəçi icarə müqaviləsinin vaxtı bitdikdə və ya müqavilə ləğv olunduqda təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüş, həmçinin müqaviləyə bu şərtin yalnız həmin müqavilənin qüvvədə olduğu dövrdə aparılan təmir işlərinə aid olduğu barədə də qeyd-şərt daxil edilməmişdir. Tərəflər arasında münasibətlər 2014-cü ildən davam edən münasibət olduğundan və icarəçi qüvvədə olan sonuncu müqavilədə təmir ilə bağlı “İcarəyə verənə” heç bir tələb irəli sürməməyi üzərinə götürdüyündən məhkəmə hesab edir ki, o, ümumiyyətlə belə bir tələbi irəli sürməkdə haqsızdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmirə çəkilmiş xərclərlə bağlı pul məbləğinin tutulması hissəsində rədd edilməlidir. Qarşıqlı iddia üzrə iddiaçı icarə obyektində quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbi ilə də məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, sözügedən obyektdə ona məxsus havalandırma qurğusunun mövcudluğunu və quraşdırıldığını cavabdeh tərəf təsdiq edə bilməmiş, buna dair lazımı sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı icarə haqqının tutulması tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 134.140 manat (yüz otuz dörd min yüz qırx manat) məbləğdə pul tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, pul və quraşdırılmış havalandırma qurğusunun qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar